İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandan Ermənistana Azərbaycan qadağası - hiylə, yoxsa...

Siyasi ekspert: “İkinci Qarabağ müharibəsində həmin dövlətlər Ermənistanın harayına nə qədər çata bildilərsə növbəti müharibə olarsa, Ermənistanın harayına o qədər çata biləcəklər”  

Ermənistan Azərbaycana qarşı revanşist planlardan hələ də əl çəkməyib. Buna ən bariz sübutu onun öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq istəməməsi, Minsk Qrupunun rəsmən ləğvindən imtinası və ədalətli sülh sazişindən yayınaraq silahlanmağa davam etməsi, hərbi büdcəsini ildən-ilə artırmasıdır. İrəvanın əsas silah tədarükçüləri isə Fransa, Hindistan, qismən də ABŞ-dır.

Xəbər verildiyi kimi, Hindistan Müdafiə Nazirliyi son olaraq Ermənistana “Pralay” raketlərinin satışını təsdiqləyib, lakin müqavilədə məhdudiyyətin (şərtin) olduğu deyilir: “Ermənistan Hindistan raketlərini digər ölkələrin (təbii ki, söhbət ilk növbədə Azərbaycandan gedir - red.) ərazisindəki hədəflərə qarşı istifadə etməməyə, yalnız öz ərazisində istifadə etməyə borcludur”.

Bu barədə İrəvan mediası məlumat yayıb.

Qeyd edək ki, “Pralay” qısa mənzilli, kvazi ballistik, bərk yanacaqlı yer-yer raketidir və 150-500 km məsafədəki hədəfləri vura bilir.

Bu açıqlama nə dərəcədə həqiqəti əks etdirir, yoxsa Azərbaycanın başı altına “yastıq” qoymaq məqsədi güdür? Məsələ ondadır ki, Ermənistan coğrafi baxımdan strateji dərinliyi olmayan, uzununa cəmi bir neçə 100 km olan balaca ölkədir. O zaman bu silahları o, öz ərazisində necə, hansı şəraitdə və kimə qarşı istifadə edəcək? Azərbaycana ata bilməyəcəksə, niyə alır? Yaxud öhdəliyi pozub ölkəmizə qarşı istifadə edə bilərmi?   

Xəyal Bəşirov: "Bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də  təhlükəlidir" » Newscenter.az

Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın silahlandırılması  bir çox dövlətlərin bu regionu qarışdırmaq siyasətlərindən əl çəkmək istəmədiklərini göstərir. Eyni zamanda Ermənistanın silahlanması bu ölkənin sülhə deyil, müharibəyə hazırlaşmasının göstəricisidir. Ermənistan bir tərəfdən sülhə hazır olduğunu bəyan edir, o biri tərəfdən hətta öz ərazisinin uzunluğundan da uzaq məsafədə hədəf vura bilən silahlar almağa çalışır. Deməli, əlsində bu ölkənin sülh sazişini imzalamağa hazır olması barədə bəyanatları dünyanı aldatmağa hesablanıb. Təbii ki, istənilən dövlət silah arsenalını böyüdə bilər. Amma faktiki olaraq Ermənistan silahlandırılır. Məqsəd isə Ermənistanı qızışdırıb həvəsləndirib yeni müharibəyə qoşmaqdır. Ermənistana pulsuz silahlar verilir. İkinci Qarabağ müharibəsindən sonra bütün dünya gördü ki, Azərbaycan Ermənistanla yalnız işğala son qoyan müharibə apardı. Yəni Azərbaycan öz ərazisindəki Ermənistan silahlı qüvvələrini güc yolu ilə çıxarmaq və öz ərazilərini işğaldan azad etmək məqsədilə müharibə etmək məcburiyyətində qaldı. Bizim ikinci Qarabağ müharibəsində Ermənistan ordusunu çökdrüdüyümüz faktdır. Azərbaycanın kifayət qədər gücü var idi ki, müharibəni davam etdirsin və Ermənistan ordusunu sonuncu əsgər və zabitinə qədər məhv etsin. Amma Azərbaycan bunu etmədi, Azərbaycan öz şərti sərhədlərində dayandı. Bu bir daha göstərdi ki, Azərbaycan üçün silahlanma ancaq və ancaq işğaldakı ərazilərini azad etmək, ərazi bütövlüyünü təmin etmək və sərhədlərinin toxunulmazlığını təmin eləməkdir. Yəni Azərbaycan ona görə silahlanmayıb ki, qonşu dövlətə hücum etsin, qonşu ölkənin ərazisini işğal etsin. Ermənistanın isə silahlandırılması Azərbaycana qarşı hərbi hücum etmək, Azərbaycan ərazilərini ələ keçirmək məqsədi güdür. Bu gün Hindistan təminat verirmi və ya beynəlxalq ictimaiyyət buna zamin durumu ki, Ermənistan “Pralay” raketlərinə malik olsa həmin raketlərdən qonşu Azərbaycana qarşı istifadə etməyəcək?! Heç bir təminat verən yoxdur. Ermənistan reavnşist hisslərlə yaşayan, Konstitusiyasında qonşu ölkəyə qarşı ərazi iddiası olan bir dövlətdir. Ermənistan müharibəyə hazırlaşır və həmin o 500 kilometr məsafə qət edə bilən raketi bunun üçün alır. Əgər Ermənistan həqiqətən də öz ərazisini kimlərinsə hücumundan qorumaq istəyirdisə, hava hücumundan müdafiə sistemləri və ya müdafiə qabiliyyətli silahlar alacaqdı. Lakin bəllidir ki, Ermənistan hücum silahları alır. Özü də uzaqmənzilli, Ermənistan sərhədlərini aşan hücum silahları əldə edir. Ermənistan hakimiyyətinin Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ləğv etmək üçün referenduma getməməsi də müharibəyə hazırlaşdığının daha bir sübutudur". 

Ekspert vurğuladı ki, Azərbaycan hər an Ermənistanın hərbi hücumuna hazırdır və hazır olmalıdır: “Azərbaycan ən yüksək səviyyədə bəyan və xəbərdarlıq edib ki, bizə qarşı ediləcək hər hansı hərbi hücuma ən sərt şəkildə cavab tədbiri görəcəyik və yaranacaq vəziyyətə görə məsuliyyət məhz Ermənistanın və havadarlarının üzərinə düşəcək. Ermənistan silahlandırıldıqca ritorikası dəyişir, mənasız ümidlərə qapılır. Azərbaycan istənilən vəziyyətdə daha da ayıq-sayıq olmalıdır. Azərbaycanın təhlükəsizliyinə qarşı istənilən təhdid və hücuma Azərbaycanın cavab zərbəsi öldürücü olacaq. Bunun da məsuliyyəti bu gün Ermənistanın silahlandırılmasını həyata keçirən Fransa, Hindistan, Amerika və digər bir sıra dövlətlərin üzərinə düşür. İkinci Qarabağ müharibəsində həmin dövlətlər Ermənistanın harayına nə qədər çata bildilərsə növbəti müharibəyə cəhddə də Azərbaycanın cavabları olanda Ermənistanın harayına o qədər çata biləcəklər". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR