Onlayn ictimai-siyasi qəzet
Hindistan hakimiyyəti “Ləşkər-e-Taibə” radikal qruplaşmasının terrorçuları ilə Pakistan arasında əlaqəyə dair sübut təqdim etməyib və Yeni Dehli bölgədəki vəziyyəti sabitliyi pozmaq üçün terror hücumundan istifadə edib.
Musavat.com xəbər verir ki, bu fikri Pakistanın müdafiə naziri Xavaca Asif Britaniyanın Sky News telekanalına müsahibəsində deyib: "Onlar (Hindistan hakimiyyəti –red.) heç vaxt Pakistanı nədəsə sadəcə ittiham etmək və öz maraqlarına uyğun vəziyyət yaratmaq üçün heç bir sübut təqdim etməyiblər. Bizim bununla heç bir əlaqəmiz yoxdur".
Nazir vurğulayıb ki, “Ləşkər-e-Taibə” qruplaşması Pakistan ərazisində fəaliyyət göstərmir – ABŞ və Hindistan kəşfiyyat xidmətləri əlində heç bir sübut olmadan yanlış nəticələr çıxarıblar. Nazir əlavə edib ki, Pakistanın təhlükəsizlik orqanları regionda sabitliyi pozmaq üçün “hər şeyin səhnələşdirildiyini” müəyyən ediblər.
Hindistan tərəfinin hərəkətləri də Pakistan müdafiə nazirinin dediklərini sübut edir. Belə ki, Hindistan heç bir dəlil-sübut ortaya qoymadan terror aktında Pakistanı suçlayaraq, dərhal da İslamabadı zəif nöqtəsindən vurmağa çalışır. Söhbət 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsini dayandırmaq qərarından gedir. Bu müqaviləyə əsasən, İslamabada Hind çayının özü və onun Hindistan ərazisindən axan qolları olan Çenab və Jelum üzərində nəzarət verilib. Lakin Hindistan müqaviləyə əsasən, öz suyundan sahildəki sahələrin suvarılması və ətraf ərazilərin sakinlərinin ehtiyacları üçün istifadə edə bilir. Müqavilə ilə həmçinin Yeni Dehli Beas, Ravi və Sutlej çayları üzərində tam nəzarəti ələ keçirib. Bu müqaviləyə əsasən, Yeni Dehli və İslamabad məlumat mübadiləsinə razılıq verib, bu məqsədlə Daimi İndus Komissiyası yaradıblar.
Müqavilədə iştirakın dayandırılması qərarının ardından Hindistan mətbuatında bundan necə faydalanmaqla bağlı çoxsaylı müzakirələr başladılıb. Hindistanlı ekspertlər bildirirlər ki, bundan sonra müqaviləyə əsasən Pakistana ayrılmış qərb çaylarında su anbarı və ya suyun istiqamətinin dəyişdirilməsi layihələrini planlaşdırmaq, müqavilənin imkan vermədiyi digər addımları atmaq şərait yaranıb.
Mütəxəssislərin qeyd edirlər ki, Hindistan Pakistana su verilməsini birdən-birə dayandıra bilməz. Çünki buna lazım olan layihələrin həyata keçirilməsi üçün on il və ya daha çox vaxt lazım ola bilər.
“Tribun” qəzeti yazır ki, Pakistanla 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsini dayandırmaq qərarı Hindistana infrastruktur layihələri planlaşdırmağa imkan verir, lakin ona qonşu ölkəyə çay axınını dərhal dayandırmaq imkanı vermir.
Bildirilir ki, Hindistanın qərb çayları üzərində bir neçə hidroelektrik layihəsi var. Hökumət indi layihələrin işlənib hazırlanması və onların mümkünlüyünü qiymətləndirmək üçün imkanların yenidən qiymətləndirilməsinə göstəriş verə bilər. Bununla belə, Dehlidə yerləşən “Observer Research Foundation” analitik mərkəzinin məqaləsində qeyd olunur ki, çaylardan gələn su saxlanılarsa, Kəşmir vadisini su basa bilər. Üç çaydan yalnız birinin məcrasının dəyişdirilməsi yüzlərlə kilometr uzunluğunda süni çayın tikintisini tələb edir.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ