İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar Bakıya gəldi, dünyaya və düşmənə mesaj verdi

Mustafa İlıcalı: “Bütün dünya bilməlidir ki, Azərbaycana qarşı edilən haqsızlıqlarda, hücumlarda həm də qardaş Türkiyəni qarşılarında görəcəklər”

Cənubi Qafqazla bağlı vəziyyətin kifayət qədər həssas olduğu, Ermənistanın təxribatlarının artdığı, maraqlı güclərin nüfuz savaşının gücləndiyi bir vaxtda Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib.

Hulusi Akar Azərbaycanda olarkən dünyaya, düşmənə və onun havadarlarına mesaj verib: “Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt tək deyil”; “Ermənistan artıq təxribatlardan əl çəkməlidir. Azərbaycanla sülh danışıqlarına fokuslanmalı, uzadılan barış əlini tutmalıdır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb”.

Mustafa Ilıcalı, Acun Ilıcalı ile akraba mı? Prof. Dr. Mustafa Ilıcalı kim,  nereli, kaç yaşında?

Mustafa İlıcalı

Ərzurumdan olan keçmiş millət vəkili, professor Mustafa İlıcalı bütün dünyaya verilən mesajdan söz açdı: “Hulusi Akar təkcə açıqlamaları ilə deyil, göstərdiyi fəaliyyətlə hər zaman Türkiyə Cümhuriyyəti olaraq, Azərbaycanın yanında olduqlarını göstərib. Bunu zatən daim iki qardaş ölkə bildirir. Boşuna "İki dövlət, bir millət" deyilmir. Azərbaycanla bağlı istənilən bir məsələdə Türkiyə Cümhuriyyəti sayın Ərdoğan başda olmaqla, eyni mövqedən çıxış edir. Hulusi Akarın Bakıda söylədiyi fikirləri hər kəs burada da dilə gətirir. Çünki bizi qardaşlıq münasibətləri birləşdirir. Bu hər zaman belə olub və sonuna qədər də bu cür olacaq. Bizim dar zamanda siz, sizin də dar zamanda biz yanınızda olacağıq. Bütün dünya bilməlidir ki, Azərbaycana qarşı edilən haqsızlıqlarda, hücumlarda, təzyiqlərdə təkcə Azərbaycanı qarşısında deyil, həm də ona qardaş ölkə olan Türkiyəni qarşısında görəcək".

Türkiyə təklənib, Azərbaycan dəstək verəcəkmi? - Əziz Əlibəyli - AKTOR.az

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Hulusi Akarın səfəri fonunda Azərbaycana qarşı erməni kartından istifadə edən güclərdən bəhs etdi: “Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsi müşahidə edilir. Burada Amerika və Fransanın erməni kartı üzərindən yeni bir dizayn formalaşdırmağa çalışdığı görünür. Təbii ki, bölgənin güclü dövləti olan Azərbaycanla Türkiyə bölgədə yaranan boşluqdan maksimum yararlanmalı və Cənubi Qafqaz üçün bir türk qüdrəti inşa etməlidirlər. Bu mənada Hulusi Akarın gəlişi İranın Azərbaycana artan hədələri fonunda, o cümlədən paralel şəkildə İsrailin müdafiə nazirinin də ölkəmizə maksimum dəstək nümayiş etdirməklə bağlı səfəri onu göstərir ki, bunların hər ikisi erməni kartı üzərindən Azərbaycana edilən hücumun qarşısını almaq niyyətindədir. Əlbəttə, Cənubi Qafqazda uzun müddət üçün sülh, sabitlik fürsəti yaransa da, təəssüflər olsun ki, hər an qarşıdurmanın olması mümkündür. Bu həm də onunla bağlıdır ki, bütün dünya erməniliyi, onun arxasında duran erməni lobbiləri qarışıq noyabr ayının 8-nə qədər bu hücumları, Azərbaycan əleyhinə olan fəaliyyəti davam etdirəcəklər. Onların geniş şəkildə arsenalına Azərbaycana qarşı sanksiya tətbiq olunmasına qədər geniş çeşidli üsullar daxildir. Biz davamlı olaraq müxtəlif konqreslərin çıxışlarını görəcəyik. Bu sıraya Avropa Parlamentindən də qoşulan deputatlar olacaq. Onlar hamısı Azərbaycan əleyhinə fon yaratmaq niyyətindədirlər. Bunu erməni kartı üzərindən etmək istəyirlər. Ona görə də belə bir informasiya axını artdıqca Azərbaycana da dəstəyin nümayiş etdirilməsi gözləniləndir. Bu yəqin ki, öz zirvəsinə noyabrın 8-nə, yəni Nümayəndələr Palatasına keçiriləcək seçkilərə qədər davam edəcək. Ondan sonra sönəcək”.

Politoloq: Bizə lazımdır ki, Paşinyan razılaşsın və sülh sazişinin mətni  üzərində iş başlasın

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu türkiyəli qonağın Bakıdakı açıqlamalarının əhəmiyyətinin misilsiz dərəcədə böyük olmasına toxundu: “İsrailin müdafiə nazirinin Azərbaycana səfərindən bir gün sonra Türkiyənin müdafiə naziri Hulusi Akarın Bakıya gəlişi təsadüfi deyildi. İsraillə Azərbaycan arasında gələcək illərdə də hərbi-texniki əməkdaşlıq genişlənəcək. Hulusi Akar da Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq mövzularını müzakirə edib. Onun Bakıda keçirdiyi görüşlərdə "hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt tək deyil", “Ermənistan artıq təxribatlardan əl çəkməlidir. Azərbaycanla sülh danışıqlarına fokuslanmalı, uzadılan barış əlini tutmalıdır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb” kimi mesajları əhəmiyyətli idi. Ermənistan bir daha xəbərdar edilir ki, Azərbaycanla sülh sazişi imzalasın, əks halda, bölgədə sabitlik olmayacaq və bundan ən çox Ermənistan zərər görəcək. Hulusi Akarın açıqlamalarında Rusiyaya, Qərbə və İrana da mesaj var. Rusiyadakı və Qərbdəki siyasi mərkəzlər ermənilərin Azərbaycana qarşı müxtəlif təxribatlarına haqq qazandırırlar, onlara dəstək verirlər. İranın hakimiyyət təmsilçiləri də tez-tez Azərbaycana “xəbərdarlıq” mahiyyətli açıqlamalar səsləndirirlər. Hulusi Akar “Türkiyə Azərbaycanın yanındadır” deməklə, Azərbaycanı hədəf götürmək istəyən bütün mərkəzləri xəbərdar edir. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazansa da, müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşib, təxribatların və dezinformasiyaların sayı artıb. Belə bir zamanda Hulusi Akarın Bakıya gəlişi və verdiyi açıqlamalar Azərbaycan üçün son dərəcə vacib idi. Digər tərəfdən, Azərbaycan ordu quruculuğunda Türkiyə və NATO standartlarına əsaslanır. Türkiyə nümunəsi ilə Azərbaycan Ordusunda yaradılan komandolar gələcəkdə Qarabağdakı separatçıların tərk-silah olunmasında vacib rol oynayacaqlar. Azərbaycan Ordusunda islahatların dərinləşdirilməsi, dağ döyüşlərində bilik və bacarıqların artırılması da Türkiyənin diqqət mərkəzindədir".

Asif Nərimanlı: ”Eskalasiyanın baş verməsi Ermənistana sərf edə bilər”

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı deyir ki, Hulusi Akarın Bakıya səfəri bir neçə kontekstdə diqqət çəkir:

" - Son sərhəd toqquşmasından sonra Ermənistan yeni hücuma hazırlaşdığını gizlətmir: bu ölkənin baş qərargah rəisinin müavini hücumla bağlı əmr aldıqlarını açıqladı;

- Etirazların yaşandığı İran diqqəti Azərbaycan üzərində fokuslayır və Tehranda Azərbaycanın Ermənistanla dövlət sərhədini bərpa etmək istəyinə qarşı mümkün müdaxilə ssenarilərinin nəzərdən keçirildiyi də istisna deyil;

- Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Türkiyədə “Bordobərəlilər”lə birgə təlimlərə başlayıb (4-14 oktyabr);

Adətən təlimləri iki ölkənin hərbi rəhbərliyi birgə izləyir, lakin bu dəfə XTQ-nin Türkiyəyə, Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlişi maraqlıdır:

İki ölkə mümkün risklərə qarşı birgə plan üzərində işləyir;

Ermənistanın gözlənilən təxribatına əks-cavab əməliyyatı istisna deyil;

Akarın nümayəndə heyəti ilə Bakıya gəlişi dövlət sərhədinin bərpası üçün praktiki addımların atılması zərurəti yaranacağı təqdirdə üçüncü tərəflərin mümkün müdaxilə riskinə qarşı çəkindirici mesaj xarakteri də daşıyır: üçüncü tərəf kimi daha çox İran aktivlik nümayiş etdirir, o cümlədən Fransanın da Ermənistana hərbi dəstək verməsi gözləntiləri var".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR