Onlayn ictimai-siyasi qəzet
Qış parkından mərkəzə doğru uzanan küçələrdə Hindistan vətəndaşları xeyli iaşə obyektini icarəyə götürüblər
Paytaxtın mərkəzi küçələrində kiçik müşahidə şəhərdə əcnəbilərin payının artdığını deməyə əsas verir. Nizami küçəsində Cənubi Asiyadan olduğunu ehtimal edə biləcəyimiz xarici ölkə vətəndaşları daha çox gözə dəyməyə başlayıb. Sahibkarların dediyinə görə, Qış parkından mərkəzə doğru uzanan küçələrdə Hindistan və Pakistan vətəndaşları xeyli iaşə obyektini icarəyə götürüblər. Onlar buralarda kompakt şəkildə yaşamağa da başlayıblar. Bu barədə bizimyol.info yazır.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2024-cü ilin birinci yarısında ölkəyə 1 milyon 231 min əcnəbi və ya yerli vətəndaşlığı olmayan şəxs gəlib. Keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım olduğu bildirilir. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı ən çox artıb (2,5 dəfə). Hindistandan gələnlər Azərbaycanda məskunlaşmağa çalışırlar. İndi onları təkcə şəhərin mərkəzində yox, mikrorayonlarda da yaşayan görürük.
Dövlət Statistika Komitəsinin məlumatında da qeyd edilir ki, Azərbaycana əyləncə və istirahət məqsədi ilə gələn turistlər arasında hindistanlıların payı artmaqdadır. Belə ki, 2024-cü ilin ilk yarısında Hindistandan 117.3 min turist Azərbaycana səfər edib və bunların da 111.8 mini istirahət və əyləncə məqsədi ilə gələnlərdir. Bu turistlərin hamısı təyyarə ilə ölkəyə gəliblər. Hindistanlı turistlər son statistik göstərici ilə Azərbaycana qonşu olan İran, Türkiyə və Gürcüstandan olan turistləri xeyli üstələyərək yalnız Rusiya Federasiyasından geri qalır.
Keçən ilin eyni dövründə Hindistandan gələn turistlərin sayı öncəki illə müqayisədə 69 564 nəfər və ya 165% artıb. Keçən ilin eyni dövründə bu ölkədən Azərbaycana 42 275 turist gəlmişdi. Hindistanlı turistlər ölkəmizdə xərc baxımından da ən çox valyuta gətirənlər sırasındadırlar. Məsələn, keçən ilin altı ayında bu şəxslər 84.33 milyon manat xərcləyərkən, cari analoji dövrdə bu rəqəm 254.13 mln. manata yüksəlməklə yalnız Rusiyadan geri qalır.
Bəs, hindistanlıların Bakıya artan marağına səbəb nədir - biznes, yoxsa...
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O deyib ki, ölkəyə iyun ayında təkcə Hindistandan deyil, digər ölkələrdən də gələn turist sayında artım var: “Hindistandan, Cənubi Koreyadan 2.3-2.5 dəfə artım var. Bu təkcə Hindistanla bağlı artım məsələsi deyil. Amma turist sayı azalan ölkələr də var. Əvvəl ərəb ölkələrindən daha çox turist gəlirdi, indi azalma var. Əlbəttə, 34 faiz artım çox böyük rəqəmdir, yəni 1 milyon 231 min. Amma rəqəm olaraq 1 milyon 231 min çox azdır. Gürcüstandakı turist sayının statistikasına baxsaq, orada 2022-ci ildə 5.4 milyon turist gəlib. Azərbaycanda hələ ötən il də 35 faizlik artım olmuşdu. Yəni ötən il də, bu il də artıb, ilin axırına iki milyona hələ çıxıb-çıxmayacağı bəlli deyil. Gürcüstanda 2022-ci ildə 5.4 milyon idisə, ötən il gələn turist sayı 6-7 milyona çatmışdı. İndi bizdə Hindistandan gələn turistlərin sayı çox az olub, indi bir qədər artıb. Bu artım da rəqəmlərdə böyük görünür. Amma ümumi şəkildə Azərbaycana gələn turistlərin sayı qonşu Gürcüstandan 2.5, 3 dəfə daha azdır. Gürcüstanın (Abxaziya və Osetiyanı nəzərə almadan) ərazisi, əhalisi Azərbaycandan azdır. Bunlara nisbətdə Gürcüstana gələn turist sayı 2.5, 3 dəfə bizi üstələyir. Bizim turizm potensialımız çox böyükdür. Hələ quru sərhədlər bağlı ola-ola turizm sayı 35 faizlə rekord vurub. Bizim turist qəbul etmək potensialımız bundan dəfələrlə çoxdur. Gürcüstan 5-6 milyon turist qəbul edə bilirsə, Azərbaycanda infrastruktur, təbiətinin gözəlliyi ən azı 8-10 milyon turisti rahat qəbul edə bilər. Turizmə çox böyük investisiyalar qoyulub, Qəbələdə, Qubada, Şəkidə, Lənkəranda, Bakıda böyük investisiyalar qoyulub. Ölkənin turizmində bir rəngarənglik var. Dediyim ondan ibarətdir ki, bu rəqəmlər - 2.5, 2.8 bizi aldatmasın, bu, böyük rəqəmlər deyil”.
O ki qaldı hindistanlıların Azərbaycanı marşrut olaraq seçməsinə ekspert qeyd edib ki, ölkəmizin mövcud statusu, pasportu Amerikaya turist ixracı üçün əlverişli deyil: “Ondansa insanlar Meksikadan keçib gedərlər. Azərbaycan Meksikaya yaxın ölkədir ki, buradan keçid edirlər. Bizim Hindistanda, ya da hindli turistin Azərbaycana gəlməsi məsələləri dəyişmir. Amerikaya getmək üçün ciddi turistik tələblər var. Azərbaycan hökumətinin Amerika vətəndaşlarının mübadiləsi, gedib gəlmək sahəsində xüsusi üstünlüyü də yoxdur. Hətta ciddi viza tələbləri mövcuddur. Yəni hindli turistlərin Amerikaya Azərbaycandan getməsi məsələsi real deyil. Azərbaycan ölkəyə daha çox turistin gəlməsi üçün maneələri aradan qaldırmalıdır. Bu zaman indiki rəqəmlərdən daha çox ola bilər. Vizasız şərtlər tətbiq edilsə, ölkəyə daha böyük turist axını ola bilər”.
Yeri gəlmişkən, bu il hotellərdəki yerlərin 80%-ə yaxını boş qalıb. Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.Qeyd edilib ki, 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1 milyon 851,7 min olub. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq 1 milyon 80,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 14,6 faizi Rusiya Federasiyası, 7,8 faizi Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbəkistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 faizi Bakıda, 5,0 faizi Qusarda, 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,0 faiz artaraq 770,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,6 faizini təşkil edir. 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 265,7 milyon manat olmuşdur ki, onun da 60,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 21,1 faiz səviyyəsində (78,9 faizi istifadəsiz) olmuşdur (2023-cü ilin yanvar-iyun aylarında 16,6 faiz, istifadəsiz 83,4 faiz). Bu göstərici Şabranda 49,1 faiz, Naftalanda 39,1 faiz, Bakıda 37,3 faiz, Qusarda 28,0 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ