Onlayn ictimai-siyasi qəzet
"Bir səfərin izi ilə Yaponiya" sənədli filminin təqdimatı olub.
Musavat.com xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri haqqında sənədli film Nizami kinoteatrında ictimaiyyətə təqdim olunub.
Film Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya baş tutmuş ilk rəsmi səfərinin maraqlı məqamlarına həsr edilib. Çəkilişlər Tokio və Kioto şəhərlərində aparılıb.
Layihənin rəhbəri azərbaycanlı səyyah Azər Qərib təqdimat zamanı bildirib ki, film izləyiciləri Heydər Əliyevin ziyarət etdiyi Yaponiyanın tarixi şəhərlərinə aparır, rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir.
Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Yaponiyanın iki tarixi şəhərində heyrətamiz səyahətə çıxır:
"Bildiyiniz kimi, layihə Heydər Əliyevin rəsmi səfərlərinin qeyri-rəsmi tərəflərinə toxunur. Heydər Əliyev nə ilə maraqlanırdı, haralara gedirdi, onun diqqətini nələr cəlb edirdi və s. Filmimiz bu mövzuları əhatə edir. Film üzərində çalışarkən bəzi problemlərimiz oldu. Əfsus ki, arxiv kadrları çox deyildi, çünki biz məhz səfərlərin qeyri-rəsmi tərəfləri ilə maraqlanırıq. Bu filmdə Heydər Əliyevin səfər etdiyi məkanlara daha çox zaman ayıra bildik. Bu film üzərində çalışarkən Dilarə Seyidzadə (Heydər Əliyevin köməkçisi - red.) ilə mütəmadi əlaqə saxladım. Onun xatirələri layihəmiz üçün önəmli rol oynadı. Fürsətdən istifadə edib Dilarə xanıma təşəkkür edirəm. Dilarə xanım deyir ki, Heydər Əliyevin məqsədi yalnız Azərbaycanı dünyada tanıtmaq deyil, həm də dünyanı Azərbaycanda tanıtmaq idi. Heydər Əliyev istəyirdi ki, Azərbaycan xalqının dünyagörüşü, zövqü artsın. Layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə səmimi-qəlbdən təşəkkür edirəm".
Tədbirdə Yaponiyanın Azərbaycandakı keçmiş səfiri, Yaponiyadan Bakıya fəxri qonaq kimi təşrif buyurmuş Toşiyuki Fucivara da iştirak edib.
1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş Toşiyuki Fucivara qeyd edib ki, Azərbaycan-Yaponiya əlaqələrinin təməlini Heydər Əliyev qoyub:
"Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr edilmiş tədbirdə nitq söyləmək mənim üçün böyük şərəfdir. Yaponiya Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ildən tədricən inkişaf etməyə başlayıb. 1998-ci ildə Heydər Əliyev Yaponiyaya səfər etdikdən sonra bu münasibətlər daha da inkişaf edib. Bu gün Heydər Əliyevə həsr olunan filmin təqdimatı üçün məni Bakıya dəvət etdiyinizə görə təşəkkür edirəm".
Qeyd edək ki, Ümummilli Liderin digər səfərləri barədə də oxşar mövzuda maraqlı detallar film formatında lentə alınacaq. Buna qədər isə layihə çərçivəsində Heydər Əliyevin İtaliya səfəri barədə film hazırlanıb.
Layihə "Azərbaycan Hava Yolları"nın baş sponsorluğu ilə reallaşır.
Nigar HƏSƏNLİ,
Fotolar, videolar müəllifindir
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ