Onlayn ictimai-siyasi qəzet
Pakistan Hərbi Hava Qüvvələri Hindistanın Adampur şəhərində S-400 hava hücumundan müdafiə raket sistemini məhv edib.
Musavat.com xəbər verir ki, məlumatı Pakistan Hərbi Hava Qüvvələri nin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr bölməsi yayıb: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 Thunder döyüş təyyarəsi tərəfindən atılan hipersonik raketlər Hindistanın S-400 hava hücumundan müdafiə sistemini Adampurda məhv edib. S-400 hava hücumundan müdafiə sistemi təxminən 1,5 milyard dollar dəyərində qiymətləndirilir".
Bundan əlavə, idarənin məlumatına görə, hərbi hava qüvvələri Hindistanın Haryana əyalətinin Sirsa şəhərində aerodromu məhv edib: "Hindistandakı Sirsa aerodromu dağıdılıb. Faktı Hindistan mediasının özləri də təsdiqləyib".
Qeyd edək ki, ötən gecə Hindistan Hərbi Hava Qüvvələri Pakistanın Nur Xan, Murid və Şorkot aviabazalarına hücum edib. Buna cavab olaraq Pakistan Hindistana qarşı “Banyan-ul-Marsoos” (Qurşunla örtülmüş divar) adlı genişmiqyaslı hərbi əməliyyat başlatdığını elan edib.
Geo TV Pakistan ordusunun ictimaiyyətlə əlaqələr departamentinin baş direktoru Əhməd Şərif Çaudhriyə istinadən xəbər verir ki, Pakistan ordusu hava hücumundan müdafiə sistemi mayın 10-na keçən gecə Hindistandan gələn raket hücumlarını uğurla dəf edib. Onun sözlərinə görə, “Hindistan raketlərinin əksəriyyəti havada məhv edilib, aviabazaların yaxınlığında düşənlər isə ciddi ziyan vurmayıb”.
Onu da bildirək ki, S-400 Rusiya istehsalıdır, Moskva onu dünyanın ən güclü hava hücumundan müdafiə sistemi kimi təqdim edir.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ