İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran Azərbaycanla bağlı siyasətində dəyişiklik etməlidir”- siyasi şərhçi  

“İran üçün əsas problemli məsələlərdən biri regionda geosiyasi mənzərənin dəyişməsidir. Azərbaycanın işğal altında olan ərazilərini azad etməsi, həmçinin, Azərbaycanın Türkiyə və İsrail ilə münasibətlərinin güclənməsi, müttəfiqliyin yaranması İranın ölkəmizlə bağlı siyasətini səciyyələndirir və Tehranın Azərbaycana qarşı hazırkı aqressiv siyasətinə rəvac verir”.

Bu fikirləri Topçubaşov Araşdırmalar Mərkəzinin rəhbəri Rusif Hüseynov Musavat.com-a İran rəsmilərinin Azərbaycana dair ziddiyyətli açıqlamaları ilə bağlı şərh verərkən bildirdi:

“Tehran əvvəldən də Bakıya o qədər də etibar etməsə də, hər zaman Qarabağ məsələsinin Azərbaycanın bütün enerjisini alacağını güman edirdi. Düşünürdü ki, Azərbaycanın başı hər zaman Qarabağla qarışıq olacaq. Qarabağ münaqişəsi sonlanmaq üzrədir, Azərbaycan və Ermənistan münasibətlərin normallaşması haqqında düşünürlər. Ola bilsin ki, tez zamanda bu məsələ ilə bağlı yeni bir səhifəyə keçid edəcəyik. Belə olan halda isə İran bölgə, xüsusilə Azərbaycanla bağlı siyasətində korrektlər etməlidir. İranda paranoyyaya səbəb olan amillərdən biri Güney Azərbaycan məsələsidir. Bununla bağlı uzun illər hökumət səviyyəsində İranı qıcıqlandıracaq hər hansı ritorikadan istifadə etməkdən və hərəkətlərdən çəkinilib. Son hadisələr belə təəssürat yaradır ki, İranın hərəkətlərinə reaksiya olaraq Azərbaycan güneydə yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıb”.

R.Hüseynov münasibətlərin gərginləşməsində kənar qüvvələrin rolu olduğunu istisna etmir:

“Ola bilsin ki, regionda yaxud da regiondan kənarda olan qüvvələr İranda yaşayan etnik azərbaycanlılarla bağlı kartdan istifadə etsinlər. Bu isə istənilən halda İranın Azərbaycan Respublikasına qarşı etibarsızlığını, inamsızlığını yaradır. Ötən ilin payızında sərhəddə hərbi təlimlərin keçirilməsi dövlətlərarası münasibətlərdə krizis yaratmışdı. 1 ildən sonra oxşar vəziyyət yaranıb. Görünən budur ki, bu krizislər Azərbaycan və İran münasibətlərində xroniki hal ala bilər. İranın Azərbaycana qarşı siyasəti normallaşanda adekvat cavab veriləcək. Sadaladıqlarım faktorlar səbəbindən Qarabağ, Güney Azərbaycan, eyni zamanda Azərbaycanın sünni Türkiyə və yəhudi İsrail dövləti ilə münasibətləri İran tərəfindən xoş qarşılanmır. Əksinə, Azərbaycana qarşı inamsızlığı aqressiyanı artırır. Buna görə də gələcəkdə münasibətlərin normallaşması arzuolunan olsa da, bunu reallaşdırmaq çətin ola bilər. Hətta iki dövlət arasında xroniki böhranların şahidi ola bilərik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR