İnsanlara hürriyət, millətlərə istiqlal!

İmran Xanın iqtidardan gedişinə sevinənlərin Ərdoğan xülyası...

Pakistanda və Türkiyədə iqtidar dəyişikliyi Bakıya münasibətdə siyasi dəyişiklik yaradarmı?

Pakistan parlamentində keçirilən səsvermədə müxalifət blokunun namizədi Şahbaz Şərif yeni baş nazir seçilib. 

Bəllidir ki, ABŞ-ın da müdaxiləsi ilə devrilən İmran Xanın hakimiyyəti dönəmində Pakistan Azərbaycanı birmənalı dəstəkləyib. Erməni mediası İmran Xanın vəzifədən getməsini böyük sevinclə tirajlayır. Belə iddia edirlər ki, Pakistanda formalaşan yeni hakimiyyətin dönəmində həmin ölkənin Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq.

Ermənilərin növbəti “hədəfi” isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ərdoğanın Azərbaycanla olan qardaşlıq münasibətləri İrəvanın daim yuxusunu qaçırır. 2001-ci ildə Ərdoğanın rəhbərliyi ilə yaradılmış Ədalət və İnkişaf Partiyası 2002-ci ildən bəri iqtidardadır.

2023-cü ilin prezident seçkisində dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mümkün rəqibləri Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, bu qurumun üzvləri Mənsur Yavaş (Ankara bələdiyyəsinin başçısı), Əkrəm İmamoğlu (İstanbul bələdiyyəsinin başçısı), İYİ Partiyanın lideri Maral Akşener, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu, Demokratiya və Sıçrayış Partiyasının lideri Əli Babacan, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal və başqalarıdır.

İmran Xanın hakimiyyətdən getməsi ilə Pakistanın Azərbaycana münasibətində hansı dəyişikliklər ola bilər? Ermənilərin “Ərdoğan da getsə...” xülyası gerçəkləşə bilərmi və ya Türkiyədə iqtidar dəyişikliyi Bakıya münasibətdə siyasi dəyişiklik yaradarmı?

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli  dedi ki, Ərdoğan iqtidardan gedərsə, bu, Azərbaycana ağır zərbə olacaq: “Pakistan dünyada 3 ölkədən biridir ki, Ermənistanla diplomatik münasibətlər qurmayıb. Ona görə də ermənilər çox sevinməsinlər ki, Pakistanda hakimiyyət dəyişibsə, Azərbaycana münasibət dəyişəcək. Düşünmürəm ki, yeni baş nazir Azərbaycanla münasibətləri xeyrimizə olmayan şəkildə dəyişəcək. Onun qardaşı da baş nazir olanda ölkəmizə münasibət yaxşı idi.  Azərbaycana səfər də etmişdi. Ona görə ermənilər çox da sevinməsinlər. Ərdoğana gəldikdə, Türkiyədə hakimiyyət dəyişsə, Azərbaycanın dayağı olan iqtidarı itirəcəyik. Paşinyan çıxışında dedi ki, mənə Türkiyənin müttəfiqi olan Azərbaycanla barış dedilər. Bu isə o deməkdir ki, artıq Azərbaycana həm də Türkiyənin müttəfiqi kontekstindən baxırlar. Ərdoğan getsə, Türkiyə onun dövründəki kimi güclü olacaqmı, hədəflərinə doğru irəliləyəcəkmi, müstəqil siyasət aparacaqmı, bax bunlar böyük sual altında qalacaq. Azərbaycana münasibətin necə olacağı da məlum deyil. Türkiyə tarixində belədir ki, CHP iqtidarı, yaxud CHP təfəkküründə olan iqtidar başda olanda, Azərbaycanla münasibətlər istənilən səviyyədə olmayıb. Bir növ gözlədiyimiz dəstəyi ala bilməmişik. Həm Türkiyənin, həm də Azərbaycanın maraqları cavab verir ki, Ərdoğan hakimiyyətdə qalsın və prezident seçkilərində qələbə çalsın”.

Putinin Ukraynada qandallanan agentinin xəyanət dosyesi

Şəhla Cəlilzadə 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə nikbindir: “Xüsusilə 44 günlük Vətən müharibəsi boyunca Azərbaycana Pakistandan ciddi dəstək gəldiyi üçün Pakistanın keçmiş baş naziri İmran Xana ölkəmizdə xüsusi rəğbət var. Buna görə onun bu yaxınlarda ABŞ-ın gizli müdaxiləsi ilə hakimiyyətdən uzaqlaşdırılması hamı tərəfindən narahatlıqla qarşılandı. Lakin qeyd edim ki, Pakistanda hələ 5 illik baş nazirlik dönəmini tam olaraq postunda başa vuran baş nazir olmayıb. Onlar ya öldürülüb, ya həbs edilib, ya da sakitcə postdan gediblər. Deyəsən, İmran Xan da qlobal təzyiq fonunda istefa edərək sakitcə postdan getməyi seçdi. 2023-cü ilin avqustunda növbəti seçkilərədək bu posta müvəqqəti olaraq keçmiş baş nazir Nəvaz Şərifin qardaşı Şahbaz Şərif seçilib. Pakistanın müstəqillik tarixində müxtəlif dönəmlərdə olmaqla, 3 dəfə baş nazir postuna əyləşən Nəvaz Şərifdən və Benazir Bhuttondan başqa heç kim ikinci dəfə bu posta yiyələnə bilməyib. Görünür ki, Şərif ailəsi Pakistanda çox güclü siyasi dayağa malikdir. İndiki baş nazirin qardaşı Nəvaz Şərif hələ baş nazir olduğu dönəmdə, 2016-cı ildə ölkəmizə ilk dəfə səfər etmiş, cənab Prezident İlham Əliyevlə birgə mətbuat konfransında iştirak edərək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına sədaqətini cəmiyyət qarşısında ifadə etmişdi. Elə bu görüşdə cənab Prezident iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə etmiş, yaxın zamanda birgə hərbi təlimin planlaşdırıldığı haqqında məlumatı açıqlamışdı. Aydındır ki, Azərbaycan-Pakistan əlaqələrinin xarakteri Pakistanda idarəetmə institutunda oturan rəhbər şəxslər və bu şəxslərin periodik olaraq dəyişməsi ilə bağlı deyil. Odur ki, Nəvaz Şərifin qardaşı Şahbaz Şərifin hakimiyyəti dövründə də münasibətlərin eyni intensivliyin qorunub saxlanacağını təxmin etmək olar. Qeyd edim ki, Şərifin hökumət başına gəlməsini Türkiyə prezidenti Ərdoğan bazar ertəsi günü artıq təbrik edib. Eyni şəkildə, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətinin sarsılmaz olduğunu və bunun sadəcə Ərdoğanla bağlı olmadığını da söyləmək olar. Təbii ki, burada liderlərin xüsusi rolu danılmazdır. Lakin bununla yanaşı, burada tarixi və siyasi faktorlar, strateji maraqlar da rol oynayır. Azərbaycan-Türkiyə münasibətlərinin bağını heç 70 illik sovet hakimiyyəti dönəmi belə qopara bilməyib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsində olub. Bakını işğalçı qüvvələrdən Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu azad edib. Azərbaycan isə hətta sovet hakimiyyəti qurulduqdan sonra da Türkiyənin xarici qüvvələrə qarşı apardığı milli mücadiləsinə və istiqlal savaşına maddi, insan resursu və mənəvi olaraq hər formada dəstək göstərib. Odur ki, Türkiyədə hansı şəxsin iqtidara gəlməsindən asılı olmayaraq ən üst səviyyədə strateji və müttəfiqlik münasibətlərinin qorunub saxlanacağından əmin ola bilərik. İstisna hal kürdlərin HDP-si ola bilər ki, onların da nə zamansa Türkiyədə iqtidar olmaq şanslarını real ehtimal daxilində görmürəm. Onu da qeyd edim ki, 15 iyun 2021-ci il tarixli Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsini Türkiyə Böyük Millət Məclisi 3 fevral 2022 tarixində ratifikasiya, yəni təsdiq edib. TBMM-nin spikeri Mustafa Şentopun imzası ilə parlament sədrliyinə təqdim olunan layihənin lehinə 266, əleyhinə isə 11 millət vəkili səs verib. Təsadüfi deyil ki, əleyhinə səs verənlərin hamısı ermənipərəst HDP üzvləri idi. Odur ki, Türkiyə-Azərbaycan qardaşlığını pozmağa çalışsalar da, əslində iç üzlərini ələ verən bu qrup ”bir millət iki dövlət" anlayışının daima yaşamasına heç bir zaman əngəl ola bilməz".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR