İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycan xalqının maraqlarını təmin etməsə... - rəylər

İranda artıq 4 aydan çoxdur ki, molla rejimi əleyhinə mitinqlər keçirilir. İran rejiminə qarşı sanksiyaların tətbiqi də davam etdirilir. Belə ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi İranda Britaniya vətəndaşı Əlirza Əkbərinin edam edilməsindən sonra bu ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeriyə sanksiya tətbiq etmək qərarına gəldiyini bildirib. Britaniya Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar açıqlama verib. “Britaniya-İran vətəndaşı Əlirza Əkbərinin edam edilməsindən sonra Britaniya İranın baş prokuroruna qarşı sanksiya tətbiq edib. Əlirza Əkbəri İran rejimi tərəfindən edam edilib. İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri İran məhkəmə sisteminin ən güclü simalarından biridir, məhkəmə prosesi və ölüm hökmünün icrasına cavabdehdir”, - açıqlamada bildirilib.

Nazirlik sanksiyalara Montazerinin aktivlərinin dondurulmasını və Britaniyaya səyahət qadağasının daxil olduğunu vurğulayıb. Açıqlamada qeyd olunub ki, Britaniya İran rejimini məsuliyyətə cəlb etməyə davam edəcək.

Yeri gəlmişkən, İran parlamenti ictimai mədəniyyət şurası  yaradacaq. Onun səlahiyyətlərinə hicabın məcburi geyinilməsi məsələsinə baxmaq daxildir. İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri bu barədə açıqlama verib: “İran parlamentinin Mədəniyyət komitəsində xüsusi olaraq hicabla bağlı məsələlərlə məşğul olmaq üçün işçi qrup təşkil edilib. Mədəniyyət məsələlərini müzakirə etmək üçün yaradılan İctimai Mədəniyyət Şurası hicab məsələsi ilə bağlı universal sxem hazırlayır. Qanunda aydın olmayan və ya qeyri-konstruktiv məqamlar varsa, biz parlamentdə kömək etməyə hazırıq”.

Bu arada, Güney Azərbaycan Milli Müqavimət Cəbhəsi Cənubi Azərbaycanın bütün şəhərlərində divarlara posterlər yapışdırmağa başlayıb. Şair və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun Musavat.com-a verdiyi məlumata görə, etirazçılar İran dövlətinə son fürsəti verib. “Azərbaycan dili, Urmiya gölünün qurudulması və s. məsələlərlə bağlı. Əgər son fürsətdə İran dövləti Azərbaycan xalqının maraqlarını təmin etməsə, Cənubi Azərbaycanda kütləvi şəkildə etirazlara start veriləcək”, - S. Aruz bildirib.

Güneylilər bununla nəyəsə nail ola biləcəklərmi?

VİDADİ MUSTAFAYEV YAZIR: – Azərbaycan Ruznaməsi

Vidadi Mustafayev: “Etirazların müsbət nəticə verməsi üçün müxalifət qüvvələri birləşməli idi”

İranşünas mütəxəssis Vidadi Mustafayev “Yeni Müsavat”a dedi ki, yalnız posterlə hökumətə təsir etmək mümkün deyil: “Güneylilər bu prosesdə zəif iştirak edirlər. Çox iş görmək lazımdır. Aylardır ki, insanlar küçələrdə etirazlar edirlər, nəyəsə nail ola bilmirlər. Bir posterlə nəyəsə nail olunacağına inanmıram. Amma hər halda, Cənubi Azərbaycanda baş verən istənilən milli hərəkata dəstək vermək lazımdır. Əsas dəstəkdir. İranda farslarla azərbaycanlıların dialoqu tutmadı. Etirazların müsbət nəticə verməsi üçün müxalifət qüvvələri birləşməli idi. Milli məsələdə onlar birləşmədi. Milli azlıqların tələbləri, ehtiyacları nəzərə alınmır. Ona görə milli rayonlar bir tələb irəli sürürlər, mərkəzi rayonlar isə başqa tələb irəli sürürlər. Zahirən spontan bir şey görünür. Yenə deyirəm cənubi azərbaycanlıların fəaliyyəti heç görünmür. Təbrizdə, Ərdəbildə bir-iki dəfə etiraz aksiyası oldu. Əgər İran mediasına inansaq, hazırda orada tam sakitlikdir”.

Ekspert İranda son günlər baş verənləri ümumi belə səciyyələndirib: “Dövlət mediasında etirazlar bitib, ancaq həbs olunanlardan, məhkəmələrdən danışırlar. Amma xarici mediada etirazlar hələ də davam edir. Bu ikisini birləşdirəndə inqilabın bitdiyini demək olmur. Zəifdir, amma davam edir”.

Qabil Hüseynli - Teleqraf.com

Qabil Hüseynli: “Güney azərbaycanlıların bütün potensialı işə salınsa, molla rejimini bir neçə günə süpürüb tarixin zibilliyinə atmaq olar”

Tanınmış politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İrandakı inqilabi proseslərdə Güney azərbaycanlıların iştirak səviyyəsi arzuolunan səviyyədə deyil: “İranda baş verən bütün dəyişikliklərin aparıcı qüvvəsi, lokomotivi həmişə güney azərbaycanlılar olub. Bugünkü inqilabi vəziyyətdə tutaq ki, bəlucların, hətta ərəblərin inqilabi prosesdə iştirakı güneyliləri müəyyən qədər üstələyir. Bütün bunlara görə də Mahmudəli Çöhrəqani də bildirir ki, Güney azərbaycanlının inqilabi proseslərdə iştirakı arzu edilən səviyyədə deyil. Buna həm təşkilatlanma səviyyəsi, liderlərin qıtlığı, üstəlik də Xameneyinin azərbaycanlı olması və onun azərbaycanlıların mövqeyinə müxtəlif vasitələrlə təsir göstərməsi müəyyən rol oynayır. Xaricdəki dünya azərbaycanlılarının təşkilatları isə hələ ki bu əraziyə daxilı ola bilmir. Və o səbəbdən də təşkilatlanmada inqilabi hərəkatın vüsətini qaldırmaqda onların potensialından lazımınca istifadə edilmir. Bir var, canlı təmas, bir də var televiziya çıxışları. Televiziya çıxışları ilə insanların şüurunu, fikrini aydınlatmaq olar. Amma canlı təmaslarda onlara hədəfləri göstərmək və bəzi məqamlarda özlərinin nümunə olması böyük rol oynaya bilərdi. Əlbəttə, bununla mən demək istəmirəm ki, güneylilər proseslərdə tam passivdirlər, bu ola bilməz. Amma bütövlükdə yekdil fikir bundan ibarətdir ki, əgər güney azərbaycanlıların bütün potensialı işə salınsa, düşünürlər ki, tam işə salınmayıb, işə salınsa, molla rejimini bir neçə gün ərzində süpürüb tarixin zibilliyinə atmaq olardı. Ona görə də Güney Azərbaycanda ciddi siyasi izahatların, siyasi maarifləndirmənin aparılmasına böyük ehtiyac var. Bununla bağlı ideoloji siyasi proseslərin təşkilinə ciddi ehtiyac var. Nəticə etibarilə inqilabi proseslərin Güneydə ən ucqar bölgələrə qədər gedib çatmasına şərait yaradılması vacibdir. Amma heç kim inqilabi proseslərdə güneylilərin iştirakından naümid deyil. Onlar belə hesab edirlər ki, Güneydə də proseslər sürətlə dərininə işləməlidir. Əhalinin bütün təbəqələrini əhatə etməkdədir. Bu proses dərinə işlədikcə inqilabi hərəkətlərin vüsət almasının da sürətlənməsini görəcəyik. Belə demək mümkündürsə, İrandakı inqilabi proseslər yüksələn xətt üzrə inkişaf etməkdədir. Güneyin fəalları da maksimum qüvvə sərf edirlər ki, bu prosesdə inqilabın avanqardı kimi güney azərbaycanlıları önə çıxsın və prosesləri bir növ idarə etsin. Hələ ki bu proses bir qədər asta sürətlə gedir, amma prosesin sürətlənməsinin və bildiyimiz hədəflərin tutulmasının mütləq şahidi olacağıq”.

Politoloq əlavə edib ki, üney azərbaycanlılar əvvəlki dövrlərdə 1905-1907, 1917-1918-ci illərdə  Xameneyi inqilabında olduğu kimi yenə də İrandakı inqilabi proseslərin ön cərgəsində gedəcək: “Bu dəfə güneylilər Urmiya gölünün qurumasının qarşısının alınması, ana dilində həm dərslərin keçirilməsi, həm radio-televiziya verilişlərinin verilməsi kimi məsələlərdən daha çox müstəqil dövlət, Bütöv Azərbaycan və buna bənzər başqa şüarlarla çıxış etməyə başlayacaqlar. Hər halda, Urmiya gölü ilə yanaşı vacib olan ana dilinin məktəblərdə, universitetlərdə tədrisi məsələsi həll olunarsa, əlbəttə, bir neçə addım qabağa keçmiş olacaq”.

Sabir Rüstəmxanlı: “Görəsən, Azərbaycana bu qədər həkim, müəllim lazımdır?"  - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini belə izah edib: "Azərbaycan Milli Müqavimət Cəbhəsində kimlər var, nə işlərlə məşğuldurlar, hansı planları var, o barədə məlumatım azdır. Bəlkə də çox iş görürlər, bizim xəbərimiz yoxdur. Dünya Azərbaycanlıları Konqresinin (DAK) fəaliyyəti soruşularsa, cavab verə bilərəm. Bizdə olduğu kimi, güneylilərin də təşkilatları, partiyaları bəzən iş görməkdənsə, işin pozulmasına xidmət edir. İndi mən bunu Milli Müqavimət Cəbhəsinə aid etmək istəmirəm. Amma ümumiyyətlə, yaxşı olardı ki, bütün bu müxtəlif təşkilatlar iş görmək istəyənləri xırda liderlik iddiaları ilə parçalanmalara yol verməsinlər. Əksinə bütün təşkilatlar bir araya gəlsinlər. Eyni düşüncədə olan adamların bir yerə toplaşması yaxşı olardı. Ümumiyyətlə, Güney Azərbaycanla bağlı həm diasporamızın, güneyli dostlarımızın gördüyü işlərin istənilən nəticəni verməməsi hamımızı ağrıdır. Səbəbləri də göz qabağındadır. Təəssüf ki, bizim Avropada, Amerikada yaşayan güneylilər gözəl adlar altında xırda qruplara bölünürlər, nəticədə ciddi bir iş görə bilmirlər. Avropada, dünyada bizim xalqın haqqını çatdıran və müxtəlif beynəlxalq təşkilatlarla ardıcıl işləyən bir ciddi təşkilatımız yoxdur. Bunu etiraf etməliyik. DAK uzun illər bu sahədə səmərəli fəaliyyət göstərdi, indi də davam etdirir. Amma ona da alternativ yaratmağa çalışırlar. İmkan vermədilər ki, bu təşkilat normal fəaliyyət göstərsin. Hər yerindən duran da deyir, “mən DAK yaratmışam”. Bu cür çaşqınlıqla əslində İran rejiminə xidmət etdilər. O vaxt Azərbaycan üzərindən istəyirdilər ki, DAK-ı susdursunlar, DAK-ı Azərbaycandan kənarda işləyən bir təşkilata çevirsinlər. Hər halda, Azərbaycan Prezidentinin bir kəlməsi bu iddiaların üstündən xətt çəkdi və göstərdi ki, Güneydə baş verən hadisələr məhz Azərbaycanın da problemidir".

Güneydə posterlərin vurulmasına gəlincə, millət vəkili dedi ki, oradakı hərəkatların içərisində öz liderləri var, öz tanınmış şəxsləri var: “İranda gedən proseslərin Güney Azərbaycanda dəstəklənməsi daxildəki qüvvələrin və onlara xaricdən dəstək verən bizim ayıq diaspor təşkilatlarının ümumi razılığı ilə olur. Hər halda, bütün güc ortaya qoyulmadı. Bunun səbəbləri çoxdur. Bir səbəbi odur ki, həmişə hərəkatlar bizdən başlayıb. "Səttar xan", “Xiyabanı”, “Pişəvəri” hərəkatları da Güney Azərbaycandan başlayıb. Sonra da xarici qüvvələr xəyanət ediblər, Güney Azərbaycan düşmən qoşunu ilə təkbətək qalıb. Bu hərəkatlar da məğlubiyyətlə nəticələnib. Liderlərimiz, seçilmiş adamlarımız asılıb, vəhşiliklə qətlə yetiriliblər. Hərəkatdan başqa hədəfə keçiblər. Məsələ burasındadır ki, İrana başçılıq edən insanların çoxu bu gün elə türkdür. Güney azərbaycanlıların bir qismi hesab edir ki, İrana başçılıq edənlər bizim adamlardır. Onların da təbii qohum-əqrəbaları var, bu hərəkatın Azərbaycana yayılmasına bir əngəl olur. İranda əsas məsələ rejimin dəyişilməsidir. Bu, təkcə azərbaycanlıların, türklərin istəyi ilə həll olunan məsələ deyil. İranda cahillik, adamları qorxutmaq kimi insanlığa sığmayan cəza üsulları çoxdur. İnsanlar bir daha aldanmaq istəmir. Ona görə də İranda olan bütün xalqların gücü birləşməlidir. Bir yerdə bu rejimin dəyişilməsi haqqında mübarizə aparılmalıdır. Bu yolun zəruri olduğunu İranda artıq hər kəs başa düşür. Rejimin getməsi bu gün zəruridir. Eyni zamanda bu gün Güneydə müqavimətdən daha çox dirçəlişdən söz getməlidir. Müqavimət burada gedən proseslərin mahiyyətini əks etdirmir. Nə qədər müqavimət göstəririk, amma ortada nəticə yoxdur. O cümlədən, dirçəlişdən, milli aktların bərpa olunmasından söhbət getməlidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR