İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın Türk və İslam qorxusu - ŞOK DETALLAR

Türkiyə-Pakistan-Azərbaycan birliyinə qarşı Ermənistanı silahlandıran ölkə - rəsmi Dehli Qarabağ məsələsində niyə Ermənistanın yanındadır?

Hindistana bağlı “the wire” saytı “After 'Weapons Transfer' Video, Azerbaijan Lodges Protest Against India-Armenia Defence 'Ties'” (“Silahların ötürülməsi” videosundan sonra Azərbaycan Hindistan-Ermənistan müdafiə “bağlarına” etiraz etdi) adlı analitik yazısında deyilir ki, iyulun 26-da bir azəri KİV-i yük maşınının İranın Nurduz sərhəd məntəqəsindən Ermənistana keçdiyini göstərən göy rəngli brezentin altında yükü əks etdirən video yayıb.

Həmin videoya əsasında Azərbaycan hökuməti Hindistana etiraz notası təqdim edib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görüş zamanı Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi Ermənistan və Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsindən və son günlərdə Hindistan istehsalı olan silah sistemlərinin İran üzərindən Ermənistana ötürülməsinə dair foto və videoların kütləvi informasiya vasitələrində yayılmasından narahatdır.

hikmet son.jpg (29 KB)

Sayt bildirir ki, Azərbaycanın Hindistanla diplomatik qarşıdurması Qarabağın yenidən böhrana sürükləndiyi bir vaxta təsadüf edir.

Hikmət Hacıyev Hindistanın Ermənistana öldürücü silahlar verməsinin iki Avrasiya dövləti arasında sülh sazişi üzrə aparılan danışıqlara zidd olduğunu bildirib.

Bunun Ermənistanın “militarlaşmasına” gətirib çıxaracağını və vəziyyəti daha da gərginləşdirəcəyini deyən Hacıyev iddia edib ki, Hindistandan silah ötürülməsi “Cənubi Qafqaz regionunda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl törədir”.

“Bu, həm Hindistanın özünü elan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti ilə, həm də Hindistanın tərəfdarı olduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq Prinsipləri” ilə bir araya sığmır”, - deyə Azərbaycan rəsmisi bildirib.

Bu görüş haqqında Azərbaycan mətbuatında ətraflı məlumat yayıldığına görə təfərrüata varmırıq. Ancaq sözügedən məqalədə bir önəmli məqama mütləq toxunmaq gərəkir: “Dehlidə yerləşən ORF beyin mərkəzinin təhlilinə görə, Ermənistana silah ixracı o deməkdir ki, “Hindistan Qarabağ münaqişəsində açıq şəkildə Ermənistanın tərəfini tutur və nəticədə Azərbaycana və onun himayədarlarına, o cümlədən Türkiyə və Pakistana müqavimət göstərməyə üstünlük verir. Həmçinin Ankaranın ekspansionist pantürkist ambisiyalarına qarşı çıxır”.

“Ankaranın ekspansionist pantürkist ambisiyaları” ifadəsi göydən düşməyib. Xatırladım ki, əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş Böyük Moğol İmperiyası türk dövləti olub. 1526–1857-ci illər arasında mövcud olmuş bu imperiya çağdaş Hindistanın az qala bütün ərazisinə nəzarət edib. Yəni Hindistanın türklərdən qorxmasının ciddi tarixi əsasları var. Daha öncə isə müsəlmanların yaratdığı Dehli sultanlığı 1206–1526 mövcud olub. 629-cu ildə Methalada tikilmiş məscid isə Hindistanda inşa edilmiş ilk və ən qədim islam məbəddir. Hazırda Hindistanda 220 milyondan artıq müsəlman yaşayır və hinduizmə tapınanlarla müsəlmanlar arasında ciddi münaqişə var. Bu barədə Qərb mediası illərdir ki, dönə-dönə yazır...

Hindistanın “economictimes.indiatimes.com” saytı da bu məsələyə məqalə həsr edib. Məqalənin adı xüsusi diqqətə layiqdir: “India supplies arms to Armenia via Iran corridor” (Hindistan İran dəhlizi ilə Ermənistana silah göndərir). Gördüyünüz kimi, bu başlıqda ciddi bir mətləbin açıq etirafı var.

Hindistanın “theprint.in” saytında gedən yazı isə belə adlanır:

“Azerbaijan protests after reports suggesting ‘Indian-made weapons entered Armenia through Iran’” (“Hindistan istehsalı olan silahların İrandan Ermənistana daxil olması” ilə bağlı xəbərlərə görə, Azərbaycan etiraz edib). Məqalədə vurğulanır ki, Pinaka reaktiv yaylım atəşi sistemlərinin Ermənistana çatması ilə bağlı xəbərlərin yayılmasından bir neçə saat sonra Azərbaycan Prezidentinin xarici siyasət müşaviri “ciddi narahatlığını” bildirmək üçün Hindistan nümayəndəsini yanına çağırıb...

pinaka son.PNG (439 KB) 

“Hindistanın “Pinaka” reaktiv yaylım atəş sistemi bütün dünyanın diqqətini öz üzərinə cəmləyib, çünki son məlumatlarda sistemin İran vasitəsilə Ermənistana çatdırıldığı və bunun qonşu Azərbaycanı narahat etdiyi bildirilir. Hindistan istehsalı olan “Pinaka MK-1” raket sistemi 38 kilometr məsafəni qət edə bilər, sürətli reaksiya müddəti və yüksək atəş sürəti ilə fərqlənir. “Pinaka” sistemi cəmi 44 saniyə ərzində 12 raket atır. Bu ixrac hazırda Ermənistanla qarşıdurmada olan Azərbaycanda narahatlıq yaradıb. Bu arada Hindistanın müdafiə ixracatı qlobal miqyasda ciddi uğurlar qazanır”. Hindistanın ən nüfuzlu media orqanı olan “The Hindustan Times” belə yazır.

Hindistanın digər media orqanı - “The EurAsian Times” da bu məsələyə xüsusi diqqət ayırıb. Rəqəmsal müstəvidə 2014-cü ildən fəaliyyət göstərən bu media orqanı əsasən dünya siyasətində müdafiə məsələlərinin analizi ilə diqqət çəkir. “The EurAsian Times” yazır ki, Ermənisatn Hindistandan silah almaq üçün 250 milyon dollar dəyərində müqavilə imzalayıb. Digər mənbələrdə isə 2023-cü ildə imzalanmış müqavilənin 263 milyon dollar dəyərində olması qeyd edilir.

“Pinaka MK-1” raket sisteminin parametrlərinə toxunan media orqanı “The Hindustan Times” yazdıqlarına onu da əlavə edir ki, “Pinaka MK-1” reaktiv yaylım atəş sisteminin bir briqadası 72 raket atmağa qadirdir. Ümumilikdə isə “Pinaka” alayı 3 briqada və ehtiyatdan ibarətdir. Diametri 214 mm olan raket 100 kiloqram faydalı yükə malikdir və tank əleyhinə minalar və digər döyüş başlıqları ilə təchiz oluna bilər.

Niyə Ermənistan “Pinaka” raket sisteminə üstünlük verir?

pinaka.jpg (139 KB)

“The EurAsian Times” bu suala belə cavab verir: Ermənistanın silahlı qüvvələri daha çox sovet dövründən qalma müdafiə sistemləri ilə təchiz olunub. 2015-ci ildə Ermənistan Rusiyadan bir neçə yeni sistem aldı. Ukraynada apardığı xüsusi hərbi əməliyyata görə, Rusiya çox güman ki, Ermənistanın silah sistemi ilə bağlı əlavə tələblərini yerinə yetirə bilmir.

Hindistan Ermənistan silahlı qüvvələrinin təchizatında yer alan Rusiyanın GRAD BM-21-ni əvəz edə biləcək “Pinaka” sisteminə sahibdir. Ermənistanın seçiminin digər mühüm səbəbi, ehtimal ki, onun düşməni Azərbaycanın dronlardan, o cümlədən qatil dronlardan çox istifadə etməsi olub.

Hindistanın raket sistemi dronların daxil olduğu döyüş meydanından sağ çıxmaq üçün çevik atışma qabiliyyətinə malik olmalıdır. Atəşdən sonra isə cəld gözdən itməyi bacarmalıdır. “Pinaka Mk-1” məhz bu qabiliyyətə sahibdir.

Ermənilərin seçiminin digər səbəbləri, çox güman ki, raketin ucuz olması, əməliyyatların sadəliyi, ehtiyat hissələrinin təminatlı tədarükü və raket sistemi ilə bağlı gələcək təkmilləşdirmələrin mövcudluğu ola bilər.

Ermənistan ordusunun “Qrad” sistemi ilə tanışlığına əsaslanaraq arxayınlıqla demək olar ki, ermənilərin “Pinaka Mk-1”i mənimsəməsi asan olacaq. 

Hindistan artıq ABŞ-ın M270 və HIMARS kimi uzaq məsafəni dəqiq vura biləcək “Pinaka Mk-2” sistemini hazırlayıb və sınaqdan keçirib. Bu sistem Amerika sistemindən heç də geri qalmır.

Silah ixracı Hindistanın inkişaf etməkdə olan çoxqütblü dünyada əhəmiyyətli bir güc kimi yetkinləşməsindən xəbər verir. ABŞ, İsrail və Fransa kimi bəzi aparıcı silah ixrac edən ölkələr münaqişə zonalarına ixracatla inkişaf edib.

Hindistanın da eyni şeyi etməkdən çəkinməsi üçün heç bir səbəb yoxdur. Hindistan dünya səhnəsində böyümək istəyirsə, fürsətlər yarandıqda istifadə etməli və özünü etibarlı müdafiə tərəfdaşı kimi göstərməlidir.

roket.PNG (221 KB)

Bəs Ermənistan neçə ədəd “Pinaka MK-1” sistemi alacaq?

Söhbət 4 ədəd reaktiv yaylım atəş sistemindən gedir. Bu sifariş Ermənistan tərəfindən 2022-ci ilin sentyabrında verilib.

Onu da bilməkdə fayda var ki, dəyəri 63 milyon dollar olan “Pinaka MK-1”i yalnız Ermənistan idxal edir. Bu silahın başqa alıcısı hələ ki, yoxdur. Bu fakt da özxlüyündə çox şey deyir. Belə bir silahın Ermənistanın əlinə keçməsinə görə narahat olmağa dəyərmi? Şübhəsiz ki, bu, ciddi məsələdir. Azərbaycan iqtidarının bu məsələyə operativ reaksiyası da məsələnin ciddiliyindən xəbər verir. O da təsadüfi deyil ki, “The EurAsian Times” yazır ki, Hindistanın Ermənistana sözügedən raket sistemini verməsi Azərbaycana yuxusuz gecələr yaşadır.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın dəyəri 115 milyon dollar olan uzun radiuslu S-300 zenit raket sistemini sıradan çıxara bilib. Ancaq belə faktlara söykənərək təhlükənin miqyasını azaltmaq olmaz. Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi isə ölkəmiz üçün əsas prioritet olaraq qalır. Çünki məhdud imkanlara malik olan Ermənistan sürətlə silahlanma yolu tutub. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR