Onlayn ictimai-siyasi qəzet
"Artıq kəndimə dönmüşəm. Yenidən çobanlıqla məşğulam".
Bu sözləri Musavat.com-a açıqlamasında çoban kimi məşhurlaşan müğənni Pərvin Səfərov deyib.
Müğənni bir neçə illik populyarlığının ardından yenidən çoban peşəsinə qayıtmasını bu cür izah edib:
"Bildiyiniz kimi, müğənnilik fəaliyyətimdən öncə mən təsərrüfatda, həmçinin tikinti obyektlərində, yol tikintisində fəhlə kimi işləmişəm, traktor sürmüşəm. Daha sonra populyarlaşdım, Milli Konservatoriyaya daxil oldum, müvəffəqiyyətlə oranı bitirdim, "O səs Türkiyə" mahnı müsabiqəsinin bir neçə mərhələsində uğur qazandım, Rusiya toylarında iştirak etdim. Amma heç zaman populyarlığın arxasınca getmədim. Çalışdım ki, bu sənəti peşəkarcasına öyrənim, toylarda deyil, konsertlərdə iştirak edim. Beləliklə, bu sənətin təhsilini öyrənib, diplom aldım, oldum diplomlu çoban.
Konservatoriyanı bitirən kimi işləmək üçün aidiyyəti qurumlara müraciət etdim. Amma mənə bildirdilər ki, ixtisasımla bağlı hələlik boş ştat yoxdur.
Bəli, müəyyən maddi gəlir əldə etmək üçün toylara gedirdim, amma çalışmışam ki, sırf səhnədə, konsertlərdə olum, mədəniyyət qurumlarında çalışım".
"Bir müddət Rusiyada qalıb, oradakı toy məclislərində iştirak etdiniz, hətta müsahibələrinizin birində çox yaxşı qonorar da aldığınızı demişdiniz. Sonra nə oldu?" sualımıza müğənni bu cür cavab verib:
"Hamı bilir ki, həm Azərbaycanda, həm də Rusiyada toy bazarı monopoliyadadır. Rusiyada tamamilə başqa cür ab-hava var. Belə ki, gərək "üzlü", şoumen olasan, buna da mənim xarakterim yol vermir. Rusiyanın toy bazarına daxil olmaq, dirəniş göstərmək daha çətindir. Orada çox sayda qruplaşmalar var, hansı ki, toyların olması üçün onların "qılıncı"nın altından keçməlisən, ya da birbaşa toy sahibi ilə danışmalısan, yoxsa fəaliyyət göstərmək üçün sənə qəti imkan verməzlər.
Həmçinin Rusiya-Ukrayna müharibəsi toy bazarına təsir etdi. Müharibə başlayan zaman orada yaşayan bir çox azərbaycanlı gənc Rusiyanı tərk etdi. Ona görə də toylar xeyli azaldı.
Üstəlik, hazırda toylarda sənətə qiymət verilmir. Hazırda trenddə hansı mahnı, hansı müğənnidirsə, insanlar onları eşitmək, görmək istəyir. Yəni səs, sənət önəmli deyil, əsas odur ki, yutubda milyonlarla baxış sayın, instaqramda minlərlə izləyicin var, vəssalam. İnsanlar indi əsasən görüntüyə önəm verir. Beləliklə, əgər işləmirsənsə, deməli, maddi gəlirin də yoxdur. Bakıda da qalmaq xərc tələb edir, bu da olmadığından kəndimə geri döndüm. Nə qədər iş tapa bilməmişəm, hələ ki, qoyunlarımı otaracam. Sonrasına baxarıq".
Xalidə Gəray
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ