Onlayn ictimai-siyasi qəzet
Şifahi leksikonumuzda elə sözlər var ki, onları heç vaxt yazıya almırıq, qadın-uşaq, ağsaqqal-ağbirçək yanında dilə gətirmirik. Düz edirik, burası heç. Ədəb deyilən bir şey var.
Amma başqa xalqlar bu leveli keçiblər – xüsusilə də bədən əzalarının, demək olar ki, hamısını öz adıyla necə var, deyirlər də, yazıya da gətirirlər.
Məsələn, qardaş Türkiyədə və keçmiş qardaş Rusiyada belədir. Ta hər sözü yazırlar. Məşhur Ylmaz Özdilin yazılarında elə sözlər vardı, amma, insafən videolarında yoxdur. Görünür, qardaş yazanda utanmır, deyəndə utanır.
Biz ikisində də utanırıq. Biz – yəni jurnalistlər. Düzdür, axır vaxtlar sosial şəbəkədə belə ifadələrə rast gəlinir, amma ərkimiz ötənlərin inboksuna yazıb tövsiyə edirik ki, belə biədəb ifadələr işlətməsinlər. Aralarında sözə qulaq asan da var, asmayan da.
Dünən dostlar bir video paylaşıblar, müğənni olduğu deyilən xanımı kim əsəbiləşdiribsə, fevral xəzrisinə məruz qalmış dəniz kimi kükrəyib, hüquq-mühafizə orqanlarının bəzi işçilərinə ünvanladığı monoloqda 4-5 dəfə biədəb ifadələr işlədir. O sözlərin ən yumşaqları bunlardır: “petux”, “şərəfsiz”, “peysər”. O biriləri heç, “hünərin çatırsa” sözünün sinonimi kimi gedir.
Bəlkə də hiddətlənmiş qadın haqlıdır, çünki sözündən belə çıxır ki, nəsə bir inzibati xətası olub və kimsə ona bu işi salam-səfa ilə bağlamaq üçün nəsə təklif edib. Qadın müənnidirsə, bu, o demək deyil ki, o, hər yetənə özəl konsert verməlidir və ya kabinetinə gedib, diz çöküb, baş əyməlidir.
Göründüyü kimi, laübalı məsələdir, ortada qeyri-müəyyən detallar var. Amma burası dəqiqdir ki, qadın hikkəli monoloqunu sosial şəbəkələrdə yayıb və konkret olaraq bəzi əlaqədar cənablara meydan oxuyub.
İndi onun bu çıxışından, xüsisilə ritorikasından narazı qalanlar və “pis nə danışıb ki” sualı ilə çıxış edənlər var. Bəziləri xanımı hiddət və şiddətlə qınayır, bəziləri də riqqət və diqqətlə müdafiə edirlər.
Elə adamlar da var, ona vurğu salırlar ki, başqaları bu cür danışanda tutub aparıb içəri salır, üzr istədir, videoya çəkir, necə deyərlər, “sındırıb” buraxırlar, amma hansısa müğənni qadın daha betər sözlər deyəndə və ya hərəkətlər edəndə bir söz deyən olmur.
Yadıma düşür ki, 5-6 il öncə aldığı sosial kompensasiya ilə çoxlu qarpız alıb həyətində təpikləyib sındıran və bunu videoya çəkib necə bomba oğlan olduğunu ölkəyə göstərən oğlanı it peşmanı etmişdilər, üzr videosunda səsi güclə çıxırdı. Başqa bir “videokamera lotuluğu” edən gədə üzr videosuna çöməltmə oturaraq çəkilmişdi. Hərifin uzun tellərini də qırxıb tamamilə “çurban” gününə qoymuş, bununla da onun gələcək “blatnoyluq” karyerasını beşiyindəcə boğmuşdular.
Belə şeylər çox olub. Düzü, qədirbilən xalqımız da bir ara elə videolara vərdiş eləmişdi. Ona görə də cəmiyyətə, orqanlara, əhali qrupuna meydan oxuyanların videosunu görəndə hamı elə bilir ki, bir-iki günə üzr videosu da çıxmalıdır. Çıxmayanda olmur, elə bil, serialın bir bölümünə baxırsan, amma ikinci bölümünü vermirlər.
Bu, düzgün deyil. Xalq hər şeyi bilməlidir. Onun çox şeyə olmasa da, buna haqqı var. Çünki xalqı çörək və tamaşa ilə imtahana çəkmək olmaz. Bu üzdən dəniz kimi coşan, aslan kimi kükrəyən müğənni xanımın söhbətinin mabədi mütləq olmalıdır. Ya ona “boyun əymək” kimi xoşagəlməz təklif edən poqonlu cənab ifşa edilməlidir, ya da qadının naməlum şəxsə böhtan atdığı açıqlanmalıdır.
Üçüncü yol da var. Tərəflər kompromisə gəlir: səlahiyyət yiyəsi çıxıb deyir ki, “tərəfimizdən heç kəsə qanunun tələblərindən və prosedur qaydalarından kənar heç bir təklif irəli sürülməmişdir”, qadın da etiraf edir ki, yanlış anlaşılma olmuşdur, affekt vəziyyətində xoşagəlməz sözlər dilə gətirilmişdir, əslində heç kəs onu boyun əyməyə çağırmamışdır.
Videoda biədəb ifadələrin səslənməsinə gəlincə, bunu tərbiyə məsələsinə bağlayaq. Zəmanə belə gəlib, 20-30 il əvvəl adamlar dilə gətirməyə utandıqları şeyi indi el içində etiraf edirlər, hətta qürur duyurlar, deyirlər, “nə olsun ki, ailəlidir, bizim dini nikahımız var”. Belə deyirlər və ağız büzənin də ağzını cırmağa hazır görünürlər.
Salamatı odur ki, biz elə hikkəli qadınların maşınlarının dövlət nömrə nişanını əzbərləyək, yolda-rizdə rastlaşanda yol verək, getsinlər, ta düşüb bizi döyməsinlər.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ