İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevə bu gün gələn məktubun SENSASİON ÇƏKİSİ – “Bu müharibə...”

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bayden ABŞ xalqı adından Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını yetirib, Novruz bayramının dinc, firavan, sevincli keçməsini diləyib.

BAY SON.jpg (174 KB)

O, regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün birgə çalışmağı arzu etdiyini vurğulayıb. Bəli, Bayden BİRGƏ çalışmaq istəyindədir.

Ermənistanın saysız-hesabsız səylərinə baxmayaraq, Azərbaycanın Avropa İttifaqı, ABŞ ilə münasibətlərini poza bilməyiblər. Qərbi Azərbaycana qarşı qaldırmağa çalışan erməni hamisi Fransanın da səyləri nəticəsiz qalıb.

semed.jpg (77 KB)

Baydenin İlham Əliyevə təbrik məktubunu dəyərləndirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Musavat.com-a açıqlamasında bildirib ki, belə səviyyədə hərəkət, söz, məktub, müraciət böyük bir siyasi çəkiyə malikdir:

“Azərbaycan Prezidentinə göndərilən məktub Amerika-Azərbaycan münasibətlərinə xüsusi işarədir. Bu münasibətləri korlamağa cəhd göstərən və ümumiyyətlə Azərbaycanı Qərbdən uzaqlaşdıran qüvvələr həddindən artıq aktivləşiblər. Faktiki olaraq Azərbaycana müharibə elan ediblər. Biz faktiki diplomatik müharibəni görürük. Biz bunu Avropada da – Avropa Parlamentində də görürük. Bilirsiniz ki, neçə illərdir Avropa Şurasında çalışıram.

ABŞ dünyanın ən güclü ölkələrindən biri olduğuna görə çox məsələlər oradan qaynaqlanır. Ona görə belə bir məktubun gəlməsi Novruz bayramının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsi ilə yanaşı, siyasi çəkiyə də malikdir. Bu siyasi məna ondan ibarətdir ki, Azərbaycan-ABŞ münasibətləri, o cümlədən Amerikanın milli maraqlarına həddindən artıq əhəmiyyətli olan bir məsələdir. Bütün başqa məsələlərə baxmayaraq, bu, çox vacib bir məsələdir. Ona görə ki, Azərbaycan öz siyasətində, yaratdığı işlərdə, qurduğu məsələlərdə əslində Qərbin maraqlarını hansısa formada bu regionda təmsil etmək iqtidarındadır və bunu da edir. Bizim neft, qaz müqavilələrimizlə, yaşıl enerji ilə bağlı və s. Ancaq bunun qarşısını almaq niyyətində olan qüvvələr məhz bu əlaqələri pozmaq istəyirlər, öz də həmin Qərbin maraqlarına zidd olaraq”.

Deputat qeyd edib ki, Qərbin içərisində Azərbaycanla bağlı həm mübarizə, həm də müharibə gedir:

“Bir tərəfdən Azərbaycanı Qərbdən qoparmaq istəyən qüvvələr - o qüvvələr regionda olan bəzi qüvvələrlə də birləşib, digər tərəfdən, Qərbin içərisində onun real maraqlarını dərk edən qüvvələr də mövcuddur. Onlar strateji anlarda, məqamlarda özlərini göstərirlər. Məsələn, bir neçə müddət bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı böyük bir tədbir keçirildi. Baxmayaraq ki, bir gün öncə Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etmişdi. Yaxud da ABŞ Konqresində sırağagün Frank Pallonenin bəyanatı Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə müşahidə olunurdu.

KONQRES SON.jpg (37 KB)

Ancaq bu gün Baydenin göndərdiyi və içərisində əlaqələrin qorunub saxlanılması ilə bağlı bir məktub var. Bu müharibənin, bu mübarizənin içərisində Azərbaycan haqq tərəfindədir. Ona görə də belə məktublar getdikcə çoxalacaq. Nə qədər də Azərbaycana qarşı hansısa mənfi cəhdləri göstərmək niyyətində olan qüvvələr mövcud olsa da”.

“Baydenin məktubu Ermənistanı müharibə fikrindən daşındıra bilərmi?” sualına isə Səməd Seyidov belə cavab verib:

“Ermənistan siyasətini davam etdirəcək, dəyişməyəcək. Onun siyasətinin nəyə və hansı məqamlara arxalandığı bəllidir. Çox təəssüflər olsun ki, bu siyasətin içərisində ikitirəlik var. Bu ikitirəlik özünü gündəlik şəkildə göstərir. Bəli, biz elə bir reallıq yaratmışıq ki, sülhə çox yaxınıq. Prezident İlham Əliyev bu barədə öz çıxışlarında konkret ifadələr işlədib. Lakin yaxın məsafəni dəf etmək üçün hələ böyük işlər görülməlidir. Bu böyük işlər Ermənistanın özündə cürət tapıb mövqeyini göstərməkdən ibarətdir. Təəssüflər olsun ki, bu gün Ermənistan öz mövqeyini ortaya qoya bilmir. Başa düşür ki, məsələn, Rusiyadan asılılığı həddindən artıq yüksəkdir. Ona görə yalnız aeroport gücünü göstərə bilir. Bu güclə də hər hansı bir formada Rusiyanın Ermənistanda maraqlarına təsir göstərmir. Ona görə ki, əslində hərbi baza oradadır, bütün iqtisadiyyat, bank sistemi Rusiyanın əlindədir və s. Ancaq bunlar hava limanı davasını gündəmə atırlar.

ZVAR.jpg (95 KB)

Niyə? Cavab çox sadədir. Ona görə ki, aeroport davası Qərbdə Ermənistanın imicini Rusiyaya qarşı hərəkət edən ölkə kimi təqdim edir. Başqa addımlarla yox, məhz aeroportla, 10-15 zabitlə bağlı. Ancaq bununla yanaşı, Ermənistan Qərbdə ciddi siyasət aparır ki, onunla maksimum şəkildə öz məsələlərini həll etsin.

NİKOL PASİNYAN.jpg (425 KB)

Bir vacib məqamı qeyd etmək istəyirəm. Burada Qərbin də ikiüzlülüyü özünü göstərir. Qərb Ukraynaya belə hansısa formada xəyanət etməyə hazırdır, ancaq Ermənistanla bağlı mövqeyi başqadır. Ona görə ki, Qərbin Ukrayna ilə bağlı münasibəti Ukraynaya dəstəkdir, ancaq Ermənistanla bağlı münasibət öz içərisində olan lobbinin, qüvvələrin istəyini təmin etməkdir. Ukrayna lobbisi yoxdur, olsa da, Ermənistan lobbisi kimi deyil. Qərbin içərisinə, iliyinə işləməyib, necə ki, Ermənistan işləyib. Ona görə Ermənistan-Qərb münasibətləri Ukrayna-Qərb münasibətlərindən kəskin şəkildə fərqlənir”.

“Azərbaycan-ABŞ münasibətləri yönündə hansı proqnozla çıxış edə bilərsiniz?” sualına Səməd Seyidovun cavabı belədir:

“Biz Azərbaycan-ABŞ əlaqələrinin pozitiv yöndə inkişafında maraqlıyıq. ABŞ-Azərbaycan dostluq qrupunun rəhbəri kimi bunun üçün əlimizdən gələni edirik. Ancaq reallığı da dərk etmək lazımdır ki, ABŞ siyasi elitasının içərisində - Konqresdə, Senatda, Dövlət Departamentində, Ağ Evdə bununla bağlı müxtəlif fikirlər var. Çox yaxşı ki, ABŞ-ın Azərbaycanla normal münasibətlərini, ikitərəfli, qarşılıqlı, müsbət əlaqələrin qurulması istiqamətində münasibətləri qurmaq istəyən qüvvələr bu gün hələ ki, üstünlük təşkil edir. Lakin ikinci tərəfin qüvvələri heç də sakitləşməyib. Biz bunu dəfələrlə həm Konqresdə, həm Senatda, həm də Dövlət Departamentində görmüşük”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR