İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət komissiyası “Gədəbəy düyünü”nü aça biləcəkmi?

Komissiya süni gölə baxış keçirdi; ilkin araşdırmanın nəticələri açıqlandı

Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

İyunun 22-də Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri Gədəbəy rayonuna gəlib. Komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Elə həmin komissiyanın Gədəbəydə ilk iclası keçirilib. İclasdan sonra komissiya üzvləri Söyüdlü kəndindəki süni gölün yerləşdiyi əraziyə gedib. Onlar zavodun ərazisindəki tullantıxanaya - gölə baxış keçirlər. Komissiyanın sədri Muxtar Babayev bildirib ki, orada artıq monitorinq qrupları çalışmağa başlayıb: “Əhali ilə görüşəcəyik, bu gün və növbəti günlərdə toplanan materiallar təhlil olunacaq, hökumətə təqdim ediləcək. Hələ bir şey demək üçün tezdir”.

Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayevə məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərləşdirilir. Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.

Komissiya üzvləri həmçinin ərazidə olan ehtiyat gölə də baxış keçiriblər. Bunun ardınca komissiya üzvlərinin Söyüdlü kəndinin sakinləri ilə görüşü olub.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi cəmiyyətdə narazılıqlara səbəb olub.

Gədəbəydəki etirazların səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Kimi bunu qızıl mədəni uğrunda mübarizə, kimi hansısa qüvvələrin hakimiyyətə qarşı narazılıq yaratmaq istəyi ilə izah edir. Kənd sakinlərinin etirazının bilavasitə ekoloji problemlə bağlı olduğunu bildirənlər də var.

Hökumətin reaksiyası və komissiyanın tərkibi  onu göstərir ki, söhbət ekoloji problemlərə bağlanır. Hüquq-mühafizə orqanlarının komissiyanın işindən ayrı saxlanılması isə o mesajdır ki, əsas diqqət yalnız bu problemi doğuran səbəblərə yönələcək. Bu həm də sosial şəbəkələrdə guya aksiyaya görə kütləvi həbslər ola biləcəyi barədə iddiaları yalanlamış oldu.

Dünəndən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Azərbaycan Qafqazda təklənib” - Novella Cəfəroğlu

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, o və həyata yoldaşı 1980-ci illərin sonlarında Söyüdlü qızıl yataqlarının aşkara çıxarılmasını həyata keçirən geoloji ekspedisiya qrupunun üzvü olub. Həmin yataqlarda keyfiyyəti yüksək olan qızıl mövcuddur. Eləcə də ərazidə mis və sink yataqları da var: “Həmid Məmmədov ekspedisiya qrupunun rəhbəri idi. Mən qrupda kimyaçı kimi fəaliyyət göstərirdim. O zamandan biz çalışırdıq ki, mədənin istismarı zamanı təbii olaraq meydana gələn müəyyən tullantıların ətrafa, ekologiyaya mümkün qədər az zərər vurmasına nail olunsun. Yuyulma prosesində zərərli tullantıların meydana gəlməsi qaçılmazdır. Lakin indiki zamanda müasir texnologiyalar imkan verir ki, ətrafa heç bir zərər vurmadan mədən istismar edilsin. Mən baş nazirin sərəncamı ilə yaradılan komissiyanın bu məsələnin həlli üçün addımlar atacağına ümid edirəm.

Məsələnin etiraz aksiyası və polisin sərt davranışı ilə bağlı hissəsinə gəldikdə, Gədəbəydə baş verən hadisələr müəyyən qədər müəmmalı məsələdir. Təbliğat aparılır ki, guya həmin qızıl mədəni bir ailənindir. Bu, tamamilə yanlış və insanları məqsədli şəkildə aldatmağa yönələn fikirlərdir. Qızıl mədəni bir şəxsin və ya ailənin deyil. Qızıl yatağı dövlətindir. Dövlət də yatağın istismar edilməsini bəlli şirkətə qanuni müqavilə ilə həvalə edib. Azərbaycana xüsusilə indiki dövrdə çox böyük miqdarda vəsaitlər lazımdır. Bu cür qızıl mədənlərindən də Azərbaycanın dövlət büdcəsinə vəsaitin daxil olmasının nəyi pisdir? Sadəcə olaraq, dediyim kimi, istismar prosesinin ətrafa, ekologiyaya ziyan vurmaması üçün müasir texnologiyaları tətbiq etmək lazımdır.

Kənd sakinləri etiraz edirlərsə, yəqin ki, həm də onların heyvanlarının otlaq yerləri azalıb. Ona görə də narahatdırlar. Onların bu məsələlərlə bağlı, hər halda, müəyyən istəkləri var və qızıl yatağı, süni göl məsələsini əllərində “bayraq” edib etiraza qalxıblar. Vətəndaşın etiraz etmək hüququ şübhəsiz ki, var. Ancaq müşahidələrə görə, kənd sakinlərini məqsədli şəkildə qızışdıranlar olub. Məni maraqlandıran məsələ odur ki, kənd sakinlərini, xüsusilə də qadınları qabağa verənlər, sakinlərlə danışıqlar aparmaq əvəzinə onların üzərinə zirehli geyimli polis qüvvələrini göndərən, aşırı güc tətbiq etmək, zərurət olmadığı halda gözyaşardıcı qazdan istifadə etmək əmrini verən kimlərdir. Bax həmin şəxslər tapılmalıdır. Mən hesab edirəm və gözləyirəm ki, daxili işlər naziri Vilayət Eyvazov bu məsələnin üzərində ciddi dayanacaq və dediyim adamlar aşkara çıxarılıb cəzalandırılacaq. Sakinlər icra hakimiyyətinə, Ekologiya Nazirliyinə müraciətlər ediblərsə və müraciətləri cavabsız qalıbsa, onların etirazlarını anlayıram. Bu məsələ də araşdırılmalıdır ki, sakinlər bu hadisəyə qədər icra hakimiyyətinə, digər aidiyyəti dövlət orqanlarına müraciətlər ediblərmi və ediblərsə, müraciətlərinə cavab verilibmi. Kənd sakinlərinin qabağına polisdən öncə icra başçısı çıxmalı idi, danışıqlar aparılmalı idi. Yaşlı qadınların qabağa verilməsini də doğru hesab etmirəm. Polislərin isə o şəkildə sərt davranmasını yanlış hesab edirəm. Bunları təşkil edənlər mütləq cəzalandırılmalıdır".

Hüquq müdafiəçisi onu da dedi ki, indiki həssas dönəmdə Azərbaycanın diplomatik mübarizə apardığı bir vaxtda ölkəmizin dilini qısa etmək kimlərəsə lazım idi: “Məsələn, ermənilər deyəcəklər ki, Azərbaycanın ekofəalları 4 aydan artıq Ağdərədəki mədənləri ilə bağlı aksiya keçirdilər, bu gün Azərbaycan özü Gədəbəydə qızıl yataqlarının istismarında ekologiyaya zərər vurur və buna qarşı çıxan öz əhalisini döyür, gözünə qaz sıxır. Bu gün Azərbaycan üçün o qədər həssas zamandır ki, ermənilərin və Azərbaycana düşmən olan digər qüvvələrin əlinə zərrə qədər də bəhanə vermək olmaz. Mövqeyimizi zəiflədəcək heç bir hərəkətə yol verməməliyik”.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov isə bildirdi ki, baş nazirin sərəncamı ilə komissiyanın yaradılması lazımlı addım idi: "Bir neçə gündür müzakirələr gedir, əhali öz narazılığını bildirir və icra başçısı da insanlarla görüşüb. Zamanında düzgün qərara qəbul edilərək komissiya yaradıldı və dərhal da fəaliyyətə başladı. Komissiya yerində işləyəcək, məsələləri ciddi şəkildə araşdıracaq və aidiyyəti dövlət qurumlarına nəticə barədə məruz ediləcək və buna uyğun da addımlar atılacaq. Hesab edirəm ki, effektiv olacaq və problemin aradan qaldırılmasına təkan verəcək. Təəssüf ki, biz bu məsələlərdən digər zərərli məqsədlər üçün istifadə cəhdlərini də görürük. Bu, qəbuledilməzdir. Ona görə də belə vəziyyətlərdə hər kəs vahid dövlət mövqeyindən çıxış eləməyi bacarmalıdır. Yəni bu, ümumi bir problemdir və bu problemin aradan qaldırılması üçün addımlar atılır. Dövlət qurumları gərəkən bütün addımları ataraq öz yekun fikirlərini bildirəcəklər. Qarşıdurma bizə problem yarada bilər, dövlətimiz zərər görər. Ona görə də hər birimiz diqqətli olmalıyıq, qanunlara əməl etməliyik". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR