İnsanlara hürriyət, millətlərə istiqlal!

İran aşa nə tökürsə, qaşığına da o çıxır

Tehran rejiminin və onun proksi güclərinin regiondan qovulması prosesi başlayıb

İran hakimiyyəti Yaxın Şərqdə ABŞ və İsrailə qarşı müharibə aparır. Çətinə düşəndə də regionda baş verən silahlı qarşıdurmalarla əlaqəsin olmadığını bildirir. Ancaq HAMAS-İsrail müharibəsində Livandakı “Hizbullah”ın və Yəməndəki husi qiyamçılarının yəhudi dövlətinə qarşı müharibə elan etməsi, Tehran hakimiyyətinin isə onları dəstəkləməsi fərqli mənzərə ortaya çıxarır.

Məlum olur ki, Tehran rejimi bu üçlüyə İsrailə qarşı döyüşmək üçün xeyir-dua verib. Çünki İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolu 30 ildən artıqdır, xarici ölkələrdə proksi qüvvələr hazırlamaqla məşğuldur. Onları hazırlayandan sonra İran rəhbərliyi həmin qruplaşmaları maliyyə, hərbi-siyasi cəhətdən dəstəkləyir. Bununla da regionda yaradılan münaqişəni kənardan idarə edir.

Müharibədə birbaşa iştirak etməyən Tehran HAMAS-ı dəstəklədiyini, ona yardım etdiyini əslində gizlətmir də. Bu siyasi-hərbi birləşmənin, “Hizbullah”ın və ya husilərin liderləri İranın dövlət rəsmiləri, məsələn, Xamənei səviyyəsində qəbul edilir. İran hərbi təlimçiləri İraq, Suriyada ABŞ-nin raket atəşləri nəticəsində həyatını itirir.

Bu günlərdə Sepah-ın Qüds qolunun komandanı general İsmayıl Kaani bildirib ki, Fələstin müqaviməti (oxu – HAMAS) öz planı və qərarı üzrə gedir: “Hazırda müqavimət hərəkatları bütün bölgələrdə müstəqil və uyğun strukturlara malikdir”.

Qüds qoşunu xarici kəşfiyyat məsələləri və Xomeyninin “islam inqilabı doktrinasının” xarici ölkələrdə yayılması, habelə bu ideyaya uyğun təşkilatların quruması ilə məşğul olur. Məlumatlara görə, o, həm də müxtəlif ölkələrdə “islam müqavimət hərəkatlarını” yaradır, təlimatlandırır.

İsmayıl Kaani və İranın başqa rəsmiləri belə strukturlar, yaxud “hərəkatlar” yaratdıqları üçün kənardan arxayınlıqla açıqlamalar verir, törədilən münaqişələrdə İranın əli olmadığını bildirirlər.

Məsələn, Xamənei HAMAS lideri İsmayıl Həniyənin qəbul edəndə bildirmişdi ki, İsrailə hücumdan xəbərsiz olublar, müharibədə iştirak etmirlər, ancaq bu “hərəkatı” dəstəkləyirlər.

Yeri gəlmişkən, oxşar qruplaşmanı islam respublikasının Bakıdakı nümayəndəsi höccətülislam Əliəkbər Ocaqnejat Azərbaycan Respublikasında “5-ci kolon” yaratmaqla hazırlayırdı. Buna nail olmasa da onun əməllərinin izləri qalmamış deyil.

Bundan başqa, İran hakimiyyəti Qumda təhsil alan müxtəlif ölkələrin vətəndaşlarından ibarət qruplar hazırlayır. Onları öz dövlətlərinə qarşı mübarizəyə yönəldir. İraq, Suriya, Tacikistan, Əfqanıstan və başqa ölkələrdə, yaxud ölkələr üzrə onun qrupları fəaliyyət göstərir.

Bununla o, həm də başqa ölkələr üçün hazırladıqları “Kataib Hizbullah”, “Həşdi Şəbi”, husi, “Zeynəbiyyun”, “Fatimiyyun”, “Hüseyniyyun”, “İraq İslam Müqavimət Hərəkatı” və başqa belə qruplaşmaların gələcək fəaliyyətinə görə məsuliyyət daşımayacaqları ismarışını verib.

Yanvarın 3-də İranın Kerman əyalətində Qasim Süleymaninin ölmünün 4-cü ildönümünə həsr edilən mərasimə silahlı hücum Tehran rejimin törətdiyi əməllərin nəticəsi də sayıla bilər. Hakimiyyət Tacikistanla etnik yaxınlığı bəhanə edərək, bu ölkədə də öz ideyalarını yaymaqla məşğul olur.

Bir neçə il əvvəl Tacikistan Prezident Emaməli Rəhmon ölkə vətəndaşlarını təhsil almaq üçün bu ölkəyə getməməyə çağırmış, orada təhsil almağı yasaqlamışdı.

Tehranın iddiasına əsasən, Kermandakı partlayış törədənlərdən ikisi Tacikistan vətəndaşıdır. Bunu taleyin məzəmməti, “nə əkərsən, onu biçərsən”, yaxud “Təsir əks təsirə bərabərdir” qanunu ilə də izah edib, bumeranq effekti kimi də dəyərləndirmək olar. Odur ki, İranda törədilən silahlı hücumlar və partlayışlar Tehran rejiminin “verdiyi dərslərin, təlimatların” “icrasıdır”.

İranın Suriya və İraqda ABŞ-nin hərbi bazalarını hədəfə alması qarşı tərəfin də cavabına səbəb olur. Tehran bu ölkələrdə, Yəməndə və Qəzza zolağında Amerika Birləşmiş Ştatları və İsraillə müharibə edir. Yəni yaxasını kənara çəksə də bütün göstəriciləri ilə baş verənlərdə İran hakimiyyətinin izləri görünür.

Ancaq deyəsən, HAMAS-İsrail müharibəsindən Tehran öz payını götürür. Bu savaşda uduzduqlarını hissi edən Seyid Əli Xaməneinin proseslərin gələcəyindən bəhs etməsi də bunu təsdiqləyir. O, “X” səhifəsində İsrailin dünya xəritəsindən silinməsi “məsuliyyətini” gələcək nəslin üzərinə qoyub. Bildirib ki, İsrail hakimiyyətinin (o, “sionist rejimin” yazıb – S.S.) “cinayətləri” unudulmayacaq, hətta bu rejim yer üzündən “silinsə”də onun əməlləri kitablarda yazılacaq. Xaməneinin bu ismarışı ivrit dilində yazılıb.

HAMAS-ın Qəzza zolağından, İsraildən çıxarılması İranın və onu müdafiə edən qüvvələrin regiondan qovulmasının başlanğıcı da ola bilər. Bu ismarış həmin proses üçün açıqlama sayıla bilər.

İsrailin baş naziri Benyamin Netaniyahu isə bildirib ki, beynəlxalq məhkəmələrin qərarları onlar üçün qəbuledilməzdir və onlar HAMAS-a qarşı müharibəni axıradək aparacaq, Qəzza zolağını radikal silahlı qruplaşmalardan azad edəcəklər.

Sedreddin-soltan.jpg (48 KB)

Sədrəddin Soltan,
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri,
siyasi şərhçi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR