Onlayn ictimai-siyasi qəzet
“Hələ hüquq-mühafizə orqanları tərəfindən Ziba Osmanovanın günahkar olub-olmaması müəyyənləşməyib. Yol-nəqliyyat hadisəsi baş verəndə ilkin olaraq polis orqanlarında avto-texniki ekspertiza və tibbi ekspertiza təyin olunur”.
Bu sözləri Teleqraf.com-a vəkil Rəşad Əliyev müğənni Ziba Osmanovanın mayın 8-də Suraxanı rayonu ərazisində iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsindən danışarkən deyib.
Onun sözlərinə görə, tibbi ekspertiza ilə digər şəxslərə hansı dərəcədə xəsarət yetirildiyi, yüngül, ağır və az ağır olması dəqiqləşdirilir:
"Həmçinin həmin xəsarət dərəcəsinə uyğun olaraq onun əməli müəyyənləşir. Eləcə də avto-texniki ekspertiza təyin olunur. Bu zaman ekspertiza müəyyən edir ki, hadisənin baş verməsində avtomobil idarə edən şəxsin günahı olub, yoxsa olmayıb. Yaxud hadisənin qarşısını almaq üçün onun texniki imkanları müəyyən edilir. Bütün bunlardan sonra şəxsə qarşı ittiham elan edilir. Tibbi ekspertizanın nəticəsindən asılı olaraq şəxsin hansı əməldə ittiham edilməsi müəyyən olunur. Hadisədə cinayət tərkibi varsa, cinayət məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır. Ola bilər ki, heç bir günahı yoxdur. Bunlar müvafiq araşdırmadan sonra müəyyən olunur. İndiki halda Ziba Osmanovanın hansı cəza gözləyir sualına cavab vermək mümkün deyil”.
Qeyd edək ki, Ziba Osmanova mayın 8-də “Changan” markalı avtomobili ilə iki azyaşlını vurub.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ