İnsanlara hürriyət, millətlərə istiqlal!

İnttibah dövrünün təməl günü - Saleh Məmmədovun yazısı

Bu gün Azərbaycan xalqının iki min illik tarix boyu ilk dəfə düşmən kompleksi üzərində tarixi, əzəmətli, hərtərəfli, möhtəşəm və dönməz qələbəsinin iki ili tamam olur. Bu gün tarixi halal torpaqların düşmən tapdağından azad olduğu gün olmaqla, həm də;

- böyük Azərbaycan xalqının oyanış, özünü dərk etmə, özünü tanıma günüdür ;

- bu gün dünya azərbaycanlılarının və Şimali Azərbaycanın bütün xalqlarının azadlıq və birlik dadını aldığı, hiss etdiyi və bütün tarixi boyu vahid lider ətrafında birləşərək dəmir yumruq formalaşdırdığı gündür;

-bu gün böyük türk xalqlarının həmrəylik və birləsmə günüdür, türkün özünə dönmə, zirvəyə yüksəlmə, Yeni Turanın bünövrəsinin qoyulduğu gündür.

-bütün işğallara, istismara, qul psixologiyasına son deyilən, ölkənin varlığını daimi qoruya biləcək qüdrətli ordunun, yenilməz müdafiə sisteminin qurulduğu, ən azı bu gücü nümayiş etdirdiyi, isbatladiğı gündür;

- bütün Azərbaycanın və Türk dünyasının yeni inkişaf və intibah dövrünün təməlinin qoyulduğu, dost və düşmənlərin seçildiyi, türk düşmənlərinin tanındığı və burnunun ovulduğu gündür -elm və texnologiyanın sürətli inkişaf təməlinin qoyulduğu, din, mövhumat, cahilliyə son deyildiyi gündür, 21-ci əsrin ŞƏHİDLƏRİ yalnız insan məhsulu robotlar, süni intellekt məhsulları, PUA-lar, Haroplar, Orbiter, pilotsuz uçaqlar, tanklar, raketlər olsun.

Şəhidlərimizin ruhu şad olsun, bütün xalq olaraq bu qələbəyə görə onlara borcluyuq. Hər kəs bu prosesdə bir formada iştirak etmişdirsə, Şəhidlər canı, qanı ilə bu torpağı qorumuşdur. Qazilərimizə hər zaman mübarizlər sıraşında qalmağı arzu edirəm.

Bu möhtəşəm qələbədə hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycanlının, dost qardaş ölkələrin, xüsusilə Türkiyə, İsrail, Pakistanın rolunu yüksək qiymətləndirməklə bərabər bütün bu böyük hərəkatın baş memarı Ali baş komandan, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının əsas və başlıca rolunu xüsusi qeyd etmək istəyirəm. Bütün bu hadisələr bizim torpaqlardan başlayır, lideri, baş memarı, aparıcı qüvvəsi də Azərbaycandır, sonrakı davam məsuliyyəti də bizim üzərimizə düşür. Bu böyük dönüş və oyanış qələbəsi münasibətilə Ali baş komandanı, bütün Azərbaycan xalqını, dünya türklərini, dost və qardaş xalqları ürəkdən təbrik edirəm, böyük və müqəddəs savaşda qazanılan qələbənin eyni sürətlə iqtisadiyyata, elm və texnologiyalara, sürətli sosial inkişafa da transferini arzu edirəm.

Bu böyük qələbə regionda və dünyada yeni reallığın yaranmasının təməlini qoydu. Bu möhkəm təməl, uzun müddətə hesablanmış dəqiq strategiya iki il keçmədən - məhz bu gün yalnız Azərbaycan deyil, digər türk və başqa xalqları işgal və istismar altında saxlayan qanlı şimal və cənub imperiyalarını sarsıtdı, bu xalqların hamısının azadlığa qovuşmasına imkan yaratdı.

Böyük, əzəmətli, xalqımız üçün qürurverici tarix yaşayırıq, hətta bu tarixi yaradırıq. Min illər boyu əsarətində, işğalında qaldığımız qan çanaqları, ölüm maşınları, zülm dəzgahları məhz bizim iştirakımızla, bizim zərgər dəqiqliyi ilə hazırlanmış strateji planlarımızla parçalanır, dağılır, pərən-pərən düşür.

Biz bu qlobal sürətə cavab verməliyik, biz hadisə və proseslərin qabaginda olmalıyıq, hər bir xalqdan, hər bir ölkədən daha sürətlə irəliləməlyk. Bu ilk növbədə elmi-texnoloji inkişafı və təhsilin tamamilə yenidən qurulmasını, süni intellekt və rəqəmsal sistemin tam tətbiqini, iqtisadiyyatın keyfiyyət surətini, ölkənin topladiğı zəngin maliyyə ehtiyyatlarının və maliyyə aktivlərinin səmərəli istifadəsini, bütün türk toplumlarının və azərbaycanlıların virtual birliyinin qurulmasını, dünya Azərbaycanlılarının rəqəmsal dil və əlifba sisteminin və virtual informasiya bazasının, virtual vahid komandanlıq sisteminin yaradılmasını əhatə edir. Gecikmək tarixin təkrarlanması demək olardı.
Yaşasın azad və bütöv Azərbaycan!

İqitisad elmləri doktoru, professor Saleh Məmmədov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR