Onlayn ictimai-siyasi qəzet
Trampın andiçməsindən sonra Ukrayna prezidenti ilə yolların ayrılacağı, sonra münaqişəni nizamlama prosesinin yeni rəhbərlə qurulacağı iddia olunur - nə dərəcədə realdır...
Ukrayna-Rusiya savaşının hansı formada bitəcəyi haqda müxtəlif versiyalar səsləndirilir. Tramp prezident səlahiyyətlərinin icrasına başlayandan sonra fərqli proseslər gedəcəyinə dair proqnozlar üstünlük təşkil edir.
O iddialar da var ki, artıq detallar bəllidir, kim haradadırsa orada dayanacaq və bu, faktiki olaraq Ukrayna ərazilərinin ilhaqı deməkdir. Bəzi mənbələr isə bildirir ki, Zelenski bu variantla razılaşmaya bilər, ona görə də öncə Ukraynada prezident seçkisinin keçirilməsi gündəmə gələcək. Yəni öncə Qərb Zelenski ilə sağollaşacaq və yeni nizamlama yeni Ukrayna prezidenti ilə qurulacaq. Əgər Zelenski buna dirəniş göstərərsə, müharibə daha da şiddətlənə və Rusiyaya daha böyük əraziləri tutmaq şansı yaradıla bilər.
Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 19-da Ali Radada etdiyi çıxışında müharibə şəraitində seçkilərin keçirilməsinin hüquqi olaraq mümkün olmadığını vurğulayıb. “Qanun müharibə zamanı seçki keçirilməsinə icazə vermir. Buna görə də Ukrayna əvvəlcə ədalətli və davamlı sülhə nail olmalıdır. Yalnız bundan sonra biz ədalətli seçkilər keçirəcəyik”, - deyə Zelenski bildirib. O əlavə edib ki, Ukrayna sülhə yönəlmiş siyasətini davam etdirəcək və müharibə sona çatdıqdan sonra xalqın iradəsi ilə seçkilərə gedəcək. Yeri gəlmişkən, Zelenski Ukraynada hərbi vəziyyət rejiminin və səfərbərliyin 2025-ci il fevralın 7-dək uzadılmasını nəzərdə tutan qanunu imzalayıb. O deməkdir ki, ən azı fevrala qədər seçkilər olmayacaq. Yanvarın 20-də isə Tramp and içir və işinə başlayır. Lakin onun dərhal atəşkəsə nail olacağı gözlənilmir. Qərb nəşrləri və analitiklər müharibənin hələ bir neçə ay da uzanacağını proqnozlaşdırırlar.
Seçkilərə gəldikdə, son bir ildə keçirilmiş müxtəlif sorğulara əsasən Zelenskinin reytinqi yüksəlməsə də, sürətlə aşağı düşməsi də müşahidə edilmir. Onun rəqiblərinin də populyarlığı yoxdur. Respondentlərin prezidentdən gözləntisi kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirmək, komandasını yeniləmək, əhalinin rifah səviyyəsini artırmaqla bağlı islahatlar həyata keçirməkdir. Müharibəyə münasibətdə isə ukraynalılar qələbənin tərəfdarıdır və işğala son qoyulmasını istəyirlər, nəinki Zelenskinin hansısa təslimçi akta imza atmasını, yaxud ərazi güzəştinə getməsini...
“Ukraynaya müdafiə təchizatı üçün yeni təkan lazımdır”. Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski ilə görüşdən sonra xalqa videomüraciətində bildirib. Zelenski vurğulayıb ki, Ukrayna yeni təkanı dekabrda təmin etməlidir: “Prioritetlər göz qabağındadır. Cəbhədəki prioritetlərimiz Pokrovsk, Kuraxovo, həmçinin Kursk əməliyyatıdır. Tərəfdaşların dəstək paketi yüksək qiymətləndirildi. Kifayət qədər vaxtında həyata keçirilib. Elan olunanların həcminin razılaşmalarımıza və ehtiyaclarımıza cavab verməsi vacibdir”.
Zelenski daha əvvəl bildirib ki, Ukrayna 2025-ci ilin yanvarında Trampdan sülh planı almağı gözləyir. Məlumat üçün deyək ki, Zelenski 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində, yəhudi ailəsində anadan olub. Kiyev Beynəlxalq İqtisadiyyat Universitetinin hüquq fakültəsini bitirib. Teatra hələ uşaq yaşlarından maraq göstərib, orta məktəbdə KVN-də iştirak edib. Ali məktəbdə təhsil aldığı illərdə “Kvartal 95" adlı komediya qrupu yaradıb. 2019-cu ilin may ayının 20-də o, 73,2%-lik əzici bir üstünlüklə prezident seçilib. Seçkidən sonra Zelenski vədini yerinə yetirmək üçün Ukraynanın şərqində 14 mindən çox insanın ölümünə səbəb olmuş savaşı durdurmağa cəhd edib. Əvvəlcə razılaşma əldə etməyə çalışıb.
Rusiya ilə əsirlərin mübadiləsi, o cümlədən Minsk razılaşması kimi tanınan sülh prosesinin bəzi maddələrinin icrası barədə danışıqlara start verilib. Rusiya prezidenti Vladimir Putinin Ukrayna separatçılarının nəzarəti altındakı ərazilərdə yaşayanlara Rusiya pasportu verməsi razılaşma prosesini dayandırıb. 2020-ci ilin iyul ayında atəşkəs imzalansa da, müxtəlif yerlərdə döyüşlər davam edib. Bundan sonra Zelenski Ukraynanın Avropa Birliyinə və NATO-ya üzv edilməsi tələblərini daha yüksək səslə dilə gətirməyə başlayıb və bu, Putini qəzəbləndirib.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova Zelenskinin hər bir halda tarixə düşdüyü qənaətindədir. Onun sözlərinə görə, müharibəni o başlatmayıb, onun ucbatından da olmayıb, hər şey 2013-cü ildən baş qaldırmış etirazlar, Avromaydan hərəkatı, ardınca Krımın ilhaqı, Luqansk və Donetskdə separatizmlə bağlıdır: “Zelenski təhrikçi addımlar atmamışdı, amma bəzi öhdəliklər götürmək mümkün idi. Sadəcə, Ukrayna böyük tortdur və onu bölüşdürmək istədilər. Əslində 90-lardan bu proses başlanıb. Qərblə Rusiyanın uzunmüddətli bir geopolitik mübarizəsi gedir, onun ən böyük platsdarmı isə Ukrayna oldu”. Ekspert Zelenskinin seçkidə qalib gəlməsi ehimalını da istisna etmir: “Əvvəla, rəqibin kim olacağı önəmlidir. Heç bir halda ruspərəst namizəd Ukraynada prezident seçilməyəcək. Rusiya bu ölkəni və xalqı itirdi. Orada yeni Yanukoviç yetişdirmək mümkün deyil. O baxımdan, Zelenskinin seçkilərdə rəqibinin kim olacağı əhəmiyyətli faktordur. Əgər Qərb onun yerinə daha praqmatik bir siyasətçi ortaya çıxarsa və xalqın rəğbətini qazana bilsə, həmin namizəd münaqişənin həlli ilə bağlı konsensus göstərə bilsə, o zaman seçkini uda bilər. Ancaq bu müddət ərzində Ukrayna müharibədə dönüş edə bilsə, müəyyən uduşlu nəticələr qazanılsa, Zelenski seçicilərin qarşısına daha əmin şəkildə çıxacaq və rəqibini məğlub edəcək, Putinə uduzmadığını xalqa nümayiş etdirəcək. Bunun üçün döyüş meydanında Zelenskinin rəhbərliyi altında bəzi nəticələr qazanılmalı, Kursk əməliyyatının uğurlu olduğu sübuta yetirilməli, Ukrayna məhz onun prezidentliyi dönəmində Avropa İttifaqına üzv qəbul edilməli, qaçqınlar evlərinə qayıtmalıdır ki, Volodimir seçkilərdə platformasını təqdim edə bilsin. Əgər kapitulyasiyaya bənzər bir atəşkəs olacaqsa, status-kvo cəbhədə rusların xeyrinə saxlanacaqsa, Zelenskiyə "yaxşı yol" deyilməsi mümkündür".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ