İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyvanları incidənlərə cərimə, bəs itlərin dişlədikləri?

Bakıda və ətraf qəsəbələrdə yenə sahibsiz itlər problemi...

Bakıda sahibsiz itlər problemi getdikcə daha çox vətəndaşın narahatlığına səbəb olur. Bu problem demək olar ki, bir çox qəsəbələrdə yaşanır və sakinləri təngə gətirib.

Qeyd edək ki, hazırda sahibsiz itlərlə məşğul olan hansısa bir qurum yoxdur. Bundan əvvəl “Toplan” adlı qurum sahibsiz itləri müəyyən sığınacaqlara yerləşdirirdisə, hazırda bu qurum da fəaliyyətini dayandırıb. Belə olan halda vətəndaşlar hara müraciət edəcəklərini və problemlərini necə həll edəcəklərini bilmirlər.

Heyvanlarla rəhmsiz rəftara, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə cərimələr  500 manatdan 800 manatadək artırılıb. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məlumat üçün bildirək ki, dünya ölkələri sahibsiz itlər problemini həll etmək üçün müxtəlif yanaşmalar tətbiq edirlər. Bu yanaşmalar həm itlərin rifahını təmin etməyə, həm də insanların təhlükəsizliyini qorumağa yönəlib. Türkiyədə “tut-sterilizasiya-burax” prinsipi tətbiq edilir. İtlər sterilizasiya edilir, peyvənd olunur və təkrar öz ərazilərinə buraxılır. İstanbul və Ankarada sahibsiz heyvanlar üçün xüsusi mərkəzlər fəaliyyət göstərir.

Avropa ölkələrinin əksəriyyəti sahibsiz itlərin hüquqlarını qoruyan qanunlar qəbul edib. Əsas yanaşma sterilizasiya, humanist toplanma və reabilitasiya mərkəzlərinin yaradılmasıdır.

Almaniyada sahibsiz heyvan problemi çox azdır. Çünki itlər xüsusi sığınacaqlara yerləşdirilir, burada onların sağlamlığına diqqət yetirilir. Ev heyvanlarını tərk edən sahiblər cərimələnir.

Hollandiyada isə sahibsiz itlər problemi tamamilə aradan qaldırılıb. Bu, sterilizasiya, geniş maarifləndirmə kampaniyaları və heyvan sahibliyi ilə bağlı sərt qanunların tətbiqi nəticəsində mümkün olub.

Bəs problemi Azərbaycanda necə həll etməli?

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov deyir ki, sahibsiz itləri həmişə müvafiq sığınacaqla təmin etmək çətindir. Lakin insanları onlardan qorumağın yolları var:  “Sivil ölkələrdə belə sığınacaqları əhali öz ianələri ilə yaradır və saxlayır. Azərbaycanda isə belə bir ənənə yoxdur. Əksinə, bir neçə heyvansevər sığınacaq yaratmışdı, yaşayış məntəqələrinin yaxınlığında olduğu üçün insanlar şikayət etdi və onlar da həmin yerləri bağlamaq məcburiyyətində qaldılar. Ölkəmizin insanlarında belə bir fikir var ki, Allah bütün nemətləri yalnız insanlar üçün yaradıb, yerdə qalan canlılar ölsələr də olar. Lakin dünya hamı üçündür. İndiki halda problemin ilkin həll yolu odur ki, küçə itləri yığılıb peyvənd olunur, daha sonra qısırlaşdırılır və yenidən küçəyə buraxılır. İtlərin insanlara qarşı aqressiyasına gəlincə isə bu, insanların onlara göstərdiyi münasibətin göstəricisidir. İnsanlar onları qovur, daşlayır. Bu da heyvanlarda  özünümüdafiə instinktini yaradır və insan görəndə aqressivləşirlər, hücum edirlər.

Küçə heyvanlarının aqressivliyinin digər səbəblərindən biri də ac olmalarıdır. Məsələn, mən vaxt tapan kimi onlara yem aparıb verirəm və mənə heç vaxt hürmürlər. Əksinə, hər dəfə görəndə ətrafıma qaçıb quyruqlarını bulayırlar. Ən yaxşı həll yolu küçə heyvanlarına münasibətimizi yumşaltmaqdır. Onları güllələmək isə sadəcə vəhşilikdir. Bəzi icra başçıları itləri güllələdir. Bu, qeyri-insani hərəkətdir. Buna görə Azərbaycan beynəlxalq hesabatlara düşür".  

S.Məmmədov deyir ki, küçə heyvanlarına qayğı məsələsində Qərbi Avropa birinci yerdədir: “Orada xüsusi sığınacaqlar var. Sahibsiz heyvanları oradan götürüb qayğısına qalan insanlar olur. Mütəmadi olaraq həmin sığınacaqlara əhali ianə verir, yem gətirir. Bizdə isə sığınacaq problemi var. Ona görə də peyvəndləmək, qısırlaşdırmaq və yenidən küçəyə buraxmaqdan başqa çarəmiz yoxdur. 

Doğrudur, insanlarımızın şüurunda küçə heyvanlarına qarşı münasibət 5-10 il əvvəllə müqayisədə xeyli dəyişib. İnsanlarımız başa düşür ki,  heyvanları da Allah yaradıb və yaşamaq haqlarıdır.  

Qardaş Türkiyədə, Rusiyada heyvanlar küçələrdə, kafelərdə rahat gəzirlər, yatırlar. İnsanlar onların başın sığallayır və yaxud da rahatca yanlarından ötüb keçirlər. Küçə itləri insanlardan qorxmadıqca, onlara güvənləri olduğu halda heç vaxt hücum etməyəcəklər. 

Gürcüstanda kütləvi aksiyalar keçiriləndə küçə itləri insanların arası ilə sakitcə gəzirdilər. Kommunal təsərrüfat idarələri baytarlıq idarələri ilə birgə küçə itlərini toplamalı, qısırlaşdırmalı, peyvəndləməli və işarələyib küçəyə buraxmalıdır.

İnsanlarımızı da bu mövzuda maarifləndirmək lazımdır. Hər kəs öz evinin qalıq yeməklərini zibil qutusuna deyil, heyvanlara versə, onlar da ac qalmaq. Məsələn, mən hər şənbə bir neçə məkanda olan itlərə sümük aparıb verirəm.  İslamda Allahın yaratdığı bütün canlılara qayğı, hörmət prinsipi var.  Burada həm cəmiyyətin, həm də yerli qurumların üzərinə böyük məsuliyyət düşür. Küçədə itlərə baxıram, hansısa yaralıdır, hansısa axsayır. Bunu insanlar edib. Belə olan halda itlər də bizə qarşı aqressiv davranacaqlar da. Çünki insanlardan heç bir yaxşı addım görmürlər".   

Şahanə RƏHİMLİ,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR