İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərəkət zolağının sayı azaldı, parkinq yeri çoxaldı: İslahat, yoxsa pul qazanmaq hərisliyi? – FOTOLAR

Bakının Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində üfüqi yol nişanlanması işləri həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bazar ertəsi yaydığı məlumata görə, görülən işlər çərçivəsində parklanma yerləri də saxlanılmaqla küçədə velosiped yolları təşkil edilib, hərəkət zolaqları kanallaşdırılıb. Velosiped yollarının bütün küçəboyu təşkili nəzərdə tutulub.

Nəticədə yolun sol tərəfi parkinq xidməti, növbəti iki zolaq avtomobil hərəkəti, sonrakı zolaq yenidən parkinq xidməti və sonuncu zolaq skuter və velosiped hərəkəti üçün ayrılıb. Şəhərin mərkəzi ünvanlarının birində hərəkətin bu cür tənzimlənməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Beşzolaqlı avtomobil yolunun cəmi ikizolaqlı yola çevrilməsinin onsuz da sıxlıqdan əziyyət çəkən paytaxtda əlavə problemlər yaratdığı iddia olunub. Qeyd edilib ki, yolda hərəkət zolağının sayını azaldıb hər iki tərəfdə parkinq xidməti təşkil etmək açıq-aşkar pul qazanmaq hərisliyidir və bu islahat şəhər sakinlərinin, hərəkət iştirakçılarının rahatlığına xidmət etmir.

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yenilik dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da birmənalı qarşılanmır.

Onun sözlərinə görə, insanların vərdiş etdiyi bir hərəkət varsa və orada hər hansı bir dəyişiklik edilirsə, bunu heç kim anında qəbul etmək istəmir: “Buna öyrəşmələri zaman alır. Amma gəlin görək, şəhərdə nə baş verir? Şəhərdə son illərdə kütləvi avtomobilləşmə geniş vüsət alır. Səfər təşkilini fərdi nəqliyyat və taksi ilə həyata keçirənlərin sayı durmadan artır. Nəticədə küçə-yol şəbəkələrində sıxlıq, tıxac müşahidə olunur. Bunun da çıxış yolu həmin küçə-yol sahəsi üzə müəyyən işlərin görülməsidir. Birinci mərhələ odur ki, əlimizdə olan şəhərin ən bahalı resursunun səmərəli istifadəsi yönündə qərarlar qəbul edək. Buna yumşaq islahat da deyirlər. İkinci mərhələ isə sərt islahatdır. Bu məqsədlə ilkin mərhələdə minimal xərclə daha tez nəticəyə nail olmaq üçün nə etmək olar? Təbii ki, qısa məsafəli, insanların hərəkəti üçün nəzərdə tutulan küçə-yol sahəsini fərqli hərəkət üçün şərait yaratmaq. Qısa məsafə deyərkən 1,3,5 kilometr götürülür. Burada piyadaların hərəkəti, mikromobillik, yəni velosiped, skuterin hərəkəti, avtobus zolaqlarının təşkili, fərqi nəqliyyatın hərəkəti, ən nəhayət küçələrdən asılı olaraq parklanmanın da təşkili nəzərdə tutulur. Bu növ transformasiya nələrə gətirib çıxaracaq? Cavab sadədir: Eyni küçə ilə fərqli hərəkət imkanları yaranacaq”.

Ekspert vurğulayıb ki, narazılıqlardan biri velosipedçilər olmadığı təqdirdə velozolağın çəkilməsidir: “Əgər velozolaq çəkilməsə, şəbəkələşməsə, icarəsi təşkil olunmasa, infrastruktur qurulmasa, velosipedçilər necə arta bilər? Bu işlər son doqquz aydır görülür, son bir ayda isə veloicarə fəaliyyətə başlayıb. Formula ilə əlaqədar da küçələrdə bəzi məhdudiyyətlər olmuşdu. Yaxın bir ay ərzində təmir işlərinin tam bitməsindən sonra şəbəkələşmiş velozolaq, avtobus zolağı olan şəhərə çevriləcəyik. Bu da alternativlərin formalaşmasına səbəb olacaq. İnsanların seçim imkanı olacaq ki, müəyyən məsafəni piyada, velosipedlə və ya avtobusla daha sürətli gedə bilsinlər. Dünənə qədər hər kəs avtomobilə meyl edirdi və bu da uzun müddətli tıxaca səbəb olurdu. Paytaxtın Üzeyir Hacıbəyov küçəsində yerləşən Cavanşir körpüsü, paralel küçələr olaraq Xaqani, Nizami, 28 May, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev küçələri təmir olunub. Vağzal meydanda da hal-hazırda təmir gedir, yeni transformasiya olunur. Bu küçələrin bəzilərində parkinq ləğv edilib. Oradan ictimai nəqliyyatın sərbəst hərəkəti təşkil olunub. Amma Xaqani küçəsində avtobus zolağı yoxdur. Ona görə də bu küçədə parkinq xidmətini iki cərgədə təşkil ediblər ki, insanlara yaxın olan digər küçələrdəki parklanma ehtiyacı burada ödənsin. Belə olduğu halda biz daha nizamlı hərəkətə sahib olacağıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR