Onlayn ictimai-siyasi qəzet
Doğum haqqında şəhadətnaməsində milliyyətinin və doğma dilinin “rus” yazılması Alfred Rozenberqin siyasi karyerasına problemlər yaradıb. Amma o, bu problemləri ən qısa bir müddətə aradan qaldırmağı bacarıb və faşist Almaniyasının ən nüfuzlu simalarından birinə çevrilib.
Alfred Rozenberq 1893-cü ildə Rusiya imperiyasının tərkibində olan Revel şəhərində (indiki Tallin), ruslaşmış alman əsilli ailədə anadan olub. O, evdar qadın olan anasını iki aylığında, çəkməçi işləyən atasını isə 11 yaşında itirib. Qohumlarının himayəsində böyüyən Alfred Rozenberqin uşaqlıq və yeniyetməlik illəri ağır keçib.
Orta məktəbini bitirdikdən sonra Alfred Rozenberq Riqa Politexnik İnstitutuna qəbul olunub. Birinci Dünya müharibəsi başlananda Moskvaya köçüb və Riqada yarımçıq qalmış təhsilini Moskva Ali Texniki Məktəbində davam etdirərək mühəndis-arxitektor ixtisasına yiyələnib.
1918-ci ildə Revelə qayıtdıqdan sonra Rozenberq gimnaziyada müəllim kimi ilk əmək fəaliyyətinə başlayıb. Müəllimliklə yanaşı o, həm də siyasi proseslərə və mətbuata böyük maraq göstərib.
Rusiyada 1917-ci ilin oktyabr inqilabı Rozenberqin siyasi düşüncələrinə mənfi təsir göstərib və siyasi baxışlarını köklü şəkildə dəyişib. Bütövlükdə bu siyasi prosesi qəbul edə bilməyib və Avropa mətbuatında Rusiyada cərəyan edən prosesləri tənqid edib. Məhz elə bu ərəfələrdə o, Reveldə fəaliyyət göstərən alman cəmiyyətlərinə üzv olmaq istəyib. Amma pasportundakı “rus” damğasına görə onu qəbul etməyiblər.
Reveldəki mövcud ictimai-siyasi atmosferdən uzaqlaşmaq üçün Alfred Rozenberq 1918-ci ilfdə Münhenə köçüb, araşdırma xarakterli yazıçılıq fəaliyyətinə başlayıb. 1920-ci ildə onu Almaniyanın qədim tarixini araşdıran “Tule” cəmiyyətinə üzv qəbul ediblər. Elə həmin illərdə də o, Adolf Hitlerlə tanış olub.
Çox keçməmiş, 1921-ci ildə Rozenberq “rus” damğasını sənədlərindən sildirərək nasist partiyasının üzvü olub, partiyanın orqanı olan “Volkiscer Beobachter” qəzetinə baş redaktor təyin edilib, Hitlerin siyasi fəaliyyətində yaxından iştirak edib.
Partiya xətti ilə vəzifə pillələrini sürətlə qalxan Alfred Rozenberqə Hitler xüsusi səlahiyyətlər verib. O, baş ideoloq kimi ölkənin xarici işlər naziri və təbliğat naziri ilə yanaşı ölkənin siyasi kursunu müəyyənləşdirməkdə əsas söz sahiblərindən biri olub.
Hitlerin komandasında Alfred Rozenberq savadı, məntiqi, iş məhsuldarlığı ilə fərqlənib. Müşavirələrdə hansısa bir mövzu ətrafında o, öz çıxışlarında fikirlərini elə əsaslandırıb ki, çıxışdan sonra heç kim onun fikirlərinə qarşı əks-arqument söyləyə bilməyib. Hitler öz görüşlərindən, kütlələr qarşısında çıxışlarından əvvəl mütləq şəkildə Rozenberqlə məsləhətləşib, bu sahədə onunla hesablaşıb.
1941-ci ildə Hitlerin təşəbbüsü ilə İşğal Olunmuş Şərq Torpaqları Nazirliyi təsis olunanda fürer bu vəzifəyə məhz Rozenberqi təyin edib. Həmin ilin may ayında, Almaniyanın SSRİ-yə hücumuna bir ay qalmış Hitlerlə Rozenberqin məxfi görüşü keçirilib. Həmin görüşdə Hitler Rozenberqə SSRİ-nin işğal olunacaq torpaqlarına da onun nəzarət edəcəyini söyləyib. Sonralar Rozenberqin tapılan 425 səhifəlik gündəliyində o, fürerin bu fikirləri haqqında aşağıdakı qeydləri yazıb:
“Hitler öz qələbəsinə tam əmin idi. Hələ SSRİ-yə hücum etməmiş onun işğal olunmuş ərazilərində hansı tədbirləri görəcəyini də planlaşdırmışdı. Bütün bu məsələlərə mənim rəhbərlik edəcəyim haqqında fürer qərar vermişdi. Bununla yanaşı, Hitlerin əmri ilə mən xüsusi səlahiyyətlərə malik idim ki, heç bir nazirdə bu səlahiyyətlər yox idi. Sutkalar ərzində ölkələrin Vermaxt tərəfindən işğal edilməsi Hitlerdə coşqu yaradırdı. Fransanın işğalından sonra mən bu ölkədəki nadir sənət əsərlərini Almaniyaya gətirəndə Hitler heyrətini gizlədə bilməmişdi və bunu mənim böyük xidmətim kimi dəyərləndirmişdi. Mən günbəgün fürerin ən etibarlı, ən sədaqətli silahdaşına çevrilirdim...”
Fürerin bütün coşqularına baxmayaraq, o, SSRİ ilə bağlı planlarını gerçəkləşdirə bilməyib, xəyalları reallaşmayıb. 1945-ci ilin aprelin sonunda Almaniya rəhbərliyi və Vermaxtın hərbi vəzifəliləri aradan çıxmağa cəhd edəndə Rozenberq də əvvəlcə Almaniyanın şimalına, oradan isə başqa bir ölkəyə keçməyi qərarlaşdırıb. Onun qaçmaq cəhdi baş tutmayıb və 1945-ci ilin mayın 19-da ABŞ və Britaniya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Alfred Rozenberq 3-cü Reyxin əsas hərbi cinayətkarlarından biri kimi Nürnberq məhkəməsinə çıxarılıb. 16 oktyabr 1946-cı ildə məhkəmə onun haqqında hökm çıxarıb: asılmaqla ölüm cəzası. Hökm həmin gün icra olunub.
3-cü Reyxin baş ideoloqu, elmlər doktoru, mühəndis-arxitektor, filosof, siyasətçi, yazıçı və ən nəhayət, faşist Almaniyasının ən qatı hərbi cinayətkarı Alfred Rozenberq edam olunanda 53 yaşı olub və o, məhkəmənin sonunda digər hərbi cinayətkarlardan fərqli olaraq son söz demək hüququndan istifadə etməyib.
İlham Cəmiloğlu, Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ