Onlayn ictimai-siyasi qəzet
Söz vaxtına çəkər, 2020-ci ilin 5 yanvarında Musavat.com-da “Mübariz İbrahimov, yoxsa Qasım Süleymani” sərlövhəli müəllif yazısı yazmışdım. İndi ondan qısa bir hissəni səbəbsiz xatırlatmıram: “İki gün əvvəl bir taksi sürücüsü soruşur ki, “müəllim, bu Qasım Süleymani kimdir axı, feysbukda çoxu onun şəklini profilinə qoyub?” Deyirəm, filankəsdir. Sürücü bu dəfə heyrətlənməklə yanaşı, heyfslənir də… Deyirəm, onun şəklini qoyanlar beş-üç adam olar yəqin. Deyir, yox e...”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani 2020-ci ilin yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində öldürülüb. İndi bu mövzuya qayıtmağımızın səbəbi də hamıya bəllidir. İranda Qasım Süleymaninin öldürülməsinin ildönümü ilə bağlı baş vermiş terror aktı dünyanın xəbər başlıqlarında özünə ön sırada yer edib. Deyim ki, dəfn günü də Qasım Süleymaninin doğulduğu Kerman şəhərində izdihamda 80-dək adam həyatını itirmişdi, xeyli insan xəsarət almışdı və bu səbəbdən mərasim bir gün sonraya ertələndi, yanvarın 8-də general torpağa tapşırıldı.
Bu hadisənin Azərbaycanın sosial şəbəkələrində hansı reaksiyalar doğurduğunu çoxları xatırlayır.
“Əgər yad millətin yüz generalından da dəyərli olan Milli Qəhrəman Mübariz İbrahimova deyil, hansısa ölkənin generalına (siyasətçisinə) “vurğunluq” nümayiş etdirirsənsə, bunu gərək ətrafına izah edəsən. İzah et ki, ABŞ-ın düşmən və terrorçu, İranın isə qəhrəman hesab etdiyi generalına niyə yas saxlayıb tərif yağdırırsan? Şəklini öz şəklinin yerinə qoyursan?” Belə yazmaqda məncə, haqlı idim...
O zamandan Azərbaycanda o qədər hadisələr (İkinci Qarabağ müharibəsi, ərazi bütövlüyümüzün bərpası, minlərlə şəhidlərimiz, qazilərimiz...) olub ki, indi inanmıram, yenə bu cür pərəstişə həvəslənənlər olsun. Qısası, o vaxt seyid nəslindən olan Mübariz İbrahimovu “unudanlar” indi şəhid general Polad Həşimovun ruhundan utanar.
Hər kəsə öz qəhrəmanı əzizdir, nə yaxşı gənclərə nümunə olacaq Hikmət Mirzəyev kimi görəvdə olan generalımız da var...
Qasım Süleymaninin anım günündə baş vermiş terror aktı birmənalı lənətlənməlidir. Terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib, Azərbaycan XİN başsağlığı göndərib. 100-dən çox insanın günahı nəydi ki? Üstəlik, bu cür qanlı aksiyalarla hansısa şəxsə olan rəğbətin (sevginin, sitayişin) qarşısını almaq mümkün deyil.
İlkin versiyaya görə, məzarın yaxınlığında iki çantaya qoyulmuş partlayıcı qurğular məsafədən idarə edilib. Bu terror aktını planlaşdırıb həyata keçirənlərin arxasında kimlər durur, hansı ölkə(lər)in kəşfiyyatının barmağı var, İran daxilindəki qüvvələrin bu terror aktına bağlılıqları varmı? Bunlar hamısı indilikdə cavabı olmayan suallardır. Həm İran prezidenti, həm ölkənin ali dini rəhbərinin açıqlamalarında hələ “düşmənin kimliyi” göstərilməyib. Yəqin ki, qarşıdakı günlərdə bu terrora görə günahkarlar ya tapılacaq, ya da kimlərinsə üzərində qalacaq.
İran Yaxın Şərqdə oktyabrdan bəri davam edən Fələstin-İsrail müharibəsində aktiv hərbi rol almır, amma bütün bu gərginliyin arxasında əsas aktorlardan biridir. O səbəbdən İran terror aktının uzantılarını mütləq öncə xaricdə axtaracaq, əsas hədəf isə ABŞ və İsrail olacaq. Qasım Süleymaninin vaxtilə “Qüds” batalyonunun rəhbəri olması terror aktının hazırda Qəzzada baş verənlərlə birbaşa əlaqəsi olduğu mesajı kimi oxuna da bilər. Bu partlayışların ilkin xarakteristikası göstərir ki, hücum xaricdən planlaşdırıla bilər, amma onun icraçıları daxildədir. Bəllidir ki, partlayışlar Qasım Süleymaninin məzarı olan məqbərənin yaxınlığında baş verib. Məsələn, MOSSAD öz kəşfiyyatçılarını qəbiristanlığa göndərəcək qədər ağlını itirməyib. Üstəlik, ölkəyə xaricdən PUA hücumu olmayıb. O səbəbdən, İran rəhbərliyi indi bir az da çıxılmaz durumda ola bilər.
Əvvəla, İran kimi qapalı ölkədə bu cür müdafiə zəifliyi Tehran rejiminin müxalifətinə tənqidlər üçün əlavə arqumentlər verəcək. İkincisi, daxildən ölkəyə bu cür terror hücumuna verilmiş dəstək İranın hazırkı hakimiyyətinə qarşı qüvvələrin təhlükəli olduğunu göstərir.
İranın daxili siyasi konfiqurasiyası qəlizdir, o səbəbdən baş vermiş terakta görə hakimiyyətdən kimlərin cavabdehlik daşıdığını söyləmək də çətindir. Bəzi hərbiləşmiş qüvvələr prezidentə, bəziləri isə dini liderə yaxındır. Ona görə gözləmək olar ki, Süleymaninin anım günündə baş vermiş terror aktı təkcə Yaxın Şərqə deyil, İranın da daxili vəziyyətinə təsirsiz ötüşməyəcək.
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ