İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçıdan dəniz suyunun duzsuzlaşdırılması layihəsinə REAKSİYA: “Daha baha olacaq”

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün keçirilən müsabiqə üzrə təkliflər zərfinin açılması mərasimi keçirilib.

Bildirilib ki, suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur.

Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon m3 olacaq.

Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatı təmin etmək, şirin su mənbələrinin şaxələndirilmək, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünü azaltmaq, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferini stimullaşdırmaq, habelə ölkə iqtisadiyyatına xarici sərmayələri cəlb etməkdir. (“APA-Economics”)

ELDENİZ YENİ.jpeg (56 KB)

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan hökuməti dəniz suyunun duzsuzlaşdırılması kimi bir çox istiqamətdə fəaliyyət göstərir və müəyyən planları var:

“2022-ci ildə, yəni 2 il öncə İsrail şirkəti ilə Azərbaycan arasında dəniz suyunun duzsuzlaşdırılması üzrə əməkdaşlıq məqsədi ilə memorandum imzalanıb. Bir il sonra, yəni ötən il “Azərsu” ilə digər şirkət arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətinin göstərilməsi üçün müqavilə imzalanıb. Hazırda bu işin Sumqayıtda növbəti mərhələyə çatması hesab edirəm ki, uğurlu haldır. Sumqayıtın seçilməsi isə məşğulluğun təmin olunması baxımından uğurlu seçimdir. Digər tərəfdən, Xəzər dənizinin suyundan istifadənin Bakıya yaxın ərazi deyil, Sumqayıt seçilməsi də uğurludur.

Ümumiyyətlə, bu proses ölkənin su ehtiyatlarının azalması və artan su tələbatının qarşılanması məqsədi ilə çox vacibdir. Layihə olaraq da düşünürəm ki, çox önəmli layihədir. Detallar və qalib şirkət barədə məlumat verilməsə də, düşünürəm ki, xarici investorların bu layihədə iştirak etməsi, həm texniki və texnoloji yeniliklərin, o cümlədən təcrübələrin ölkəmizə daşınması, eyni zamanda xarici investisiyaların ölkəmizə cəlb olunması baxımından önəmlidir”.

E. Əmirov dəniz suyunun duzsuzlaşdırılması prosesinin kifayət qədər bahalı olduğuna diqqət çəkib:

“Dünyada adətən bunu bir neçə metodla həyata keçirirlər. Bu metodların hər biri bahalı prosesdir. Layihənin müsbət tərəfləri aydındır - içməli su təminatının həyata keçirilməsi, suya əlçatanlıq və s. Amma müəyyən çətinliklər də var. Bu tip layihələr bilavasitə yüksək enerji istehlak etmək hesabına ərsəyə gəlir. Bu isə xərcləri ciddi şəkildə artırır. Yəni bu metodla istehsal olunan su, başqa sözlə desək, təmizlənmiş su digər sulardan daha bahalı olacaq. Çünki istehsal xərcləri çox bahadır. Eyni zamanda istehsal prosesindən sonra müəyyən duzlu və qatı tullantılar əmələ gəlir ki, bunun ekologiyaya zərər verməməsi, onların idarə olunması üçün mexanizmin hazırlanmasına ehtiyac var. Bu da əlavə xərc tələb edir. Bir sözlə, proses müsbət tərəflər ilə yanaşı, müəyyən məqamları da ortaya çıxarır. Bu məqamları nəzərə alaraq, düşünürəm ki, alternativ enerji mənbələri hesabına suyun duzsuzlaşdırılmasının enerji təminatını həyata keçirmək olar. Bu barədə düşünmək effektiv olardı”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR