Onlayn ictimai-siyasi qəzet
Son günlər İranın kütləvi qırğın silahlarından istifadə edəcəyi ilə bağlı iddialar səslənir. Rəsmi Tehran bu iddiaya cavab verib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib ki, İran kütləvi qırğın silahlarının tətbiqindən imtina siyasətinə sadiqliyini bir daha təsdiqləyir.
Musavat.com xəbər verir ki, XİN rəsmisi İran İslam Respublikasının siyasətinin kütləvi qırğın silahlarından qəti şəkildə imtina etməklə bağlı olduğunu bildirib.
“Bu qərar ali rəhbərin fətvasına əsaslanır. Xarici mətbuatın bu mövqeyə heç bir təsiri yoxdur. İran öz müdafiə doktrinasına əsaslanaraq bu siyasəti hər zaman davam etdirəcək”, - deyə Baqai deyib.
Oktyabrın 9-da İran parlamentinin üzvü Həsənəli Əxlaki Əmiri bildirib ki, 39 nəfərlik bir qrup qanunverici İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına rəsmi məktub göndərərək, İsrailin təhdidləri fonunda müdafiə doktrinasına yenidən baxılmasını və nüvə silahının yaradılmasına icazə verilməsini xahiş edib.
Oktyabrın 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələni şərh edərkən qeyd edib ki, Moskva Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qiymətləndirmələrinə əsaslanaraq, Tehranın nüvə proqramının ötürülməsinin hərbi istiqamətə yönəldiyini qeydə almayıb.
Qeyd edək ki, 2003-cü ildən ali rəhbərin fətvasına əsasən, İslam dininə zidd olduğu üçün İranda nüvə silahı istehsalı qadağan edilib. İran siyasətçiləri bunu milli nüvə proqramının sırf dinc xarakterli olmasının arqumenti kimi göstərirlər.
Nigar HƏSƏNLİ,
Musavat.com
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ