Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və digər bir sıra qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, layihəni komitə sədri Arzu Nağıyev təqdim edib.
Müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov əsgərlik yaşının endirilməsini təqdir etməklə yanaşı, müqaviləli orduya keçidi də zəruri sayıb.
Bildirib ki, 44 günlük Vətən müharibəsində də müqavilə əsasında fəaliyyət göstərən insanların rolu daha böyük oldu. Komitə rəhbərinin sözlərinə görə, çox bahalı qiymətə alınan hərbi texnikanı gənc çağırışçıya həvalə etmək çətinlik yaradır. Həmçinin əsgərlərin hərbi xidmət müddəti bitdikdən sonra yeniləri çağırılır ki, bu da onların yenidən hazırlanması baxımından əlavə maliyyə sərf olunması deməkdir.
Siyavuş Novruzov qeyd edib ki, əsgərlik yaşının 30-a salınması təqdirəlayiqdir.
“18 yaşlı çağırışçı ilə 35 yaşlı çağırışçının xidmət keçməsi nizamnaməyə də uyğun gəlmir” deyən komitə sədri digər vacib məsələdən də bəhs edib.
Bildirib ki, keçmişdə 2 uşağı olanlar hərbi xidmətə çağırılmırdı, sonra qanuna dəyişiklik nəticəsində 3 uşağı olanlara güzəşt edildi.
“2 uşağın saxlanılmasının özü belə dövlətə köməkdir. Ata hərbi xidmətə çağırılır, ana işləyir, işləmir. Lap maddi imkan olsa belə, bunun mənəvi tərəfi var. İki uşaq atası il yarım öz valideynini görmür. Belələri də çox böyük sayda deyil. Gələcəkdə yenidən 3 uşaq məsələsini 2 uşağa endirsək, çox yaxşı olar”, - Siyavuş Novruzov deyib.
Layihə ikinci oxunuşda qəbul olunub.
E.Paşasoy,
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ