Onlayn ictimai-siyasi qəzet
İlon Mask və Donald Tramp tərəqqipərvər bəşəriyyətin üzərinə açıq hücumlara keçəndə təəccüb edirdim ki, niyə bunlara cavab verən yoxdur. Bütün dünyanı pulunun çoxluğu ilə şantaj edən bu adamların cavabı da elə pulla, ekonomik üsullarla verilməliydi. Sözgəlişi, mən onların malik olduğu sərvətin mənbəyinin təmizliyinə də ciddi şübhə edirəm, lakin indi mövzu bu deyil. Deyirlər milyarder Rokfellerin də vaxtilə belə müdrik afyorizmi olmuşdur: “Mən sizə bütün milyonlarımın mənbəyini, necə qazandığımı göstərərəm, yalnız ilk milyon dollarımdan savayı. Onu necə əldə etmişəm, yaxşısı budur soruşmayın”.
Sevindirici haldır ki, dünyadan cavab gəldi. İlon Maskın “Tesla” maşınlarını, şirkətlərini hər yerdə boykot eləməyə başlayıblar, nəticədə biznesmen bəzən 1 gündə 8-9 milyard dollar itirdi. Hətta Tramp məcbur oldu əziz dost və sponsorunu reklam etsin: Ağ Evin önündə Maskı külfətiylə qəbul etdi və ondan qırmızı maşın aldı. Bu da ABŞ tarixində görünməmiş bambılı hərəkət idi ki, prezident iqamətgahın qabağında maşın alırdı, sanarsan ora hansısa maşın bazarı idi. Bazara oxşarlığı özümdən yazmıram, çünki Mask əraziyə bir neçə “Tesla” modeli (sürüb) gətirmişdi, Tramp qırmızı, sedan modeli seçib aldı. Bu qırmızı maşın bir qədər də Maskın vaxtilə kosmosu zibillədiyi məşhur qırmızı maşınına oxşayırdı.
Yeri gəlmişkən, Mask siyasətə başlayandan kosmik şirkəti “Space X”in də işləri düz getmir. Guya Marsa adam daşıyacaq raketin sınaqları artıq 8-ci dəfədir uğursuz bitir. Çünki adam öz işini tullayıb, ona aid olmayan məsələlərə burun soxur.
Tramp və Maskın darmadağın elədiyi əsas ABŞ qurumlarından biri ABŞ İnkişaf Agentliyi - USAİD idi. Onun dünya üzrə pul buraxdığı projelərin haradasa 85 faizini dayandırdılar. Dedilər ki, bu layihələrin çoxu səfeh mövzularda olub. Misal üçün, Qəzza bölgəsində təhlükəsiz seksin təbliği kimi şeylər (hərçənd sonra bunun ənənəvi Tramp-Mask dezosu olduğu da açıqlandı - orada bu cür böhtan-təkzib əməliyyatlarına adətkərdə olublar).
İstər-istəməz bu ictimai projelər teması bizim ölkəmizdəki oxşar fəaliyyətlər üzrə də paralellər aparmağa təşviq edir. İzahlı yazsam, bizim qeyri-hökumət təşkilatları da vaxtaşırı bu cür karikatur, tragikomik layihələr yazıb, pul alıblar. Həm xaricilərdən, həm öz hökumətimizdən. Məsələn, mənim yadıma gəlir, bir vaxtlar bizim jurnalistika təmayüllü QHT-lər xaricdən çoxlu pul alıb guya jurnalistikanın inkişafına təkan verirdilər, lakin sonra elə həmin QHT-lərin özündən şikayət edən (“pulumuzu, maaşımızı vermir”, “eşşəyin biridir” və sairə) jurnalistlər ordusu yaranmışdı.
Yaxud hökumətimiz QHT şurasını təzə yaradanda deputatlardan biri orada belə layihə keçirmişdi: “İmkansız ailələrin uşaqları üçün sünnət mərasimlərinin təşkili”. Sonra bu sünnətlər oldumu, hökumətin nəzarətçiləri projenin düzgün icrasına baxdımı - bunları bilmədik.
Nəzarət demişkən... Mən ötən yazılarımdan birində də toxunmuşdum, QHT şuramız mart ayında yeni projelər üçün pul ayırıb, bu münasibətlə şuranın mətbuat katibi qəzetə müsahibə vermişdi. Həmin müsahibədən belə məlum oldu ki, daha projeləri kimin aldığını açıqlamayacaqlar, ancaq QHT-nin öz adı bilinəcək, vəssalam.
Əlbəttə. Axı əvvəlki illərdə QHT yiyələrinin adı açıqlananda hökumətdən pulları hansı deputat və məmurların aldığı da bilinir, lüzumsuz söz-söhbətlərə səbəb olurdu. İndi isə “ver yeyim, ört yatım, gözlə canım çıxmasın”. Əla siyasətdir. Ümid edirəm yaxın gələcəkdə ümumiyyətlə dövlət büdcəsindən maliyyələşən QHT-lərin adı dövlət və hərbi sirr kateqoriyasına salınar.
Sonda həmin intervüdən bir parça. Açığı, belə maraqlı söhbətlər hələm-hələm olmur: “Ötən ilin yayında azad edilmiş ərazilərin birində açıq havada yerli əhali ilə ilanlardan qorunmaq, onlarla qarşılaşdıqda davranış qaydaları üzrə QHT-lərdən biri təlim keçən zaman təsadüfən təlim ərazisində ilan görünüb. QHT-nin işə cəlb etdiyi ixtisaslı mütəxəssislər həmin ilanı tutaraq xüsusi konteynerə yerləşdiriblər, bütün proses də əyani şəkildə iştirakçılara izah olunub. Ancaq biz həmin anların təsvirlərinə baxmaq istədikdə, məlum oldu ki, görüntülər yararlı deyil, ən maraqlı anlar buraxılıb. QHT-lərdən xahişimiz budur ki, peşəkar foto və videoçəkiliş işinə bu ildən çox diqqətlə yanaşsınlar”. Sitatın sonu.
Doğrudan da, ilanın tutulması üzrə layihədə ilan tutmaq unikal hadisədir.
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ