Onlayn ictimai-siyasi qəzet
Şolts soyadı bizə “Uzaq sahillərdə” filmindən tanışdır. Alman zabiti Şolts partizan Mehdini (Mixaylo) tutmaq üçün Vitovlye kəndinə gəlmişdi və “Mixaylo” adı ilə neçə dəfə asdırdığı, güllələtdirdiyi partizanın əsl personasını diri tutmaq istəyirdi.
Günümüzdə isə başqa bir Şolts məşhurdur. O da almandır. O da müharibəyə qarışıb. O da, prinsipcə, ruslara qarşı cəbhə alıb.
Bu, Almaniyanın federal-kansleri Olaf Şoltsdur.
Ancaq bir mühüm fərq var: Olaf Şolts həmvətəni zabit Şoltsdan fərqli olaraq ruslara qarşı sərt, kompromissiz mövqedə deyil və Ukraynanın tərəfini tutarkən bu ölkə iıə Rusiyanın arasında gedən müharibənin heç-heçə bitməsini istəyir.
Əslində isə bu müharibənin heç-heçə bitmək şansı itirilib. Rusiya 2014-cü il sərhədlərinə qayıtsa, bütün dünya onu məğlub sayacaq – elə Rusiya da özünü müharibədən məğlub çıxmış hesab edəcək.
Yox, Rusiyanın işğal etdiyi ərazilərin yarısı, hətta üçdə biri ona qalsa, bu dəfə də Ukrayna özünü məğlub sayacaq. Hərçənd Şolts və onun kimi düşünən liderlər hesab edirlər ki, ziyanın yarısından qayıtmaq da qazancdır.
Beləliklə, Şoltsun istədiyi odur ki, çox da səsə salmasınlar, ancaq Ukrayna minimal hesabla Rusiyaya uduzsun və Avropada gedən, hər an başqa ölkələri də çulğaya biləcək müharibə bitsin.
İtaliyanın “La Repubblica” yazır ki, Olaf Şolts Ukraynada tənzimləmə planı hazırlayır və Kiyevin ərazi güzəştlərini nəzərdə tutur. Qəzetin müşahisəsinə görə, Almaniya kansleri Ukraynanı sülh naminə ərazisinin bir hissəsini Rusiyaya verməyə razı salmaq istəyir.
Kreml başbilənləri isə "Şolts planı" haqqında yalnız mediadan bildiklərini söyləyirlər. Dövlət Duması onun açıqlamalarını "hiylə" kimi qiymətləndirir.
Qəzetin yazdığına görə, kansler son vaxtlar daxili siyasi problemlərlə üzləşib. Almaniyanın ZDF kanalının sorğusu göstərib ki, respondentlərin 77%-i onu zəif lider hesab edir, 75%-i də federal hökumətin fəaliyyətindən narazıdır. Kanal bu nəticəni “pis rekord” adlandırıb.
Ona görə də ehtimal olunur ki, Almaniyada keçirilən seçkilərdə dəstəyinin azalması fonunda Şolts “sülh kansleri” kimi şöhrət qazanmaq istəyir. Amma bu, belə olmaya da bilər. Çünki Şoltsun əsas qorxusunun necəsə Almaniyanın da bu müharibəyə qarışması olduğu iki ildir açıq-aydın sezilir.
Bundan əlavə, sentyabrın 1-də Almaniyanın şərqində yerli parlamentlərə keçirilən seçkilərdə Şoltsun tərəfdarları radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasına uduzublar. Kansler nəticələri “narahatedici” adlandırıb və partiyanın "cəmiyyəti parçaladığını və ölkənin nüfuzunu məhv etdiyini" söyləyib. Xüsusilə AfD Ukraynaya silah tədarükünü dəfələrlə tənqid edib və Kiyevə yalnız sülhə hazır olduğunu nümayiş etdirdiyi təqdirdə kömək etməyi təklif edib. Avropa Birliyi AfD-ni “Putinin təbliğatını aparmaq”da ittiham edib və haqlıdır. Bu partiya son illərdə Putinə, Rusiyaya rəğbəti ilə seçilir.
Eyni zamanda Şolts Ukrayna lideri Vladimir Zelenski ilə “məxfi söhbət” etdiyini bildirib. Alman siyasətçinin sözlərinə görə, sonuncu ilə yaxşı münasibət var. O, həmçinin Kiyevi dəstəkləməyə davam etmək üçün hər şeyi edəcəyinə söz verib. Solts onu da etiraf edib ki, seçkilərin nəticələri “bəzi” almanların Almaniya hakimiyyətinin Ukraynanı dəstəkləməsindən narazılığını göstərir.
Xristian Demokratik İttifaqından (XDİ) Bundestaqın üzvü Roderix Kizevetterin sözlərinə görə, Şolts Ukraynanı Rusiya şərtləri ilə “psevdosülhə” sövq etmək istəyir. Buna nail olmaq üçün Berlin tədricən Kiyevə yardımı azaldacaq və “uydurma danışıqları” dəstəkləyəcək.
"Kanslerin hərəkətləri proqnozlaşdırıla bilər, çünki onlar XDİ-nin Ukraynanı Rusiya tərəfindən qurulan psevdosülhə doğru çox incə şəkildə itələmək strategiyasına uyğundur", -Kizevetter deyib.
Deputat Şoltsun Moskvanın ikinci konfransda iştirakı ilə bağlı dediklərini də tənqid edərək deyib ki, bu cür təkliflər alman cəmiyyətində baş verənlərlə bağlı “yanlış rəylər” yaradır və Almaniyanın təhlükəsizliyinə xələl gətirir.
"Solts özünü “sülh kansleri” kimi təqdim etmək istəyir, lakin o, Ukraynanın vəziyyətini pisləşdirir və bununla da Avropa və Almaniyanın təhlükəsizliyini zəiflədir", - Kizevetter yekunlaşdırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, sülh planı hazırlandığı barədə media xəbərlərindən başqa Kremlə heç nə məlum deyil. “Orada hansı detallardan danışa biləcəyimizi bilmirik. Biz əvvəlcədən heç bir planı rədd etmirik, amma nədən danışdığımızı başa düşməliyik”, - Peskov deyib.
Məsələ həm də ondadır ki, Rusiya tərəfi cəbhədə azacıq uğur əldə edən kimi havaya girir, Kiyevə qədər getməkdən dəm vurur və hər hansı sülh planını rədd edir. Hətta Moskva cəbhədə uğursuzluqla üzləşəndə də kompromisə getməyi düşünmür, yenə gözləyir ki, Avropa və Ukrayna diz çöküb yalvarsın. Ukrayna və Avropa sülh çağırışları edəndə isə Kremldə dərhal belə bir qənaətə gəlirlər ki, düşmənin resursları tükənir, kapitulyasiya mərhələsindədirlər.
Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin üzvü Dmitri Belikin fikrincə, Qərb Şoltsu və onun planını irəli verməklə Moskvanın reaksiyasını öyrənmək istəyir. “Şolts Qərbin mümkün danışıqlar üçün zəmini yoxlamaq və sonra güzəştlər tələb etmək üçün Rusiyaya doğru buraxdığı sınaq şarıdır. Qərb Ukrayna üçün başqa yol görmür və bu yol bizim üçün qəbuledilməzdir”, - deyə deputat bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, ilk konfrans uğursuz olub, çünki müxtəlif ölkələrdən kifayət qədər yüksək səviyyəli nümayəndə toplamaq mümkün olmayıb, indi isə Kiyev və onun müttəfiqləri “özlərini reabilitasiya etməyə” çalışırlar.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 2-də bildirib ki, Moskva Ukrayna üzrə danışıqlara hazırdır, lakin ilk növbədə Ukrayna ordusunun Kursk vilayətinə işğalını dəf etmək lazımdır.
“Əlbəttə ki, Rusiya Federasiyasının ərazisinə, Kursk vilayətinə daxil olan bu quldurlarla və bütövlükdə sərhəd bölgəsində vəziyyətin sabitliyini pozmaq cəhdləri ilə mübarizə aparmaq lazımdır”, - Putin deyib.
Beləliklə, Ukrayna üzrə sülh danışıqları indilikdə mümkün görünmür. Tərəflər konstruktiv dialoqdan uzaqdırlar.
Şoltsun təşəbbüsünün sırf özündən gəldiyini çəkinmədən iddia etmək olar. Avropanın digər qüdrətli ölkələrinin liderlərinin Rusiyaya sərt münasibətləri fonunda onun mötədilliyi həmişə diqqət çəkib. Elə buna görə də ölkəsində Şoltsu, zəif, yumşaq lider hesab edirlər.
O isə öz xalqının tarixini də yaxşı bilir, Rusiyanın tarixini də. Ona görə də çıxış yolunu sülhpərvər olmaqda görür. Fəqət onun “sülhpərvər”liyi Ukrayna üçün kapitulyasiya deməkdir. Avropa liderləri isə Rusiyanın qarşısından qaçmağın qitə üçün çox zərərli olacağını düşünürlər.
“Uzaq sahillərdə” filmində Mixaylo fransız rəssam qılığındaykən çəkdiyi portretdə Şoltsun sifətinə lazımınca sərt ifadə verməsinə şübhə etdiyini bildirirdi, Olaf Şoltsda isə məhz sərtlik çatışmır.
Araz Altaylı, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ