Onlayn ictimai-siyasi qəzet
“Heyət Tahrir eş-Şam” (HTŞ) “Taliban”a bənzəməyə başlayıb. “Taliban” 1990-cı illərin ortalarında Əfqanıstanda fəallığını artıranda bu təşkilatın ölkənin tamamına nəzarət edəcəyi proqnozlaşdırılmırdı. Təşkilat qısa müddət ərzində gücləndi, sıraları genişləndi. Bu gün Əfqanıstanı “Taliban” təmsil edir. Hətta ABŞ nə qədər çalışsa da, “Taliban”ı bitirə bilmədi, əksinə Əfqanıstanı bu təşkilata təhvil verərək ortadan sürüşdü”.
Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, vaxtilə dövlətlərin mütləq əksəriyyəti “Taliban”ı terrorçu təşkilatlar siyahısına salmışdı, ancaq illər keçdikcə yanaşma dəyişib.
Politoloqun sözlərinə görə, hazırda “Taliban”la əməkdaşlıq edənlərin sayı artıb: “İndiki dövrdə bu təşkilatla ikitərəfli və regional əməkdaşlıq mövzuları müzakirə edilir. Azərbaycanın da “Taliban”la dialoqu var, səfirliyimiz Əfqanıstanda bərpa olunub, təşkilatın nümayəndələri Bakıda keçirilən COP29 tədbirində iştirak ediblər. HTŞ Suriyada irəliləməkdə davam edərsə, bu təşkilatla da hesablaşanların sayı artacaq”.
E.Şahinoğlu vurğulayıb ki, HTŞ-ni digər terrorçu təşkilatlardan fərqləndirən önəmli amil qruplaşmanın Suriyadan kənarda fəaliyyət göstərməməsidir: “Misal üçün PKK və İŞİD kimi terrorçu təşkilatlar Suriyadan kənarda da terror əsdirir, partlayışlar törədirlər. HTŞ isə ancaq Suriyada savaşır. Buna baxmayaraq, nədən HTŞ bu qədər sürətlə irəliyə bilir? 30-40 minlik qüvvə ilə bu qədər şəhər və qəsəbəni neçə asanlıqla ələ keçirib? Bu məsələdə İraqla paralellər aparmaq mümkündür. ABŞ qoşunları 2003-cü ildə İraqa müdaxilə etdikdə müharibənin uzanacağı fikir mövcud idi. Ancaq Səddam Hüseynin ordusu savaşmadan şəhərləri, o cümlədən paytaxt Bağdadı ABŞ qoşunlarına təslim etdi. Yayılan xəbərlərə görə, ABŞ kəşfiyyatı Səddam Hüseynin generallarını pulla ələ almışdılar. İstisna deyil ki, Əsədin ordusundakı generallar da sabahlarını düşünərək şəhərlərdən geri çəkilirlər”.
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ