İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam Kərimov hüquqşünas yetişdirən müəllimlərlə mühüm görüş keçirdi - Fotolar  

Ali Məhkəmədə “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş olub.

Musavat.com xəbər verir ki, görüşdə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin hüquq fakültələrinin professor-müəllim heyəti iştirak edib. Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Platforma barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, ortaya çıxan problemlərin həlli və ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlara dəstək verməkdir. 
Qeyd edilib ki, 2023-cü il xalqımız və dövlətimiz üçün uğurlu keçib. Müasir tariximizin yeni dövrünün başlanğıcına çevrilən tarixi hadisələrlə yadda qalıb. Bu dövrdə həm ölkəmiz, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışların meydana gəldiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, elm və texnologiya əsrində məhkəmə sistemi olaraq yeni çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması vacibdir. İdarəetmədə innovativ texnologiyaların tətbiqi və məhkəmə proseslərində çevikliyinin artırılması zamanın tələbidir. 

Bildirilib ki, Ali Məhkəmə və bir neçə təhsil ocağı arasında  birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu  var. Bu çərçivədə elm-təhsil müəssisələri ilə əməkdaşlıq daha da genişləndirilməli, birlikdə sinerji yaradılmalıdır. Davamlı inkişaf üçün hüquq elminin tədrisi ilə yanaşı, elmi araşdırmalar da mühüm əhəmiyyət kəsb edir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradan qərarlarının öyrənilməsi, onlara dair elmi izahların, şərhlərin verilməsi və tədrisi məhkəmə təcrübəsinin geniş ictimaiyyətə çatdırılmasında, həmçinin hüquq elminin inkişafında müstəsna rol oynana bilər. Bu baxımdan ali təhsil müəssisələri tərəfindən hüquqa dair nəşrlərin təkmilləşdirilməsi və bu sahədə elmi məqalələrin dərc olunması mühüm əhəmiyyət kəsb edir.

Görüşdə iştirak edən Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”, Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universitetinin və Dövlət İdarəçilik Akademiyasının hüquq fakültələrinin dekanları və professor-müəllimləri çıxış ediblər. Platforma çərçivəsində keçirilən görüşü yüksək qiymətləndirən çıxışçılar Ali Məhkəmənin hüquq fakültələri ilə sıx əməkdaşlığının ölkəmizdə hüquq elminin inkişafına və peşəkar hüquqşünas kadrların yetişməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR