Onlayn ictimai-siyasi qəzet
Ölkəmizdə son illərdə ən çox yayılan cinayət növlərindən biri də bank kartı fırıldaqları, elektron hesabların talanması və insanları aldadaraq onların plastik kart məlumatlarını əldə edib pullarını ələ keçirmək hallarıdır. Bu cür halların sayının artması təkcə hüquq-mühafizə orqanlarını deyil, bank sektorunu, dövlət strukturlarını, həm də hər bir Azərbaycan vətəndaşını narahat etməyə başlayıb. Bu təhlükənin artıq qanunvericilik səviyyəsində daha ciddi nəzarət altına alınmasına qərar verilib. Milli Məclisin son iclasında Cinayət-Prosessual Məcəlləyə mühüm dəyişiklik edilib. Əgər əvvəllər belə cinayətlərlə bağlı istintaq tədbirlərinin icrası üçün məhkəmə qərarının alınması müəyyən müddət aparırdısa, indi bu müddət maksimum 24 saatla məhdudlaşdırılır. Bu isə o deməkdir ki, bank kartlarından oğurluq halları üzrə təxirəsalınmaz istintaq tədbirləri aparılacaq.
Statistik məlumatlar göstərir ki, son illərdə Azərbaycan bank sektorunda ən çox şikayət edilən məsələlərdən biri məhz kart fırıldaqlarıdır. Yüzlərlə insan "phishing" adı verilən elektron aldatma üsullarının, saxta zənglərin və sosial mühəndislik texnikalarının qurbanına çevrilib. Hətta bəzi hallarda zərərçəkənlərin özləri belə bank kartı məlumatlarını könüllü şəkildə dələduzlara təqdim ediblər.
Nəticədə hesabdan pul çıxarılır, iz sürətlə itirilir, vətəndaş isə həm maddi ziyana, həm də mənəvi sarsıntıya məruz qalır. Hüquq-mühafizə orqanları bu hallarda gecikəndə isə oğurlanmış vəsaitləri bərpa etmək demək olar ki, mümkün olmur. Yeni qanunvericilik dəyişikliyi bu boşluğu aradan qaldırmağa yönəlib.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, qanunda dəyişiklik bank kartlarından oğurluqlar zamanı hüquq-mühafizə orqanlarının hərəkətlərini sürətləndirəcək: “ Qanunvericiliyə edilən düzəlişə əsasən, bank kartlarından pul vəsaitlərinin talanması hallarında müstəntiq tərəfindən təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması barədə vəsatət məhkəmə tərəfindən 24 saat ərzində baxılmalıdır. Əvvəllər bu müddət daha uzun çəkdiyi üçün istintaq hərəkətləri, o cümlədən bank əməliyyatlarının bloklanması, tranzaksiyaların təhlili və s. ləngiyirdi. Bu isə oğurluq edilmiş vəsaitlərin izinin itirilməsinə, bəzən isə onların ölkədən çıxarılmasına şərait yaradırdı. Yeni mexanizm bu boşluğu aradan qaldırmaq məqsədi daşıyır. İstintaqın çevikliyi artırılacaq, hüquq-mühafizə orqanları daha tez müddətdə banklardan məlumat alacaq və zərərçəkmişin hüquqlarını müdafiə edə biləcək. İndi cinayətkarlar biləcəklər ki, polis və müstəntiqlər məhkəmə qərarını uzun müddət gözləməyəcək, banklardan əməliyyat məlumatlarını daha operativ alacaq, oğurlanmış vəsaitləri dərhal bloklaya biləcəklər. Bu isə cinayətkarın oğurladığı pulun izini itirməyə lazım olan zamanın aradan qalxmasıdır. Belə olanda oğurlanmış pul "dondurulacaq" və izi açıq qalacaq. Bu isə cinayətkarın kimliyini müəyyən etmə imkanlarını genişləndirəcək”.
Natiq Ələsgərov deyib ki, “bu, problemi tam həll edəcəkmi” sualına belə cavab verib: “Təəssüf ki, təkcə qanunla mübarizə tam nəticə verməyəcək.Çünki bu cür fırıldaqlar texnologiya ilə bərabər dəyişir və inkişaf edir. Ən güclü qanun da, ən çevik polis də insan faktoru olmadan bu savaşı uda bilməz. Hər bir kart sahibi bilməlidir ki, bank heç vaxt telefonla sizdən PIN-kod, CVV və ya SMS kod istəməz. Heç bir "bank əməkdaşı" kartınızla bağlı təhlükəli vəziyyət bəhanəsi ilə sizdən məlumat tələb edə bilməz. Ən yaxşı müdafiə məlumatlılıqdır. Bu səbəbdən də hüquqi bazanın gücləndirilməsi ilə yanaşı geniş maarifləndirmə kampaniyalarına ehtiyac var. Xüsusilə yaşlı nəsil, texnologiyaya bələd olmayan əhali risk altındadır. Əlbəttə ki, banklar da məsuliyyətdən kənarda deyil. Onların təhlükəsizlik sistemləri daim yenilənməli, şübhəli əməliyyatlar avtomatik dondurulmalıdır. Müştəriyə hər alış-veriş barədə dərhal bildiriş göndərilməli, qəribə və qeyri-adi əməliyyat baş verəndə bank dərhal xəbərdarlıq etməlidir. Bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da müştəri vəsaitlərinin oğurluq hallarında bankın müəyyən sığorta ödənişi etməsi mexanizmi yaradılmalıdır. Çünki vətəndaşın ən böyük qorxusu odur ki, pulu getsə, bərpa etmək mümkün olmayacaq”.
Natiq Ələsgərov Azərbaycan banklarının təhlükəsizlik infrastrukturunda müəyyən boşluqlar mövcud olduğunu da vurğulayıb: “Məsələn, bütün banklar iki mərhələli identifikasiya mexanizmini (2FA) tətbiq etmir, SMS kodları bəzən digər ölkələrdən gələn hücumlara qarşı zəif müdafiə təmin edir. Sosial mühəndislik (phishing) üsulları ilə edilən oğurluqların əksəriyyəti vətəndaşların məlumatsızlığından qaynaqlanır. İnsanlar hələ də bank "əməkdaşlarının" zənginə aldanır, kart məlumatlarını könüllü təqdim edir. Bir çox hallarda oğurlanmış vəsaitlər xarici hesablara ötürülür. Bu isə Azərbaycanın milli yurisdiksiyasını aşır və beynəlxalq hüquqi əməkdaşlığın zəruriliyini ortaya qoyur”.
Natiq Ələsgərov qanuna edilən dəyişikliyin qısa və orta müddətdə verə biləcəyi nəticələri də sadalayıb:
“Məhkəmə qərarının 24 saata verilməsi oğurluq hallarının tez aşkara çıxaracaq. Yəni hüquq mühafizə orqanı əməkdaşlarının bank məlumat bazasının əlçatanlığı asanlaşdırılır. Amma dələduzların bu riskləri nəzərə alaraq metod dəyişməsi mümkündür. Banklar kart sahiblərinə əlavə autentifikasiya vasitələri təqdim etməli, mobil bildirişlər və əməliyyat təsdiqləmə mexanizmlərini təkmilləşdirməlidir. Hüquq-mühafizə və bank sektorları arasında informasiya mübadiləsi üçün sürətli və təhlükəsiz elektron sistem qurulmalıdır. İnterpol və digər beynəlxalq strukturlarla birgə təhqiqat imkanları genişləndirilməlidir. Çünki oğurluq halları çox vaxt xarici serverlər və elektron pulla bağlı olur. Əhalinin maliyyə savadlılığının artırılması dövlət siyasətinin prioritet istiqamətinə çevrilməlidir. Azərbaycan Cinayət-Prosessual Məcəlləsinə edilən bu dəyişiklik bank kartları ilə bağlı fırıldaq hallarına qarşı mübarizədə müsbət addımdır və hüquq-mühafizə orqanlarının operativ imkanlarını artıracaq. Lakin yalnız hüquqi tənzimləmə ilə problemin tam həllinə nail olmaq çətindir. Texnologiya, maarifləndirmə və beynəlxalq əməkdaşlıq paralel inkişaf etdirilməsə, cinayətkar qruplar yeni üsullarla fırıldaqları davam etdirə bilər. Qanunun ruhuna uyğun icra mexanizmi və bank sektorunun çevik reaksiyası təmin olunarsa, bu dəyişiklik real nəticələr verə, bank sektoruna ictimai etimadı artıra bilər”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ