İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin revanşistlərə və “pelosilərə” Laçın mesajları

Ekspertlərə görə, Prezidentin Laçında dediklərindən həm də bu nəticəyə gəlmək olar ki, müharibə ehtimalı yenə də qalır

Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaldan zaman etdiyi çıxışında mühüm mesajlar verib.  ‘’Yeni Müsavat’’ bildirir ki, Prezident müharibədən dərhal sonra Ermənistana sülh təklifi edildiyini xatırladıb:

“Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır”. Dövət başçısı deyib ki, delimitasiya prosesi başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət  və xəritələr üzrə heç bir müzakirə aparılmır: “Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”.

Prezident deyib ki,  2020-ci il noyabrın 10-da imzalanan kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi: “Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir və avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər”.

Son sərhəd təxribatından danışan dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu düşməni yenə də yerinə oturtdu: “Yəni bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq”.

Prezident İlham Əliyev həmçinin deyib ki, bu gün Ermənistan yaxşı fikirləşməlidir: “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”.

Siyasi analitiklər qeyd edir ki, Prezident İlham Əliyev 12-14 sentyabrda nə baş verdiyinə, sərhəddə döyüş toqquşmasının hansı səbəblərdən yarandığına, son il yarımda ermənilərlə hansı proseslərin getdiyinə, Ermənistanın təxribatlarına aydınlıq gətirmiş oldu, “delimitasiya yoxdursa, sərhəd də yoxdur” tezisini öz dili ilə rəsmiləşdirdi. Azərbaycan və Ermənistanın arasında sərhəd müqaviləsi bağlanmadığına görə iki ölkənin sərhədlərinin bəlli olmadığını, dolayısı ilə də iki ölkə arasında sərhədlərin naməlum olmasını bəyan etdi. Prezidentin Laçında etdiyi çıxış həm də bir Yol Xəritəsi kimi dəyərləndirilir.

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında ilk böyük hərbi toqquşma bu ilin sentyabrın 13-də qeydə alındı, hər iki tərəfdən itkilər oldu. Azərbaycanla Ermənistan arasında danışıqlar nəticə vermədiyinə görə iki ölkənin təmas xəttində yenidən toqquşma mümkündür. Prezidentin Laçın şəhərində söylədiklərindən də bu nəticəyə gəlmək olur: “Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə Laçın şəhərinə getdi. Erməni separatçıları Laçını bu il avqustun 26-da boşaltdılar və şəhərə Azərbaycan Ordusu daxil oldu. Laçın şəhərinin içindən keçən dəhliz tarixə qovuşdu. İlham Əliyevin Laçında verdiyi açıqlamaların əhəmiyyətli hissəsi Ermənistana xəbərdarlıq xarakteri daşıyırdı. Birincisi, İlham Əliyev dedi ki, Laçında minlərlə mina aşkarlanıb. Bu minalar İkinci Qarabağ müharibəsindən sonra yollara basdırılıb. İlham Əliyev bunu Ermənistan hakimiyyətinin təxribatı kimi qiymətləndirdi. İkincisi, İlham Əliyev Ermənistanla Azərbaycan arasında sərhədin mövcud olmadığını bildirdi. Bu o deməkdir ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olmayıb. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladı və sərhədi müəyyənləşdirmədi. Çünki Ermənistan hesab edirdi ki, Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmayacaq və sərhəd müəyyənləşməyəcək. Ancaq Azərbaycan Ordusu Qarabağ ətrafındakı rayonları azad etdikdən sonra təmas xəttində yerləşdi. Sərhədin müəyyənləşməsi üçün danışıqlar davam etməli və sənəd imzalanmalıdır. Ancaq İlham Əliyevin sözlərinə görə, Ermənistan sərhədin müəyyənləşməsi ilə bağlı danışıqlara maraq göstərmir. Ermənistanın baş naziri müxtəlif görüşlərdə şifahi razılaşmalar verir, geri qayıtdıqdan sonra vədlərindən və razılaşmalarından imtina edir. Buna misal olaraq onun Ermənistan parlamentindəki son çıxışını göstərmək olar. Paşinyan dedi ki, Azərbaycanla sülh sazişi imzalamaq məcburiyyətindədir, bir neçə saat sonra öz sözlərindən imtina etdi. Nikol Paşinyanın bu davranışı Azərbaycan Prezidentinin real vəziyyəti dilə gətirdiyinin daha bir sübutudur. Üçüncüsü, Prezident İlham Əliyev dedi ki, Ermənistan Azərbaycana dəhliz vermək istəmir. Halbuki İlham Əliyevin sözlərinə görə, dəhlizin açılacağı ilə bağlı vəd verilmişdi. Azərbaycan Şərqi Zəngəzurda avtomobil və dəmir yolu tikib, Ermənistan isə heç bir tikinti aparmır. Bu o deməkdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələni də uzatmaq istəyir. Dördüncüsü, Prezident İlham Əliyev Azərbaycana heç bir təzyiqin nəticə verməyəcəyini də açıq şəkildə bildirdi. Məlumdur ki, ABŞ, Fransa və Rusiya liderləri İlham Əliyevə zəng ediblər. İlham Əliyev Laçından səsləndirdiyi fikirlərlə bu cür zənglərin onun qərarlarına təsir etməyəcəyini bir daha xatırlatdı. Bu, həm Azərbaycan cəmiyyətinə, həm Ermənistana, həm də adını çəkdiyimiz güclərə mesajdır”.

Politoloqun sözlərinə görə, Prezidentin Laçında dediklərindən həm də bu nəticəyə gəlmək olar ki, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktivliyi səbəbindən irəliləyiş yoxdur. Bu isə bölgədə yenidən müharibə ehtimalını artırır.

Azərbaycan Ramşteydəki anti-Rusiya tədbirinə dəvət edilib?

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov isə bildirdi ki, Prezident İlham Əliyevin dedikləri bundan sonrakı proseslərə öz təsirini göstərəcək mesajlardır: “Verilən mesajların bir neçəsi Ermənistan rəhbərliyinə və Ermənistanı dəstəkləyən bəzi xarici qüvvələrə istiqamətlənmişdi. Ermənistanı dəstəkləyən qüvvələr sentyabr döyüşlərindən sonra çalışdılar ki, Azərbaycanı işğalda ittiham etsinlər. Prezident İlham Əliyev Laçın şəhərindəki çıxışında Ermənistanın və ona dəstək verənlərin bu iddialarını tutarlı arqumentlə puça çıxardı. Prezident çox dəqiq şəkildə bəyan etdi ki, sərhədlər müəyyən olunmadığı, sərhəd xətti çəkilmədiyi üçün hər hansı sərhəd pozulmasından, işğaldan söhbət gedə bilməz. Deməli, Ermənistan nə qədər ki, gec deyil sərhədlərin delimitasiyası və demarkasiyası üçün real ciddi addımlar atmalıdır. Azərbaycan bunun üçün komissiya yaradıb. Lakin Ermənistan bu işi uzadır, praktiki fəaliyyətə keçilməsi istiqamətində heç bir addım atmır. Beləliklə, sərhədlərin delimitasiya işi Ermənistanın üzündən yubanır. Ona görə də bu gün Ermənistanın heç bir hüquqi əsası yoxdur ki, Azərbaycanın onların sərhədini pozduğunu iddia etsin. Prezident İlham Əliyevin Laçından verdiyi ən ciddi mesajlardan biri bu oldu. Prezidentin daha bir ciddi vacib açıqlaması hətta 19-cu əsrə və ondan da əvvəlki vaxtlara aid olan xəritələrin də Azərbaycanın əlində olduğunu bəyan etməsidir. Bu mesajın arxasında çox mühüm məqamlar dayanır. Onlardan biri odur ki, sovet dövlətinin tərkibində olan zaman Azərbaycanın torpaqları qanunsuz olaraq Ermənistana verilib, Azərbaycan bununla razılaşmayacaq, bütün amillər gələcəkdə komissiyanın fəaliyyəti zamanı öz əksini tapacaq. Heç kim bizə özləri üçün müəyyən elədiyi xəritələri, sərhədləri qəbul etdirə bilməyəcək. Prezident tərəfindən səslənən digər mühüm mesaj Ermənistanın müharibəni davam etdirməsi ilə bağlı oldu. Bu mesajdan gəlinən nəticələrdən biri hər an müharibənin başlaması ehtimalıdır. İlham Əliyevin çıxışı və xəbərdarlıq xarakterli mesajları Azərbaycanın heç bir təzyiq qarşısında bundan sonra da haqlı mövqeyindən geri çəkilməyəcəyinə bir daha əminlik yaratdı. Bu mesajlardan Ermənistan və ermənilərə dəstək verən qüvvələr nəticə çıxarmalıdırlar”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR