Onlayn ictimai-siyasi qəzet
“Baş nazir Nikol Paşinyan parlamentdəki son çıxışında “Qarabağ hərəkatı fəaliyyətini dayandırmalıdır” deməklə sanki bilərəkdən cini şüşədən çıxartdı. Onun bu açıqlamasından sonra radikal müxalifət təmsilçiləri “Qarabağ hərəkatına” dəstək ifadə etdilər, bir qrup erməni separatçısı isə İrəvanın mərkəzi meydanında çadırlar qurmağa başlayıb”.
Musavat.com-un məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, görünür, Paşinyana elə bu lazım imiş: “Paşinyan iki il əvvəl ona qarşı yürüşə başlayan, ancaq uğur qazanmayan keşiş Baqrat Qalstanyanı eyni üsulla taqətdən salmışdı. Əvvəlcə onun yürüşünə şərait yaratdı, aylarla davam edən müqavimət hərəkatı tərəfdar toplaya bilmədi. Biabır olan keşiş arxa plana keçdi”.
E.Şahinoğlu hesab edir ki, Paşinyan “Qarabağ hərəkatı” ilə mübarizədə erməni cəmiyyətinin əksər hissəsinin ona dəstək verəcəyinə arxayındır:
“Əks halda, baş nazir riskə gedib “əgər Ermənistan xalqı mənim qərarıma qarşı çıxarsa, o zaman mən Ermənistanın baş naziri olmayacağam” ifadəsini işlətməzdi. Ermənistan əhalisi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra “Qarabağ hərəkatı”, “Qarabağa qayıdış” kimi şüarlara dəstək verməyəcək. Paşinyan bu yolla seçiciləri arasında mövqeyini gücləndirməyə çalışacaq. Ermənistan əhalisi Paşinyanın “Azərbaycanla sülhə çalışmalıyıq” yanaşmasıyla radikal müxalifətin “Qarabağa qayıtmalıyıq” yanaşması arasında birinciyə üstünlük vermək məcburiyyətindədir. Çünki, ikinci seçim Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək”.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ