İnsanlara hürriyət, millətlərə istiqlal!

İnternet müəmması bitmir - əhalidən qanunsuz pul tələbi iddiası

Elvin Abbasov: “Özəl və dövlət şirkətlərinin öz daxili büdcəsi hesabına yaratdığı infrastrukturun qiymətlərini dünya təcrübəsinə və ya öz xərclərinə görə hesablaması qanunvericiliyə zidd deyil”

Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir. Bu barədə QHT sədri Osman Gündüz məlumat verib. O qeyd edib ki, "Aztelekom" tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur.

Həmçinin, bu vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar.

Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır .

Xatırladıram ki, "Aztelekom" dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra, "Huawei" şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıblar.

İndi isə, 15 avqust tarixindən başlayaraq "Aztelekom" minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb.

Bundan sonra bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla “şərikli internet” seçimi etmələri haqqında sosial mediada məlumatlar açıqlanıb.

Bu günlərdə “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lərdən mətbuata bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ("Baktelekom") MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqusta qədər olubsa, növbəti hesablama dövrünə qədər heç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network-Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəcəklər.

“Məsələn, abunəlik müddəti 10 avqust tarixində yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş etmədən əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq.

Həm “Aztelekom” MMC-nin, həm də “Bakı Telefon Rabitəsi” MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqust və sonrakı tarixlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq", - məlumatda deyilir.

Xatırladaq ki, bu ayın 15-dən GPON tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu günlərdə məlumat yaymışdı ki,  kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xidmətə çoxsaylı vətəndaş müraciətləri daxil olur. Bildirilib ki, internet provayderləri tərəfindən nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənəcəyi məlum olub. O da qeyd olunub ki, nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq: “Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur.

Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur".

Məlumatda qeyd olunub ki, genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir".

Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma  olmalıdır” | 1news.az | Xəbərlər

Elvin Abbasov 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, Azərbaycanda qurulan genişzolaqlı fiber optik internet infrastrukturu özəl və dövlət provayderlərinin şəxsi büdcəsi hesabına qurulur. Ekspert qeyd etdi ki, bu infrastrukturun qurulması üçün dövlət yaxud beynəlxalq qrant dəstəyi göstərilmir: “Özəl provayderlər çəkdikləri xərcin geridönüşü üçün iqtisadi plan çıxarırlar. Bu plan investisiya edən şirkətlərin ümumi qərarıdır və bu qərar həm də beynəlxalq təcrübəyə əsaslanır. Bütün Avropa ölkələri, qonşu Gürcüstan, Türkiyə və digər ölkələrdə də ən aşağı limitli paketlər 100 mbit/s ilə hesablanır. Gürcüstanda sadəcə bir özəl provayder 50 mbit/s-lik tarif təklif edir. Qiymət siyasətinə gəlincə, Niderlandda 100 mbit/s üçün qiymət 43-48 avro müəyyən edilib. Digər Avropa və qonşu ölkələrdə  100 mbit/s üçün qiymət 12-15 avro civarındadır. Azərbaycanda da qiymətlər qonşu ölkələrlə müqayisədə ya balanslıdır, ya da nisbətən aşağıdır. Yəni, internet alt limitinin 100 mbit/s müəyyən edilməsi dünya təcrübəsinə uyğundur. Dövlət qurumlarının yanaşmasına gəlincə, onlar öz mandatları və qanunvericilik əsasında hərəkət edirlər. Azərbaycanda özəl və dövlət şirkətlərinin öz daxili büdcəsi hesabına yaratdığı infrastrukturun qiymətlərini dünya təcrübəsinə və ya öz xərclərinə görə hesablaması qanunvericiliyə zidd deyil. Əgər dünya təcrübəsinə əsaslanmayan qiymətlər olsa idi, təbii ki, burada dövlət ümumi yanaşma ortaya qoya bilərdi”.

Ekspert vurğuladı ki, sürətli internet anlayışı 25 mbit/s-dən başlayır, amma hazırda internetin alt limiti 100 mbit/s-dir: “Bir neçə ölkədə, məsələn Gürcüstanda internetin sürəti 50 mbit/s-dir. Ümumi yanaşma bundan ibarətdir ki,  internet paketin alt limiti 100 mbit/s olmalıdır. Avropa ölkələrində 500 mbit/s, hətta 1 GB/s -dən söhbət gedir. Vətəndaşların internetin sürəti ilə bağlı şikayətləri var. Bu şikayətlərin çoxu texniki müstəvidə izah edilməyən şikayətlərdir. Provayderlər iddia edirlər ki, 100 mbit/s internetlə təminat var, lakin abonentlər bunu təkzib edirlər. Yaxşı olar ki, vətəndaşlar şikayətlərini ”E-Şikayət" elektron sistemi vasitəsilə etsinlər. Yaxud “speed test” kimi proqramlarda ölçmə aparıb görüntünü sosial şəbəkələrdə paylaşmaq olar. Hesab edirəm ki, həm istehlakçıların, həm də sahibkarların hüquqları qorunmalıdır. Hər bir məsələ beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericilik müstəvisində həll olunmalıdır".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR