Onlayn ictimai-siyasi qəzet
Son günlər saxta estetik cərrahlar mövzusu gündəmdədir. Jurnalist, ANS TV-nin 2015-ci ilədək ABŞ-dakı bürosunun rəhbəri olan Qənirə Ataşovanın İnstaqram səhifəsində 49 həkimin diplomunun saxta olması ilə bağlı paylaşımı cəmiyyətdə ciddi şok effekti yaratdı. Bəlli oldu ki, jurnalistin siyahısını paylaşdığı şəxslərin əksəriyyəti tanınmış həkimdir, onlara müraciət edən xanımların sayı kifayət qədər çoxdur. Jurnalist “Azərbaycanın estetik cərrahiyyəsinin üzü” başlığı ilə paylaşdığı siyahıda yer alan 49 cərrahın rüşvət qarşılığında sertfikat əldə etdiyini qeyd edirdi:
“2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Sual yaranır: Bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?
Cavab sadədir, əziz oxucu! Səhiyyə Nazirliyinə “səmimi” bir rüşvət — düz, 30 min manat ödəyib, “möcüzəvi şəkildə” estetik cərraha dönüşmək mümkündür. Nazirlik 30 min manata dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra böyük mükafatla geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” iddiası ilə çıxış edirlər.
Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm, insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyi Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”, - deyə o iddiasında bildirib.
Musavat.com mövzu ilə bağlı araşdırma edib və estetik cərrahiyənin dəbdə olduğu ölkələrin siyahısını hazırlayıb. Bəlli olub ki, dünyanın müxtəlif ölkələrində cərrahlar tərəfindən hər il 11 milyondan çox plastik əməliyyat edilir. Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyətinin son məlumatlarına görə, 2019-cu ildə həyata keçirilən əməliyyatlarda liderlər Braziliya (1,5 milyon), ABŞ (1,4 milyon) və Meksika (581 min) olub. Rusiya 483 min əməliyyatla Hindistanı (395 min), Türkiyəni (352 min), Almaniyanı (336 min), İtaliyanı (314 min) qabaqlayaraq dördüncü yerdədir. Cəmiyyətin hesabatında qeyd olunur ki, dünyada əməliyyatların sayı 2018-ci ildən 7,1%, 2015-ci ildən isə 20,6% artıb.
Müəyyən bir ölkədə işləyən plastik cərrahların sayına görə ABŞ (6,9 min) və Braziliya (6 min) liderlik edir. İlk beşliyə Çin, Yaponiya və Cənubi Koreya da daxildir (hər yerdə - 2,5 mindən 3 minə qədər cərrah). Qlobal tibbi turizm bazarının 2027-ci ilə qədər 273,72 milyard dollara çatacağı proqnozlaşdırılır.
Dünyada kosmetik turizmlə tanınan ölkələr var ki, onlardan biri də Türkiyədir. Macarıstan, Çexiya, Cənubi Koreya, Polşa və İspaniya kimi digər ölkələr də xarici pasiyentlərin axtardığı müxtəlif plastik cərrahiyyə prosedurları üçün əlverişli yerlər hesab olunur. Bəzi ölkələr saç transplantasiyası, döş böyütmə və rinoplastika kimi prosedurlarda ixtisaslaşır, digərləri isə diş işində, bariatrik cərrahiyyədə və müxtəlif tibbi prosedurlarda üstündür. Buna görə də bilmək lazımdır ki, hər bir ölkə hər prosedur üçün ən yüksək keyfiyyətli xidmət təklif etmir.
Dünyada ən çox yayılmış plastik əməliyyat sinə böyütmə əməliyyatıdır. Əməliyyatların ümumi sayının 15,8 %-i sinə böyütmə əməliyyatının payına düşür. Liposaksiya (15 %), blefaroplastika (11,1 %) və abdominoplastika (8,1 %) əməliyyatları isə daha az populyardır.
Kişilərdə ən populyar cərrahi plastik əməliyyat ginekomastiya əməliyyatıdır. Güclü cinsin nümayəndələri arasında bu əməliyyatın payına əməliyyatların 17,9 %-i düşməkdədir.
Bir çox ölkədəhəmçinin ən çox görülən əməliyyat burun korreksiyasıdır. Üstəlik, həm kişilər, həm də qadınlar arasında məşhurdur. Bu ölkələrdə rinoplastika çox vaxt tibbi səbəblərə görə deyil, estetik səbəblərə görə edilir.
Omba və döş böyütmə Latın Amerikası ölkələrində ən populyar əməliyyatdır. Cənubi Amerikada yetkinlik yaşına çatmış qızlara plastik əməliyyat üçün sertifikatlar verilir.
Cənub-Şərqi Asiya göz qapaqlarının korreksiyası əməliyyatlarında liderdir. Burada gözəllik kanonuna açıq dəri (salam kosmetoloqlar!) və geniş göz forması daxildir. Və bu əməliyyatlar həm kişilər, həm də qadınlar arasında eyni dərəcədə populyardır. Qocalıq yaşının hər onillikdə irəlilədiyi ölkələrdə üzün cavanlaşması üçün plastik əməliyyatlar geniş yayılıb.
Bütün qadağalara baxmayaraq, İranda plastik cərrahiyyə hər gün daha da populyarlaşır. Hətta İslamın sərt qanunları belə yerli qadınların xarici görünüşlərini yaxşılaşdırmağa mane olmur. Aparılan plastik əməliyyatların sayına görə İran Avropa ölkələrindən heç də geri qalmır və İranın paytaxtı Tehran qeyri-rəsmi olaraq “dünyanın rinoplastika paytaxtı” adını alıb.
Bəs hansı ölkələrdə plastik əməliyyatlar baha, hansılarda ucuzdur?
ABŞ və ya Böyük Britaniyada bu xidmətlər çox bahadır və sağlamlıq sığortası estetik prosedurların xərclərini ödəmir. Ucuz plastik cərrahiyyə məsələsi adətən ABŞ, Böyük Britaniya, Kanada və bəzi Avropa ölkələrinin sakinlərini narahat edir. Bu ölkələrin klinikaları estetik əməliyyatların qiymətini Türkiyə, Meksika və Tailanddakından 3-5 dəfə baha təklif edirlər.
Beynəlxalq Estetik Plastik Cərrahiyyə Assosiasiyası estetik cərrahiyyəni üç kateqoriyaya ayırır: döş, üz və bədən prosedurları. Onların hamısı Türkiyədə mövcuddur. Türkiyə yüksək keyfiyyətli tibbi xidmətləri və nəticələrini qoruyaraq, plastik əməliyyat keçirmək üçün dünyanın ən ucuz yerlərindən biri olaraq qalır. ISAPS-in məlumatına görə, Türkiyədə hər gün 2000 plastik, estetik və diş əməliyyatı edilir. Bookimed-in məlumatına görə, Türkiyənin plastik cərrahiyyə klinikalarında qiymətlər dünyada ən aşağı qiymətlər sırasındadır.
Türkiyədə plastik cərrahiyyə sənayesi sürətlə inkişaf edir və ümumi və plastik cərrahiyyə avadanlıqları bazarının 2024-cü ildən 2029-cu ilə qədər 5,74% artaraq 2029-cu ilə qədər 408,9 milyon dollara çatacağı gözlənilir.
Sinənin böyüdülməsi Türkiyədə 2-5 minarası, Böyük Britaniyada 6 -10 min arası, ABŞ-də isə 6-15 min dollar arasıdır. Rinoplastikada isə qiymətlər belədir : Türkiyədə 2-4 min, Böyük Britaniya 5-9 min, ABŞ-də isə 6-10 min dollar arasıdır.
Bəs plastik əməliyyatlar hansı fəsadları verə bilər?
Əməliyyatın aparıldığı bölgədə həssaslığın azalması mümkündür. Bu, sinir uclarının zədələnməsi ilə əlaqədardır. Əksər hallarda əvvəlki toxuma həssaslığı plastik əməliyyat anından altı ay ərzində geri qayıdır.
Çapıq. Təəssüf ki, tikişlər və sonrakı çapıqlar istənilən cərrahi əməliyyatın ayrılmaz hissəsidir. Ancaq təcrübəli cərrah əməliyyatı elə etməyə çalışır ki, ondan gələn izlər gözə dəyməyən yerlərdə olsun və minimal olsun. Bundan əlavə, çapıqların lazerlə yenilənməsini edə bilərsiniz, nəticədə onlar demək olar ki, görünməz olacaqlar.
Xroniki patologiyaların kəskinləşməsi bş verə bilər. Bunu proqnozlaşdırmaq çox çətindir, çünki hər bir insanın bədəni fərdidir. Bununla belə, təcrübəli plastik cərrah xroniki xəstəlikləri olan xəstələr üçün xüsusi terapiya hazırlaya biləcək.
Stress və digər psixoloji problemlərin olması da qaçılmazdır. Təəssüf ki, bütün xəstələr plastik əməliyyatdan sonra sağalma müddətindən xəbərdar deyillər.
Dünyanın tanınmışları da plastik əməliyytlardan yan keçməyiblər
Hollivud ulduzu Ancelina Coli burun əməliyyatı və yanaq sümüklərinin formasının korreksiyasını etdirib. Aktrisa Meqan Foks yanaq sümüklərinə, dodaqlarına və burnuna əl gəzdirib. Aktrisa Viktoriya Bekhem də burnunu əməliyyat etdirib. Plastik əməliyyatın köməyi ilə ulduz Demi Mur burnunu, çənəsini, dodaqlarını və sinəsini gözəlləşdirib. Türkiyənin gözəllik etalonu sayılan Türkan Şoray üzündə xeyli estetik əməliyyatlar keçirib. Azərbaycanda isə sənətçilərin 80-90 faizi plastik əməliyyat etdirib.
Şahanə Rəhimli
Musavat.com
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ