Onlayn ictimai-siyasi qəzet
“Mənim “TuranBank”dakı hesabımdan 7 min manatı oğurlamaq üçün 72 dəfə cəhd edilib. Oğurluq sırf “TuranBank”ın müştərilərin hesablarının etibarlı şəkildə qorunmamasına görə baş tutub. Mən oğurluğun baş verməsində bankın təhlükəsizlik sisteminin bərbad olmasından şübhələnirəm”, – bu sözləri Musavat.com-a ehtiyatda olan hərbçi, qazi Səfər Məmmədov deyib.
Onun sözlərinə görə hesabından oğurluq yanvarın 2-də baş tutub: “TuranBank”da adıma şəxsi hesab kartım var. 2 yanvar 2025-ci il tarixində kart hesabımda olan 7 min manat hakerlər tərəfindən oğurlanıb.
Maşınımı satırdım, saytda elan yerləşdirmişdim. Mənə zəng gəldi, rus dilində danışan, özünü Aleksey kimi təqdim edən şəxs idi. Maşını göstərməyimi istədi. Baxandan sonra beh ödəmək üçün kartımı istədi. Mən də kartın ancaq üz tərəfini ona göndərdim. Əvvəlcə “KapitalBank” kartımı yolladım. Dedi ki, o karta pul ödəyə bilmir. Başqa kart istədi. Mən də “TuranBank” kartının ancaq üz hissəsini çəkib yolladım. Söhbətimiz 40 dəqiqəyə yaxın davam etdi. Məndən maşının müxtəlif hissələrini göstərməyimi istəyirdi deyə bu qədər danışdıq. Söhbət yekunlaşandan sonra hesabıma baxdım ki, beh göndərilibmi? Gördüm ki, beh bir tərəfə, 7 min manatım da yoxdur, oğurlayıblar”.
Qazi deyir ki, bundan sonra “TuranBank”a gedib, oğurluqla bağlı məlumat verməklə pulunun qaytarılmasını tələb edib: “Bankın idarə heyətinin sədri Orxan Qarayevə ərizə ilə müraciət etmişəm. Məni bankın Ərizə və Şikayətlər şöbəsinin rəisi Eldar Fərəcov qəbul etdi. Ona da dedim ki, bankdan 200 manat pul alanda 3 yerə imza etdirirsiz. Amma pulumuz bank hesabımızdan oğurlananda yaxanızı kənara çəkirsiz. Bank hesabımızı etibarlı şəkildə qorumağa borcludur. Bankdan deyirlər ki, oğurluğa görə 16 cəhd olub, bundan sonra oğurluq baş tutub. Polisdə isə araşdırdılar, gördülər ki, 72 cəhd olub və 7 min manatım oğurlanıb. Məsələ burasındadır ki, biz öz pulumuzu çıxarmaq istəyəndə min manatdan artıq pul verilmir. Hər dəfə min manat olmaqla çıxarırıq. Hər dəfə də pulun hesabdan çıxarılması üçün təsdiq sms-i gəlir. 7 min manatımı oğurlayıblar, mənə heç bir sms də gəlməyib. Ona görə də bankın təhlükəsizlik sisteminin bərbad olmasından şübhələnirəm”.
Qazi bildirib ki, 7 min manatının “TuranBank”dakı hesabından oğurlanması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib: “Polis hazırda araşdırma aparır. Ümid edirəm ki, oğurlanmış vəsaitim mənə qaytarılacaq”.
Səfər Məmmədov oğurluqla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə də şikayət edib.
Musavat.com-un əməkdaşı məsələ ilə bağlı “TuranBank”la əlaqə saxlayıb. Bankdan sorğumuza cavab verməyiblər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ