İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, pasiyentlərin həyatı üçün ciddi təhlükə yarada bilər – Rəşad Mahmudovdan ÇAĞIRIŞ

“Sertifikasiya imtahanından keçə bilməyən həkimlərin vəzifə maaşlarının 6 ay müddətində saxlanılması və iş yerlərinin qorunması hüquqi baxımdan sosial ədalətin təmini və həkimlərin rifahı baxımından təqdirəlayiq bir addımdır. Lakin bu müddəanın praktiki tətbiqi zamanı səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyəti baxımından bəzi çətinliklərin yaranması mümkündür və bu məsələyə indidən diqqət yetirilməlidir”.

Musavat.com-un məlumatına görə, bunu deputat Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bölgələrdə 24 saat fasiləsiz fəaliyyət göstərən dializ mərkəzlərində çalışan yeganə nefroloqun sertifikasiya imtahanından keçə bilməməsi və nəticədə hüquqi olaraq onun müvəqqəti şəkildə işdən kənarlaşdırılması həmin mərkəzin fəaliyyətini iflic edə bilər:

“Bu isə orada hər gün həyati əhəmiyyət daşıyan müalicə alan pasiyentlərin sağlamlığı və həyatı üçün ciddi təhlükə yarada bilər”.

Rəşad Mahmudov deyib ki, belə hallarda həmin həkimin əvəz olunması üçün yeni ştat cədvəlinin təsdiqi, əvəzləyici mütəxəssisin tapılması və işə qəbul prosedurlarının həyata keçirilməsi zaman tələb edir:

“Bu da vətəndaşların tibbi xidmətlərə əlçatanlığında boşluqlar yarada bilər. Bu baxımdan hesab edirəm ki, artıq qəbul olunmuş bu qanunun tətbiqi mərhələsində aşağıdakı məsələlərin icrası xüsusilə vacibdir: Ehtiyat kadr bazasının formalaşdırılması; Regional rotasiya əsaslı əvəzləyici mexanizmlərin hazırlanması; Keçid dövrü üçün müvəqqəti fəaliyyət icazələrinin hüquqi əsasda nəzərdən keçirilməsi və bütün bu proseslərin həyata keçirilməsi üçün çevik maliyyə dəstəyinin təmin olunması”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR