Onlayn ictimai-siyasi qəzet
Dünya təcrübəsi göstərir ki, balanslaşdırılmış maliyyələşmə modelləri həm media azadlığını, həm də vətəndaş cəmiyyətinin inkişafını təmin edə bilər
Müasir dünyada informasiya və təbliğat savaşı getdikcə güclənir. Bu səbəbdən bir çox ölkələrdə media və ictimai fəallığın artırılması prioritetlər sırasındadır. Bəllidir ki, postmüharibə dövründə Azərbaycana qarşı informasiya təxribatları, ideoloji basqılar çoxalıb. Bu hücumların qarşısında isə açıq şəkildə əsasən media və QHT-lər dayanmağa çalışır. Ötən dönəmlərdə bu sektorun önəmi ciddi şəkildə özünü göstərdi. Əlbəttə, Azərbaycanda media və vətəndaş cəmiyyəti institutlarından gözləntilər çoxdur. Bu sahələrin problemləri də kifayət qədərdir.
Peşəkarlaşma, xarici missioner dairələrlə mübarizə üçün dil bilgilərinin artırılması da daim müzakirə olunur. Ancaq təəssüflə qeyd edilməlidir ki, media və QHT-lərin inkişafı, xərclərinin ödənməsi üçün dövlət büdcəsindən çox az vəsait ayrılır.
2025-ci ildə kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə 65,1 milyon manat maliyyə yardımı nəzərdə tutulur.
İllərdir ki, bu vəsaitdə ciddi bir artım yoxdur. 2025-ci il dövlət büdcəsi zərfində qeyd edilən bu göstərici 2024-cü illə müqayisədə 0,3 faiz çoxdur. Bu artım da əsasən TV-lərə sərf olunacaq. Televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsaitə gəlincə, növbəti ilin büdcə layihəsinə əsasən, bu istiqamətdə xərclər 67 746 5710 manat təşkil edəcək. 2025-ci ilin dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün (QHT-lər üçün qrant müsabiqələri də daxil olmaqla) 7,4 milyon manat vəsait ayrılması planlaşdırılır. Büdcə proqnozlarına əsasən, QHT-lərə ayrılan vəsaitdə 8,5 faiz artım nəzərdə tutulub.
Media və QHT sektorunun inkişafı vacib olduğu halda bu artımlar yetərlidirmi?
Bu sahəyə vəsaitlər ayrılarkən müzakirələrə media və QHT sektorunun problemlərini bilən şəxslərin, qurumların qatılması da faydalı ola bilər.
Ümumiyyətlə, illərdir, mütəxəssislər vurğulayırlar ki, Azərbaycanda media və qeyri-hökumət təşkilatlarına (QHT) büdcədən ayrılan vəsaitlərin artırılması məsələsi ölkədə vətəndaş cəmiyyəti, demokratik institutların möhkəmləndirilməsi və ictimai nəzarətin gücləndirilməsi baxımından aktualdır. Media və QHT-lər vətəndaş cəmiyyəti institutlarının əsas hissəsidir. Onların daha güclü maliyyə dəstəyi alması ictimai nəzarəti artırır, şəffaflıq və hesabatlılığı təşviq edir.
Xüsusilə regional medianın inkişafı və yerli QHT-lərin dəstəklənməsi əhaliyə birbaşa təsir edən problemlərin işıqlandırılmasını təmin edə bilər. Müxtəlif media qurumlarına və QHT-lərə ayrılan vəsait onların müstəqilliyini artıraraq daha müxtəlif informasiya mühitinin yaranmasına kömək edə bilər. Bu, sağlam rəqabət və fikir plüralizminə şərait yaradır. QHT-lər sosial problemlərin araşdırılması, təhsil, səhiyyə və digər sahələrdə layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Onların maliyyə resurslarının artırılması bu sahələrdəki boşluqların doldurulmasına yardımçı ola bilər.
Media və QHT sektorunda maliyyə dəstəyinin artması, jurnalistlər və QHT işçiləri üçün təlim proqramlarının keçirilməsi, texniki infrastrukturun yenilənməsi və keyfiyyətli iş üçün şəraitin yaradılmasına zəmin yaradar.
Ekspertlərə görə, büdcədən birbaşa maliyyələşmədən əlavə, müstəqil fondlar və ya ictimai maliyyələşmə mexanizmləri qurularaq mediaya və QHT-lərə dəstək göstərilə bilər. Ayrılan vəsaitlərin bir hissəsi peşəkar inkişaf proqramlarına, texniki təchizata və beynəlxalq əməkdaşlığa yönəldilməlidir.
Büdcədən ayrılan vəsait bütün spektrlərdəki media və QHT-lərə bərabər şəkildə, şəffaf meyarlarla bölüşdürülməlidir. Bütövlükdə, media və QHT-lərə ayrılan vəsaitlərin artırılması müsbət nəticələr verə bilər, lakin bunun üçün şəffaflıq, hesabatlılıq və müstəqillik təmin edilməlidir.
Eyyub Kərimli
İqtisadçı, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “QHT-lərə ayrılan vəsaitin artırılması müsbət haldır. Beləliklə, QHT sektorunun fəaliyyətinə daha çox imkanlar yaradır və ictimai sektorun aktivləşməsinə, onların həyata keçirdiyi ictimai fəaliyyətə öz bəhrəsini verəcək. Bu gün ölkəmizdə 4 mindən çox ictimai birlik fəaliyyət göstərir. Sözsüz ki, bu ictimai birliklər QHT Agentliyi tərəfindən layihələr üzrə maliyyələşir. Ötən illərdən fərqli olaraq maliyyələşmə daha böyük qrant layihələrini əhatə edir. Bu gün 50 min manata yaxın qrant layihəsi əldə etmək olur. Baxmayaraq ki, əvvəlki illər bu məbləğ az idi. Sözsüz ki, bu sahə digər ölkələrlə müqayisə edildikdə maliyyənin daha çox ayrılmasına ehtiyacın yarandığını görürük. Çünki QHT sektorunun inkişafı həm ölkədə ictimai nəzarətin daha geniş təşkil olunmasına, həm də ictimai konsensusun bərqərar olmasına imkan yaradır. Vətəndaş cəmiyyəti institutlarının həm də cəmiyyətin maarifləndirilməsində, təbliğ olunmasında müəyyən mövzuların təşviq edilməsində əhəmiyyətli rolu var. Bu baxımdan, bəzi hallarda dövlət üçün kiçik olan məsələlər ictimai birliklər tərəfindən daha detallı və geniş təhlil olunur. Problemlərin aradan qaldırılması üçün daha geniş fəaliyyətlər göstərilir. Növbəti illərdə məbləğin artırılmasının müsbət təsiri olardı. İctimai birliklər tək QHT Agentliyi tərəfindən deyil, həm də digər dövlət qurumları tərəfindən müəyyən qrantlar əldə edir. Digər sektorların ayırdığı maliyyəni də nəzərə alsaq, kifayət qədər böyük məbləğdir. Medianın, ictimai sektorun inkişaf etdirilməsi üçün şərait var. Lakın bu şərait daha da genişlənə bilər. Bütün bu inkişaf ölkədə vətəndaş cəmiyyətinin mənafeyi üçün böyük dəstək ola bilər”.
Qeyd edək ki, dünya təcrübəsində media və qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşdirilməsi müxtəlif modellər əsasında həyata keçirilir. Bu modellər ölkələrin iqtisadi sistemindən, demokratik inkişaf səviyyəsindən və qanunvericilik çərçivəsindən asılı olaraq fərqlənir.
Misal üçün, Skandinaviya ölkələrində (Norveç, İsveç, Danimarka) media plüralizmini və kiçik media qurumlarının davamlılığını təmin etmək üçün dövlət tərəfindən qrantlar və subsidiya mexanizmləri tətbiq olunur. Bu vəsaitlər əsasən regional və ya müstəqil mediaya yönəldilir.
Avropa İttifaqı ölkələrində ictimai yayımçılar (BBC, ZDF, France Televisions) dövlət büdcəsindən və ya xüsusi vergilərdən maliyyələşir. Bu modellərdə maliyyələşmə ilə redaksiya müstəqilliyi arasında ciddi balans saxlanılır.
ABŞ modelində isə əksər media qurumları reklam gəlirləri ilə maliyyələşir. Ticarət mediaya əsaslanan bu modeldə media şirkətləri sərbəst bazar qaydalarına uyğun fəaliyyət göstərir.
Xüsusilə inkişaf etməkdə olan ölkələrdə beynəlxalq təşkilatlar (UNESCO, UNDP) və ya fondlar (Ford Foundation, Open Society Foundations) medianı maliyyələşdirir.
“The New York Times” (ABŞ) və “The Guardian”da (Böyük Britaniya) rəqəmsal medianın inkişafı ilə birlikdə abunə və üzvlük modelləri geniş yayılıb. Media qurumları oxuculardan ödəniş tələb edir və ya ianə kampaniyaları təşkil edir. ABŞ-ın “ProPublica” nəşrində media müstəqilliyini qorumaq üçün kütləvi maliyyələşmə kampaniyalarından istifadə olunur. Bu yanaşma şəffaflıq və ictimai dəstək üzərində qurulur.
Norveç, İsveç və Almaniya kimi ölkələrdə QHT-lər əsasən dövlət qrantları ilə maliyyələşir. Dövlət qrantları adətən sosial problemlərin həllinə, ətraf mühitin qorunmasına və insan hüquqlarına yönələn layihələr üçün ayrılır.
ABŞ-da dövlət subsidiyaları nisbətən məhduddur. QHT-lər daha çox özəl donorlardan və fondlardan maliyyə dəstəyi alır.
BMT, Dünya Bankı, Avropa İttifaqı və digər qurumlar inkişaf etməkdə olan ölkələrdə QHT-lərin layihələrinə maliyyə dəstəyi göstərir. QHT-lər bəzi ölkələrdə xidmətlər göstərməklə, məhsul satmaqla və ya tədbirlər təşkil etməklə öz gəlirlərini yaradır. Misal üçün, mikrokredit proqramları, təlim xidmətləri, məsləhətçilik fəaliyyəti.
Üzvlük əsaslı fəaliyyət göstərən QHT-lər (məsələn, Greenpeace) üzvlərindən müntəzəm ianələr alır.
Dünya təcrübəsi göstərir ki, balanslaşdırılmış maliyyələşmə modelləri həm media azadlığını, həm də vətəndaş cəmiyyətinin inkişafını təmin edə bilər.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ