Onlayn ictimai-siyasi qəzet
Sabiq maliyyə naziri: “Büdcə vəsaitlərinin mənimsənilməsi əsasən tenderlərin və alışların keçirilməsi zamanı baş verir”
Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə gücləndikcə, dövlət büdcəsinin talanının qarşısının alınmasına yönəlik addımlar atıldıqca, məmurlar da özləri üçün yeni yeyinti forma və “normaları” müəyyən edir. Məsələn, büdcəni daha fərqli metodlarla - iz azdırmaqla talamağa çalışırlar. Müxtəlif tenderlər, “şəffaf korrupsiya” ilə məşğul olanlar haqda mediada son vaxtlar çox yazılıb. Bunun izinə, deyəsən, Hesablama Palatası da düşüb.
“Hesablama Palatası tərəfindən aparılan təhlillər, 2024-cü ilin dövlət büdcəsində xərclərin nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların əksəriyyətinin aradan qaldırılması fonunda, bəzilərinin hələ də mövcud olduğunu göstərir. Belə ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımaddəsində) nəzərdə tutulmaq əvəzinə digər istiqamətlərdə nəzərdə tutulur ki, bu, dövlət büdcəsində məlumatların düzgün əks olunmamasına şərait yaradır”. Bunu Hesablama Palatası 2024-cü ilin dövlət büdcəsi layihəsinə verdiyi rəyində qeyd edib.
Qeyd edək ki, Hesablama Palatası Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə 6,1 mln. manatın (digər enerji mənbələri) və 2,3 mln. manatın (digər iqtisadi xidmətlər), tam olaraq “Sair xərclər” maddəsində proqnozlaşdırılmasının dəqiqləşdirilməsini təklif edir.
Eyni zamanda Hesablama Palatası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (sahibkarlığın inkişafı ilə bağlı tədbirlər) üzrə 4,4 mln. manatın “Dövlət müəssisələrinə subsidiyalar” paraqrafında proqnozlaşdırılmasının məqsədəuyğun olmadığını hesab edir.
Maraqlıdır, büdcəni “gəmirmək” üçün bu boşluqlar qəsdən qoyulur? Bunu kimlər və hansı səviyyədə edir? Bu, naşılığın nəticəsidir, yoxsa məqsədli işdir?
İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünyanın elə bir ölkəsini tapmaq mümkün deyil ki, orada bu və ya digər formada büdcə oğurluğu baş verməsin: “Bu oğurluğun daha geniş miqyasına adətən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə rast gəlinir. Uzun illərin araşdırmaları göstərir ki, böyük büdcə oğurluqlarına ilk növbədə təbii resurslarla zəngin, zəif inkişaf etmiş ölkələrdə rast gəlinir. Resurs satmaqla "asan şəkildə qazanılan pullar" asanlıqla da korrupsiya mənbəyinə çevrilə bilir.
“İctimai nəzarət gücləndirilməli, QHT-lər bu işə cəlb edilməlidir” |
Büdcə vəsaitlərinin talan edilməsinə daha çox şəffaf olmayan tenderlər və alışları həyata keçirməklə nail olunur. Tender və alışların şəffaflığı təmin edilmədikdə və bütövlükdə bu proseslər real ola biləcək nəzarətdən kənarda qaldıqda, büdcə təşkilatları özlərinə münasib “tərəf müqabilləri” ilə asanlıqla sövdələşib, şəffaf tender, şəffaf alış adı altında öz maraqlarını asanlıqla reallaşdıra bilirlər. Buna dair yüzlərlə misal gətirmək mümkündür. Təbi ki, bu problemin sona qədər həllini tapmaq mümkün deyil. Çünki bir qrup ağıllı insan bu oğurluqların qarşısını almaq üçün mexanizmlər fikirləşirsə, digər qrup insanlar bu mexanizmlərin sındırılması yollarını axtarıb tapırlar. Bir qədər də obrazlı desək, bir insan ağıllı kilid düzəldirsə, digər insan o kilidi aça biləcək ağıllı açar hazırlaya bilir. Yəni büdcə oğurluqlarının qarşısını almaq üçün indiyə qədər yaradılmış mexanizmlərin heç biri bu problemin sona qədər həllinə nail olmağa imkan verməyib".
Ekspert əlavə edib ki, müstəqilliyimizin ilk illərində ölkədə büdcə oğurluqlarını həyata keçirtmək olduqca asan idi: “Çünki ortada büdcə vəsaitlərinin bilavasitə öz təyinatı üzrə xərclənməsini təmin edən bir mexanizm yox idi. Büdcə vəsaitləri hesabına həyata keçirilən alışlar büdcə təşkilatının rəhbərinin şəxsi baxışları əsasında baş tuturdu. Büdcə təşkilatının il ərzində keçirdiyi alışların düzgünlüyünə isə yalnız iki ildə bir dəfə Maliyyə Nazirliyi tərəfindən keçirilən yoxlamalarla aydınlıq gətirmək mümkün olurdu. Belə nəzarət istənilən səmərəni verə bilmirdi. Vəsaitlər çox vaxt təyinatından yayındırılır və onların mənimsənilməsi hallarına yol verilirdi. Elə bu səbəbdən də o illərdə bu sahədə yeni mexanizmlərin ortaya qoyulmasına böyük ehtiyac var idi.
Nəhayət, 4 oktyabr 1995-ci ildə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xəzinədarlıq sistemi qurulmağa başladı. Yeni mexanizm büdcə təşkilatları tərəfindən böyük müqavimətlə qarşılansa da o, quruldu və bununla da büdcə vəsaitlərinin istifadəsi sahəsindəki boşluqlara son verildi. Əslində bu addım büdcə vəsaitlərindən istifadənin səmərəliliyini yüksəltmək sahəsində bir inqilab idi.
Lakin bütün bu addımların atılmasına baxmayaraq, büdcə oğurluğunu hədəfə çevirən təşkilatlar bu və ya digər yollarla vəsaitlərdən istifadə sahəsində öz qara niyyətlərini reallaşdırmağın yollarını tapa bilirlər. Xəzinədarlığın qurulması ilə büdcə oğurluqları əhəmiyyətli dərəcədə azalsa da, bu sistemin fəaliyyətdə olduğu illərdə də büdcə təşkilatları tərəfindən vəsaitlərin səmərəsiz istifadəsi və mənimsənilməsinə dair onlarla fakt mövcuddur.
Əvvəldə dediyim kimi, büdcə vəsaitlərinin mənimsənilməsi əsasən tenderlərin və alışların keçirilməsi zamanı baş verir. Tenderlərin keçirilməsi üçün qurulmuş mexanizm onun şəffaflığına nə qədər zəmanət versə də, büdcə təşkilatları əvvəlcədən sövdələşmə əsasında keçirilən tenderdə “aşağı qiymətlə qalib gəlmiş” kompaniyalarla birgə fəaliyyət göstərərək, tender keçirildikdən və qalib elan edildikdən bir qədər sonra, öncə bəyan olunmuş tender qiymətlərinin “yüksəldiyini əsaslandırır” və bu yolla tenderin dəyərini artıraraq, saxtakarlığa yol verirlər. Bənzər vəziyyət alışlar üzrə keçirilən müsabiqələr zamanı də baş verir. Təbii ki, büdcə təşkilatlarının bu addımları keçirilmiş tenderlərin və alışların şəffaflığını heçə endirir.
Təklif edərdim ki, büdcə təşkilatlarının tenderlərinin və alış üzrə müsabiqələrin keçirilməsi və sona qədər icrası üzərində ictimai nəzarət həyata keçirilsin. Belə nəzarəti büdcə təşkilatlarında yaradılmış ictimai şuralar daha yaxşı həyata keçirə bilərlər. Bu işə eyni zamanda qeyri-hökumət təşkilatlarını da cəlb etmək mümkündür. Bütün bunlar sonda tenderlərin keçirilməsindəki neqativlərin maksimum aradan qaldırılmasını təmin edə bilər".
Qeyd edək ki, bundan əvvəl Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlamışdı. Palatanın “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında əks olunub. Bildirilir ki, auditlə əhatə olunan dövrdə nazirlik və onun tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti (TOM) tərəfindən qurumdaxili dövlət investisiya siyasətinin həyata keçirilməsi və investisiya layihələrinin icrasına nəzarət, həmçinin bu layihələrin maliyyələşdirilməsi qeyri-qənaətbəxş səviyyədə təşkil olunmuş və bir sıra hallarda qanunsuz xərclərə yol verilib. Belə ki, tikilən obyektlərin dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğunluğu, texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi tam təmin edilməyib, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər qismən və ya tam icra edilməyib, investisiya xərcləri üzrə vəsaitin vaxtında və müəyyən edilən məbləğdə ayrılması üçün tədbirlər görülməyib, bu səbəbdən layihələrin icrasını başa çatdırmaq üçün 161,5 milyon manat məbləğində vəsaitin istifadəsi təmin edilməyib.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ