İnsanlara hürriyət, millətlərə istiqlal!

İran “şeytan ölkə” ilə sazişə susur - SENSASİON SƏBƏBLƏR

“Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyən Tehran rəsmiləri regiona onların düşmənlərinin gətirilməsinə susur; fars rejiminin riyakarlığı ortadadır - reaksiyalar

Ermənistanın son vaxtlar qarışıq xarici siyasət kursuna izah verməyə çalışan baş nazir Nikol Paşinyan qonşu dövlətlərlə münasibətlərdən danışıb. Onun sözlərinə görə, Ermənistanın “İran İslam Respublikası ilə əlaqələri həmişəkindən daha mənalıdır. Bu münasibətlər təbii maraqlara əsaslanır ki, bu da əməkdaşlığın ən etibarlı əsası və münasibətlərin sabitliyinin təminatıdır”. 

Maraqlıdır ki, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyən Tehran rəsmiləri Paşinyanın regiona onların düşmənlərini gətirməsinə susur. Aİ-dən sonra İrəvanın “şeytan ölkə” - ABŞ-la bu qədər yaxınlaşmasına kəskin reaksiya bildirməyib. Yalnız ümumi, şablon ifadələrlə kifayətlənib ki, ABŞ-la müqaviləyə də elə o cür reaksiya gözləmək olar. Halbuki Tehran qeyri-region dövlətlərinin bölgədə mövcudluğunu İran üçün qeyri-məqbul, “qırmızı xətt” sayır. O zaman indi niyə susur? 

Ekspertlərə görə, İran son zamanlar qeyri-adi siyasi hiyləgərlik nümayiş etdirir. İslam respublikası Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır, digər tərəfdən, Qərblə ortaq dil tapmaq üçün səylər göstərir. İran Rusiya ilə strateji tərəfdaşlığa, o cümlədən Moskvaya gizli missiyalar göndərməyə hazırlaşarkən, Tehran eyni zamanda Qərbə də müsbət siqnallar göndərir. Məsələn, İran prezidenti Məsud Pezeşkianın kampaniyasının rəhbəri və prezidentin nümayəndəsi Əli Abdolalizadə ABŞ-la birbaşa danışıqlara çağırıb. O, “İranın danışıqlara və dialoqa açıq olduğunu” söyləyərək, “məsələlərin həll olunmamış qalmasının mümkün olmadığını” vurğulayıb. Abdolalizadə milli maraqları qorumaq üçün vasitəçilərə arxalanmaqdansa, “birbaşa, dürüst və kişicəsinə” söhbətlərin aparılmasının vacibliyini vurğulayıb. O, İran hökumətinin Amerika rəsmiləri ilə birbaşa danışıqların zəruriliyi ilə bağlı konsensus əldə etməsindən məmnunluğunu ifadə edib.

Bundan əlavə, Trampın vəzifəyə başlamasına bir həftə qalmış İran Qərblə nüvə dialoqunu bərpa edir. Yanvarın 13-də İsveçrədə İranla Fransa, Böyük Britaniya və Almaniya arasında nüvə danışıqlarının ikinci raundu keçirilib. Bu danışıqların birinci raundu ötən ilin noyabrında baş tutub. Beləliklə, fars rejiminin ikiüzlü siyasəti ortadadır. Azərbaycanın İsraillə münasibətlərinə daima düşmən mövqe sərgiləyən Tehranın Ermənistanla bağlı münasibət bildirməməsini necə izah etmək olar? Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib ki, ABŞ-la xartiyanın imzalanması ölkənin İran və Rusiya ilə münasibətlərini pisləşdirəcək. Şarmazanov həmçinin qeyd edib ki, “mümkün ABŞ-İran münaqişəsi” halında ABŞ-la belə bir sazişin imzalanması Ermənistan üçün ciddi problemlər yaradacaq: “Təhdidlər azalmayacaq, əksinə, artacaq. Heç bir Qərb əsgəri Ermənistanın təhlükəsizliyini qorumağa gəlməyəcək. Qərb Ermənistan Respublikasının anti-Rusiya və anti-İran olmasını istəyir”.

Turab Rzayev: "ABŞ ilə strateji razılaşma Ermənistanı hərbi rəqabət  meydanına çevirə bilər" - Oxu.az

 Turab Rzayev

Siyasi şərhçi Turab Rzayevin fikrincə, İran-ABŞ münasibətlərinin qəribə xarakteri var. Onun sözlərinə görə, bu ölkələrin düşmən olub-olmadığı haqda, latent əlaqələr barəsində hələ də müxtəlif versiyalar səslənməkdədir: “Misal üçün, İranın keçmiş prezidenti Həsən Ruhani dövründə o vaxtkı xarici işlər naziri Cavad Zərif demişdi ki, ABŞ-la işləməliyik. Sonra Amerika demişdi ki, siz bizi dəstəkləməlisiniz, yoxsa bütün İran əhalisi türkcə danışacaq. Bununla İrana Türkiyə "təhlükəsi" göstərilmişdi. Belə bir təhdid var idi. Bugünlərdə də İran rəsmisi dedi ki, Suriya böhranının həlli üçün Amerika ilə əməkdaşlıq etməliyik. Yəni Tehran Vaşinqtonla işbirliyinə gedərək Türkiyəyə qarşı bu bölgədə siyasət yürüdür. Halbuki ayrı vaxta ABŞ-ı “böyük şeytan” adlandırırlar, İsraili yer üzündən silməklə hədələyirlər. Amma Suriyada Amerika ilə əməkdaşlıq edilir, PKK-ya 1500 dron göndərilir. Bəs sən ABŞ-la necə düşmənsən? O baxımdan, İran indi ABŞ-a özünü Ermənistanın bölgədəki əsas hamisi kimi təqdim edir". 

Analitikin fikrincə, Tehrandan Vaşinqtona deyilir ki, “Ermənistan xristian dövlətidir, amma xristian Rusiya onu regionda tək qoyub, amma mən müsəlman ölkə olsam da, İrəvanı müdafiə edirəm, buna görə hətta Azərbaycanla münasibətləri pozuram, "qırmızı xətt"lər qoyuram". Belə desək, İran bu hekayəni Amerikaya satmağa çalışır. Çünki Azərbaycan işğala son qoymaqla öz sərhədlərini bərpa etdi, İran isə sərhədlərimizə qoşun yığıb təlimlər keçirdi, bizi hədələdi, guya “sionist rejim” bizimlə İran sərhədlərinə yerləşib, indisə fakt Amerika Ermənistanla İran sərhədinə qüvvə göndərir, Tehranın səsi də çıxmır. Deməli, İranın ABŞ-dakı müəyyən qüvvələrlə Ermənistan məsələsində ortaq nöqtələri var. Ancaq bütün hallarda ABŞ-ın bu kontingentini İranla sərhədə göndərməsi Tehran rejimini narahat edəcək. Bəli, bu baza İran üçün indi təhlükə olmaya bilər, amma gələcəkdə İsrailin İranı vurması baxımdan fars rejimi Ermənistandakı bu bazadan narahatdır".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluna görə, Tehran Ermənistanın hətta “şeytan” adlandırdığı Amerika ilə hərbi əməkdaşlığına da dözümlü yanaşmağa hazırdır, yetər ki, bunun Azərbaycana zərəri olsun: “Bölgədə baş verənlərə çevik reaksiya verməliyik, ümidimizi yalnız Donald Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verəcəyinə bağlamamalıyıq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun yeni dövlət katibi, hər zaman ermənilərin mövqeyini müdafiə edən və Azərbaycan əleyhinə açıqlamalar verən senator Marko Rubio ilə strateji tərəfdaşlıq sazişi imzalamasını çətin təsəvvür etsək də, oxşar sənədin Bakıya da təklif edilməsi ehtimalını diqqətdə saxlamalı və bundan imtina etməməliyik. Bütün hallarda əsas məsələmiz şərtlərimiz daxilində il ərzində Ermənistanı sülh sazişini imzalamağa təşviq etmək olmalıdır”.

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

 Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Rusiya və İran üçün ciddi çağırış olan bu saziş fonunda ölkəmizi dəfələrlə təhdid edən cənub qonşumuzun reaksiyası Tehranın mövqeyini açıq-aşkar göstərmiş olacaq: “Sözsüz ki, əgər bu reaksiya sərt olmasa, sərhədlərlə bağlı ölkəmizə qarşı sərt ritorikadan istifadə edən Tehran Zəngəzurda ABŞ hərbçilərinin İran sərhədçiləri ilə üz-üzə durmasına ən sərt üsullarla cavab verməsə, Azərbaycan ictimaiyyətində ciddi gülüş obyektinə çevriləcək. Öz növbəsində, əminəm ki, qonşuların dişsizliyi, ABŞ və Ermənistanın isə çevik davranışları fonunda, Azərbaycan regional sabitlik və ilk növbədə dövlət təhlükəsizliyinin qorunması üçün Zəngəzur mövzusunu özü həll edəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR