İnsanlara hürriyət, millətlərə istiqlal!

İnternetin qiymətinin artımından aylar ötdü, lakin... - Bundan sonra...

 

Elvin Abbasov: “Narazılıqlardan sui-istifadə edənlər də oldu, əslində...”

Azərbaycan paytaxtı oktyabr ayında mobil internetin sürətinə görə 71,54 MB/S sürətlə 158 şəhər arasında sentyabr ayına nisbətən 5 pillə geriləyərək 76-cı oldu. Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (478,83 MB/S), sonuncu yeri Herat (9,22 MB/S) tutub.

“Speedtest Global Index” isə xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub. Azərbaycan mobil internetin sürətinə görə oktyabr ayına nisbətən noyabrda 2 pillə geriləyərək 56.19 MB/S sürətlə 111 ölkə arasında 56-cı olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Myanma (Birma) tutub.

Ölkədə minimum internet qiymətinin və keyfiyyətinin qaldırılmasına dair qərar verilməsindən 3-4 ay vaxt keçir. Dəyişikliklər nəticəsində sürəti 40 Mbit/s olan və aylıq ödənişi 18 manat olan baza paketi 100 Mbit/s və aylıq ödənişi 25 manatla əvəz edilib.

Yada salaq ki, Azərbaycanda son dövrlərdə internetlə bağlı şikayətlər əsasən iki sahəyə cəmlənib: internet sürəti və xidmətlərin qiymətinin artması. Bir çox provayder, xüsusilə “Aztelekom” və “Baktelekom”, yüksəksürətli internet təmin etmək üçün işlər görsə də, bəzi yerlərdə hələ də stabil internet yoxdur. Yeni fiberoptik xətlər çəkilsə də, müəyyən bölgələrdə internetin sürətindən və keyfiyyətindən narazılıqlar qalmaqdadır. Bununla belə, hökumət rəqəmsal infrastrukturu təkmilləşdirmək məqsədilə böyük layihələr həyata keçirir və bəzi provayderlər artıq 1 Gbit/s-yə qədər sürət təklif etməyə başlayıblar. Bu, internetin keyfiyyətinin ümumi artmasına təsir edir. Xüsusilə bu ilin ikinci yarısında internet tariflərinin 18 manatdan 25 manata artırılması sosial narazılığa səbəb oldu. İstifadəçilər qiymət artımını haqsız hesab edir və bəzi özəl və dövlət provayderlərinin qiymətləri koordinasiyalı şəkildə artırdığına dair ittihamlar səsləndirir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu iddialarla bağlı araşdırma aparır və süni qiymət artımı ilə əlaqədar tədbirlər görəcəyini bəyan edib.

Ümumilikdə, Azərbaycan internet infrastrukturunda müsbət irəliləyişlər olduğu bildirilir, lakin qiymət artımları və bəzi bölgələrdəki xidmət çatışmazlıqları problem kimi qalır. Şikayətlərin azaldılması üçün qiymət siyasətinin və infrastruktur yeniliklərinin daha şəffaf həyata keçirilməsi tövsiyə olunur.

İnternetlə bağlı narazılıqlar niyə bitmir? Qiymətlər endiriləcəkmi? 

Vikipediya dövlət tərəfindən nəzarət olunan bir platforma deyil — Elvin  Abbasov

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, İKT üzrə ekspert Elvin Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Son ildə əvvəlki illərə nisbətən internet şikayətləri həddindən artıq aşağı düşmüşdü. Şikayətlər demək olar ki, 100%-dən 10%-ə qədər enmiş, yəni 90% azalmışdı. Lakin internetin aşağı minimal paketlərinin ləğvi və yeni konfiqurasiyaların tətbiqindən sonra bu vəziyyət dəyişdi. Paketlər yenidən təsnif edildikdən sonra insanlar arasında müəyyən bir aqressiya yarandı və bəziləri bundan sui-istifadə etdilər. Elə bizim ekspertlər də daxil olmaqla, bu narazılığı manipulyasiya edənlər oldu, süni narazılıq yaradıldı. Hazırda ümumilikdə Azərbaycan ərazisində internetlə bağlı genişmiqyaslı ictimai narazılıq müşahidə olunmur. Yalnız fərdi şikayətlər var, lakin internetin qiymət artımı dövründə də biz bəyan etmişdik ki, istifadəçilər internet sürətini düzgün dəyərləndirmək üçün modemdən internet kabelini çıxarıb, birbaşa kompüterə qoşaraq ölçməlidirlər. Çünki modem ölçmələrdə sürəti bölərək paylayır, bunu nəzərə alaraq, modemdən öncə ölçməyi tövsiyə etmişdik. Son həftələrdə etiraz edən,  bəzi ekspertlər də öz yazılarında etiraf edirlər ki, ölkədə sürətli və keyfiyyətli internet problemi həll olunub.

Nəticə etibarilə internetlə bağlı geniş narazılıq yoxdur. İnternetin qiyməti ilə bağlı bəzi tərəflər narazılıq bildirirlər. Bu araşdırılmamış narazılıqdır, əsası yoxdur. Misal üçün, bəzi ölkələrdə, xüsusən Avropada, 40 Mb/s sürətli internet paketinin qiyməti çox yüksəkdir. Amma ümumi statistikaya görə əksər ölkələrdə isə 40 Mb/s internetin qiyməti təxminən 15 dollar civarındadır - 1-2 dollar yuxarı və ya aşağı dəyişir. Azərbaycanda da bu qiymətlər beynəlxalq təcrübəyə yaxın səviyyədədir. Azərbaycan bəzi ölkələrdən ucuz, bəzilərindən isə baha olan internet xidmətləri təqdim edir. Ümumi nəticədə, hazırda Azərbaycanda genişmiqyaslı internet şikayətləri yoxdur, sadəcə, qiymətlə bağlı fərdi narazılıqlar var ki, bu da bütün qiymət artımları zamanı təbii haldır".

Ekspert əlavə edib ki, internet qiymətləri ilə bağlı narazılıq var: “İnternetin qiymətinin artırılmasının arqumenti ondan ibarətdir ki, Azərbaycanda da uzaq rayon və kəndlərdə fiberoptik xətlərin çəkilişi ilə bağlı heç bir beynəlxalq qrant və ya kredit alınmayıb. Dünya Bankı və ya digər qurumlardan maliyyə dəstəyi göstərilməyib. Azərbaycanda fiberoptik texnologiyaları yerli internet provayderi və dövlət provayderləri hesabına çəkilib. Onlar da öz sərmayələrinin geri qaytarılması üçün müəyyən bir qiymət artımına gediblər. Bu da məntiqli və sağlam arqumentdir. Çünki dövlət büdcəsindən bu layihə üçün birbaşa vəsait ayrılmayıb, xarici qrant alınmayıb. Fiberoptik şəbəkənin genişləndirilməsi yerli imkanlar hesabına reallaşdırılıb”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR