İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerin yarımçıq qalan səfərləri – Fürerin gerçəkləşməyən parad arzusu...  

İkinci Dünya müharibəsi illərində İosif Stalindən fərqli olaraq Adolf Hitler hərbi əməliyyatlar keçirilən və işğal olunan ərazilərə daha çox səfər edib. Araşdırmaçıların qənaətinə görə fürer bu səfərləri ilə qələbəyə inamını nümayiş etdirib. Düzdür, bu məsələdə sovet liderinin də ağılasığmaz addımları olub. Stalin 1941-ci ilin noyabrın 7-də, oktyabr inqilabının ildönümündə alman qırıcıları Moskvanın üzərində dövrə vuranda Qırmızı meydanda paradın keçirilməsi ilə bağlı əmr imzalayıb. Bu hərbi parad müharibə dövründə Hitler üçün ən böyük mənəvi zərbələrdən biri olub. Eyni zamanda Moskva ehtiyat paytaxta, Kuybışevə təxliyə ediləndə, Stalin son məqamda ona məxsus zirehli qatara minməkdən imtina edərək Kremlə qayıdıb. Bu faktlarla yanaşı sovet lideri fürer kimi cəbhə bölgələrinə can atmayıb.

Hitlerin işğal etdiyi Avropa ölkələrinə və SSRİ-dəki ərazilərə səfərləri tam məxfi şəkildə həyata keçirilib. Fürer məsafələri həm təyyarə, həm qatar, həm də avtomobillərlə qət edib.

Təyyarə ilə uçarkən onlarla qırıcı təyyarə Hitlerin təhlükəsizliyini təmin edib. Fürerin səfərləri üçün xüsusi vaqonlar da hazırlanıb. Onun qatarındakı zirehli vaqonlarda iş kabinetindən tutmuş hovuza qədər bütün şərait yaradılıb.

Avtomobillə yola çıxanda füreri üç maşın karvanı müşayiət edib. Birinci karvanda mühafizəçilər və yüksək ranqlı dövlət və hərbi məmurlar gediblər, ikinci karvan rabitəçilərə, tibbi personala, çəkiliş aparanlara, kargüzarlıq işləri ilə məşğul olanlara məxsus olub. Üçüncü karvan isə fürerin şəxsi personalı, aşpazı, dərzisi, qarderob işinə baxanı, bərbəri, təmizlik işləri görənlər üçün nəzərdə tutulub. Bu karvana xüsusi mətbəx maşını da əlavə olunub.

Hitlerin işğal olunmuş ərazilərə səfərləri alman qoşunlarında ruh yüksəkliyini və qələbəyə inamı artırmaq məqsədi daşıyıb. Bununla yanaşı, fürer həmin ərazilərdə dislokasiya olunan alman qoşunlarının komandanları ilə əməliyyat müşavirələri keçirib.

Müharibə dövründə Hitlerin SSRİ ərazilərinə ilk səfəri 21 iyul 1941-ci ildə Baltikyanı respublikalardan başlanıb. O, Latviyanın Malnava qəsəbəsində kənd təsərrüfatı texnikumunun binasında yerləşən “Şimal” ordusunun qərargahında əməliyyat müşavirəsi keçirib. Müşavirənin sonunda fürer “Şimal” ordusunun komandanı feldmarşal Vilhelm Leebə Leninqrad əməliyyatı ilə bağlı xüsusi tapşırıqlar verib. Hitlerin bu səfəri beş saat çəkib. Səfərin sonunda şərəfinə verilən ziyafətdən sonra o, Almaniyaya qayıdıb.

26 avqust 1941-ci ildə Hitler Brest qalası istiqamətinə səfər edib. Alman qoşunlarının itkisi bu bölgədə çox olduğundan fürer şəxsən özü məsələləri aydınlaşdırmağa qərar verib. Bu görüşdə onu Herman Görinq və İoahim fon Ribbentrop müşayiət ediblər. Səfər zamanı Hitler Belarusiyanın şimal hissəsinə əlavə qoşunların cəlb edilməsi ilə bağlı əmr imzalayıb. Bu səfər də bir neçə saat çəkib.

Hitlerin SSRİ ərazilərinə uzun müddətli səfərləri də olub. Bu məqsədlə onun üçün SSRİ-nin işğal olunmuş ərazilərində bunkerlər tikilib. Fürerin ən uzun müddətli səfərləri Ukraynada keçib. Bütövlükdə o, 138 gün Ukraynada olub. Ukraynanın Vinnitsa şəhərindən 8 kilometr aralıda, meşə massivində Hitler üçün bunker tikilib. Bunkerin inşası 1941-ci ilin payızında başlanıb. Onun yeraltı dərinliyi yeddi mərtəbədən ibarət olub. Bunkerdə müşavirə zalı, 150 nəfərin eyni zamanda nahar etməsi üçün yeməkxana, üç mətbəx, fürerin iş və istirahət otağı, üzgüçülük hovuzu, film nümayişi üçün zal, rabitə qovşağı, ərzaq, əşya və silah-sursat saxlamaq üçün anbarlar, elektrik, rabitə və su təminatı ilə bağlı otaqlar, it saxlamaq üçün xüsusi yer, seyflərlə təmin olunmuş kargüzarlıq kabinetləri və s. fəaliyyət göstərib. Tikintisi altı ay çəkən bunkerin beton divarlarının qalınlığı bir neçə metrdən ibarət olub. Bunkerin inşasını Almaniyanın hərbi tikinti təşkilatı olan “Todta” həyata keçirib. Bununla yanaşı, tikintiyə minlərlə sovet hərbi əsiri də cəlb olunub. Bunkerin inşası sona çatdıqdan sonra tikintidə işləyən son adama qədər, həm almanlar, həm də sovet hərbi əsirlərinin hamısı bunker haqqında məlumatların yayılmaması üçün güllələnib.

Bunkerin ərazisində Hitler üçün xüsusi fermer təsərrüfatı da yaradılıb. Vinnitsanın bütün sənaye, ərzaq və kənd təsərrüfatı müəssisələri bunkerin fəaliyyətinə xidmət edib.

Hitler məhz bu bunkerdə hərbi əməliyyat müşavirələri keçirib, müharibənin gedişatı ilə bağlı vacib sənədlərə bu bunkerdə imza atıb.

Fürer SSRİ-də ən az Rusiyaya səfər edib. 1943-cü ilin mart ayında isə ona Smolenskdə sui-qəsd cəhdi olub. Almaniya ordusunun generalı Smolensk səfəri zamanı Hitlerin təyyarəsinə partlayıcı maddə qoyub. Temperaturun aşağı olması nəticəsində partlayış baş verməyib. Bu hadisədən sonra Hitler Smolenskdə olan bunkerində iclas keçirib, Vermaxt strukturunda kadr islahatlarının aparılmasının zəruriliyini vurğulayıb və Stalinin fəaliyyətinə toxunub:

“Bütün bu hadisələrdən sonra mən Stalini dahi adlandırmağa məcburam. O, öz generallarının yarıdan çoxunu özü məhv edib. Mən bunu mənə sui-qəsd cəhdi hazılanandan sonra başa düşmüşəm və mən öz generallarıma yeni vəzifələr və səlahiyyətlər verməkdə böyük yanlışlığa yol vermişəm. Mərhəmətli olmaqdansa, Stalin kimi amansız olmaq lazımdır...”

1943-cü ilin sonlarında Hitlerin Qafqaza səfəri planlaşdırılıb. Amma fürerin bu səfəri baş tutmayıb. Belə ki, Vermaxt qoşunlarının Stalinqrad döyüşlərindəki məğlubiyyəti bütövlükdə müharibənin gedişini dəyişib və fürerin səfər proqramından SSRİ adlı məkanın adı birdəfəlik çıxarılıb. Ümumiyyətlə Stalinqrad döyüşlərindən sonra Üçüncü Reyx rəhbərliyinin qələbəyə inamı qırılıb. Hitler özü də dərk edib ki, böyük qələbədən sonra Moskvada, Qırmızı meydanda qələbə paradını keçirmək arzusu xəyaldan başqa bir şey deyil.

İlham Cəmiloğlu, Musavat.com

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR