İnsanlara hürriyət, millətlərə istiqlal!

İran “Putin NATO”sunda? - Solovyovun təklifi 

Regionun üç nəhəng dövlətinin liderləri Tehranda nələri müzakirə etdi; Ərdoğan İran liderləri ilə görüşdə mühüm mesajlar verdi; politoloq: “Tehran NATO-ya qarşı olduğu kimi, gizli formada KTMT-yə də qarşıdır”

Türkiyə, Rusiya və İran prezidentlərinin iyulun 19-da baş tutan Tehran görüşü əvvəlcədən böyük marağa səbəb olmuşdu. Üçtərəfli görüşün Suriyadakı vəziyyətin müzakirəsi çərçivəsində baş tutacağı bildirilirdi.

Yazı çapa hazırlanana qədər görüşün detalları barədə hər hansı məlumat yox idi. Amma xəbər mənbələrinin bildirdiyinə görə, Tehranda İran prezidenti İbrahim Rəisi ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. İran prezidenti türkiyəli həmkarını “Sədabad” sarayında qarşılayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Ali Rəhbəri Əli Xameneyi ilə də görüşüb. Görüş zamanı ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib. Görüşdə İran prezidenti İbrahim Rəisi iştirak edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə birgə mətbuat konfransı zamanı deyib ki, PKK-YPG, FETÖ və digər terror təşkilatları həm Türkiyə, həm də İranın baş bəlasıdır. (APA) O qeyd edib ki, iki ölkə bu terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır. Ərdoğan Türkiyə və İranın müdafiə sənayesi, neft-qaz sahəsində də əməkdaşlığı artırmaq üçün potensialın olduğunu əlavə edib. Türkiyə prezidenti Tehranda Türkiyə, İran və Rusiya liderlərinin Astana prosesi çərçivəsində baş tutacaq iclasının da önəmli olduğunu vurğulayıb.

ƏRDOĞANLA XAMENEYİ GÖRÜŞDÜ- TEHRANDA

R.T.Ərdoğan İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneyi ilə görüşdə deyib ki, biz İrana qarşı sanksiyaların əleyhinəyik. O bildirib ki, İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir: “Biz həmişə İrana qarşı birtərəfli sanksiyaların əleyhinə olmuşuq və olacağıq. Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İranın haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana sərmayə qoymağa təşviq edirik”. R.T.Ərdoğan qeyd edib ki, Suriyada terrorçu qruplaşmalar Almaniya, İngiltərə, Fransa və xüsusilə də ABŞ kimi Qərb dövlətləri tərəfindən ciddi şəkildə dəstəklənir: “Türkiyənin Suriyanın ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir, biz Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik”. Ərdoğan deyib ki, Tehranda keçiriləcək Astana prosesi sammitində Suriya məsələsi gündəmdədir və yaxşı nəticələr əldə edəcəklərinə ümid edirlər. İran və Türkiyə arasında əməkdaşlıq sənədləri imzalanıb. İran və Türkiyə prezidentlərinin iştirakı ilə bir sıra əməkdaşlıq sənədləri və anlaşma memorandumları imzalayıb.

Bu memorandumlar sosial təminat müqaviləsi sahələrini, diplomatik əməkdaşlıq, idman və gənclər, sənaye, radio və televiziya sahəsində əməkdaşlıqları əhatə edir.

Tehranda üçlü zirvə - Rusiya, Türkiyə və İran razılığa gələ biləcəkmi? -  pia.az

Qeyd etdiyimiz kimi, Tehranda İran, Rusiya və Türkiyə liderlərinin görüşünə diqqət böyükdür. Bu mövzuda xüsusilə rusiyalı ekspertlərin fəallıqları diqqət çəkir. Əsas müzakirə mövzularından biri isə üç ölkənin gələcəkdə mümkün hərbi ittifaqı barədədir. Məsələn, Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, Ankara-Moskva-Tehran oxunun formalaşdırılması gələcəkdə yeni ittifaqlar qurmaq və yeni məqsədlərə nail olmaq faydalı olardı. Solovyov isə müəllifi olduğu proqramda İranın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmasının bu hərbi blokun güclənməsinə səbəb ola biləcəyini deyib. Kremlə yaxınlığı şübhə doğurmayan Solovyovun bu təklifi təsadüfdür, yoxsa Moskvanın həqiqətən də belə bir istəyi ola bilər? Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya İranla ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxarmağı planlaşdırır. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi yeni dövlətlərarası saziş imzalamağa hazırlaşırlar və Tehranda keçiriləcək görüşdə bu saziş müzakirə ediləcək. Uşakov qeyd edib ki, İran Rusiyanın mühüm tərəfdaşıdır və Moskva ilə Tehran arasında münasibətlər uzun tarixə malikdir. Ukrayna müharibəsindən sonra Rusiya bu hərbi bloku gücləndirmək niyyətini gizlətmir. Yeri gəlmişkən, Rusiya Türkiyəni də bu ittifaqda görmək istəyir. Bu yaxınlarda Rusiya Dövlət Dumasının təhlükəsizlik komitəsinin üzvü Adalbi Şxaqoşev belə təkliflə çıxış edib. “Yeni ölkələrin NATO-ya daxil olması ilə bağlı qərar alyansın parçalanmasına gətirib çıxara bilər. Belə halda Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq haqqında düşünə bilər. Mən artıq demişəm ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması alyansın parçalanmasına səbəb ola bilər. Bu baş verərsə, biz Türkiyənin KTMT-yə daxil olmasını gözləyirik”, - Şxaqoşev deyib. Parlamentarinin sözlərinə görə, “Ərdoğan ciddi siyasətçidir. Türkiyənin KTMT ilə əməkdaşlığı beynəlxalq təhlükəsizlik vəziyyətini yeni istiqamətə çevirə bilər”. Qoşulmama Hərəkatında təmsil olunan İranın KTMT-yə qoşulması nə qədər realdır? Yeni dünya düzənində, NATO blokunun yeni dövlətlər hesabına gücləndiyi bir vaxtda Tehranın belə bir istəyi ola bilərmi?

Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”- Tural İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-İran münasibətləri hər zaman bir çox komponenti ilə öz fərqliliyini qoruyub: “Əvvəla, nəzərə almaq lazımdır ki, İran və Rusiyanı qlobal siyasi məkanda birləşdirən bir çox siyasi komponentlər mövcuddur. Bunlar daha çox rəqabətə meylli yarımmüttəfiqlikdir: 1) Rusiya və İran Qərb basqılarında daim vahid cavab mövqeyi hazırlayırlar. Onlar yaxşı başa düşürlər ki, iki regional siyasi oyunçunun bəzi məsələlərdə birliyi təkcə müqavimət yaratmır, həm də imperializmə qarşı siyasi barrikada formalaşdırır. 2) İran və Rusiyanın iqtisadi manevrlər üçün bir-birinə daim ehtiyacı var. Sanksiyalar və müxtəlif dövrlərdə təklənmələr hər iki ölkədən iqtisadi müttəfiqlik mövqeyi tələb edir. 3) İran və Rusiya bölgədəki strateji ehtiyatlara malikdirlər. Rusiya və İranın hansısa bir formada bir-birindən qopmağı mümkünsüzdür. Amma həm də vacib faktordur ki, İran və Rusiyanın bir-birini həzm etmədiyini dərk edək. Birincisi, İran Rusiyanın Ukrayna müharibəsinə görə qarşılaşdığı situasiyada öz gərgin olan vəziyyətini daha da gərginləşdirmək istəmir. İkincisi, İranın nüvə ehtiyatları təkcə Qərbin yox, Rusiyanın da maraqlarını ehtiva etmir. Rusiya İranın siyasi nüvə gücünü regionda özünə qarşı təhlükə sayır. Üçüncüsü, İran və Rusiya Asiyada tək güc olmaqlarını qəbul edə bilmirlər. Rusiya fərqindədir ki, İranın nüvə arsenalını zənginləşdirməsi rəsmi Moskvanın maraqlarına da təhlükədir”.

T.İsmayılov bildirdi ki, hazırda İran Rusiya arealına yaxın ölkələrə sirayət etməyə çalışır: “Rusiya da bunun fərqindədir, ona görə də özəlliklə Mərkəzi Asiya da daxil olmaqla, İranın təsir gücünün artmasını istəmir. Burada ən maraqlısı odur ki, Türkiyə faktoru istəməsələr belə, Rusiya və İranı Ankara ilə hesablaşmağa vadar edir. Türkiyə İranla məsafəli əlaqələri dərinləşdirmək istəyir. Elə Ərdoğanın 3+3 təklifi də İranla həm də əməkdaşlığı ehtiva edir. İkincisi, Türkiyə şiə mərkəzli İranın Atatürkçü sekulyarizmə sahib çıxan sünni çoxluqlu Türkiyəni həzm etmədiyinin fərqindədir. Amma eyni zamanda etibarlı NATO üzvü, qonşu kimi Türkiyə İran tərəfindən maraqla qarşılanır. Mən hesab edirəm ki, Tehranda Putin-Ərdoğan-Rəisi üçlüyünün görüşü bir çox yenilikləri ilə fərqlənəcək. İndiki məqamda İranın KTMT üzvlüyü real görünmür. İran Qoşulmama Hərəkatının üzvü kimi Rusiyanın patronajlığı olan bloklarda aktiv ola bilməz. Bu baxımdan hansısa ortaq addımlar atılsa da, KTMT üzvlüyünün reallığı istisnadır. Tehran NATO-ya qarşı olduğu kimi, gizli formada KTMT-yə də qarşıdır. Rusiya İranı öz liderliyi olan bir təşkilata cəlb etmək istəyir. Amma nəticədə İranın bunda o qədər maraqlı olmayacağını güman edirəm”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR