İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərənin ingilis olmayan ilk baş naziri - Rişi Sunak KİMDİR?

Ofisiant işlədi, milyarderin qızı ilə evləndi və...

Baş nazirliyə namizəd Penni Mordaunt partiyanın 357 deputatından ən azı 100-nün dəstəyini qazana bilməyib və yarışdan geri çəkilib.

Musavat.com xəbər verir ki, bu səbəbdən keçmiş maliyyə naziri Rişi Sunak avtomatik olaraq hakim Mühafizəkarlar Partiyasının yeni lideri seçilib. 42 yaşlı Sunak Britaniyanın müasir tarixində ən gənc baş nazir olacaq.

Kral III Çarlzın ən qısa zamanda Sunaka hökuməti qurmaq tapşırığı verəcəyi gözlənir.

RİŞİ SUNAK KİMDİR?

1980-ci ildə Sauthemptonda anadan olan Sunakın valideynləri hind əsillidir. Onlar 1960-cı illərdə Şərqi Afrikadan İngiltərəyə köçüblər. Özəl məktəb olan "Winchester College"də oxuyan Sunak yay tətillərində ofisiant kimi çalışıb.

Daha sonra o, Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb. O, nəhəng IT şirkəti "iInfosys"in həmtəsisçisi, hindistanlı milyarder Narayana Murtinin qızı və varisi olan Akshata Murti ilə aspirant olduğu Stanford Universitetində tanış olub və evlənib.

Bir müddət "Goldman Sachs" şirkətində analitik olaraq çalışan Sunak daha sonra iki yüksək riskli yatırım fondunun yaradılmasına ortaq olub. Şəxsi sərvəti ən çox olan Mühafizəkar deputatlardan biri olduğu deyilən Sunak indiyədək bununla bağlı heç bir açıqlama verməyib.

2015-ci ildən Yorkşir bölgəsindəki Riçmonddan Mühafizəkar millət vəkili olan Sunak Tereza Mey hökumətində nazir müavini vəzifəsində çalışıb, daha sonra Boris Conson hökumətində xəzinədarlığın baş katibi olub.

2020-ci ilin fevralında maliyyə naziri təyin edilən Sunak əvvəllər Boris Consonun tərəfdarı olsa da, sonradan onun sonunu gətirən ilk istefalardan birini edib. 

O, Brexit kampaniyası zamanı Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarı olan mühafizəkarlar arasında olub.

Həmin dövrdə yazdığı məqalədə İngiltərənin Aİ-dən çıxmaqla daha azad, daha ədalətli və firavan ölkəyə çevriləcəyi fikrini müdafiə edib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR