Onlayn ictimai-siyasi qəzet
Bakı Apellyasiya Məhkəməsi və Nərimanov Rayon Məhkəməsi səlahiyyətliləri barədə "MTN işi" üzrə zərərçəkmiş Hüseyn Səfərovun fikirlərinə münasibət açıqlanıb.
Bakı Apellyasiya Məhkəməsindən Musavat.com-a verilən məlumatda deyilir:
"Zərərçəkən Səfərov Hüseyn Nəriman oğlu özünün və digər zərərçəkənlərin şikayətlərinə baxılarkən qanunsuzluqlara yol veriləcəyi, Nərimanov Rayon Məhkəməsində çıxarılmış qanunsuz və əsassız qərarın apellyasiya instansiyasında da heç bir əsas olmadan qüvvədə saxlanılacağı, məhkəmə sədrinin qanunsuzluqlara şərait yaratmasına dair həqiqəti əks etdirməyən və ehtimala əsaslanan müraciəti olub.
İş üzrə zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə kənar müdaxilə və qanunsuz təsiri ilə bağlı ehtimallarına münasibətdə qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər".
Həmçinin bildirilib ki, Bakı Apellyasiya Məhkəməsində sözügedən iş üzrə icraat tamamlanmayıb:
"İşin məhkəmə baxışı 30 yanvar 2025-ci il tarixinə təxirə salınmışdır. Odur ki, hesab edirik ki, tamamlanmamış məhkəmə işləri, eləcə də qanuni qüvvəsini almamış yekun məhkəmə aktları barədə verilən qeyri-obyektiv müsahibələr xoşagələn hal olamamaqla yanaşı, həm də ölkə Başçısının məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi yenilikləri kölgədə qoymaqdadır.
Zərərçəkənlərin məhkəmə sədri tərəfindən qəbul edilməməsi ilə məlumatı təkzib edərək bildiririk ki, Səfərov Hüseyn Nəriman oğlunun qəbulla bağlı müraciətləri nəzərə alınaraq o, Bakı Apellyasiya Məhkəməsinin sədr müavini və məhkəmənin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul edilmiş, müraciətində qeyd edilən xüsusatlar əsas tutularaq ona prosessual hüquq və vəzifələri izah olunmuşdur.
Eyni zamanda qeyd edirik ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur".
Nərimanov Rayon Məhkəməsindən də Hüseyn Səfərovun fikirlərinə münasibət bildirilib. Musavat.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsi qeyd edir ki, Hüseyn Səfərovun Məhkəmənin böyük məsləhətçisi Emin Nəcəfov haqqında səsləndirdiyi “burada qəbul edilmiş qərarın üzərində dayanacam və nə qədər lazımdırsa pul verib apellyasiyada da qərarın üzərində dayanacam və nə qədər lazımdırsa pul verib apellyasiyada da qərarı qüvvədə saxlayacam” ifadəsi həqiqətə uyğun deyil və böyük məsləhətçisi Emin Nəcəfov belə bir ifadə işlətməmişdir.
Qeyd edək ki, "MTN işi" üzrə zərərçəkənlərin fikirləri Musavat.com-da “MTN işi” dalana dirənib – zərərçəkən intihar həddinə çatdırıldığını deyir" (https://musavat.com/news/mtn-isi-dalana-direnib-zererceken-intihar-heddine-catdirildigini-deyir_1138681.html)
sərlövhəli yazıda yer alıb.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ