İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi ekspert AÇIQLADI: “Ali Baş Komandan Müdafiə Nazirliyi qarşısında konkret tapşırıqlar qoyub”

Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra Orduda aparılan struktur islahatlarından danışıb. Aprelin 12-də İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Ali baş komandan hərbi sahəyə daim diqqət ayrıldığını xüsusi olaraq vurğulayıb:

“Biz həmişə olduğu kimi hərbi sahəyə də fikir vermişik. Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatıb, bəzilərinin isə icrası davam edir. Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir”.

Ali Baş Komandan deyib ki, bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılıb:



“Struktur dəyişikliyi edildi və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradıldı və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq”.

Ali Baş Komandan İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının davamlı şəkildə artırıldığını açıqlayıb. Bildirib ki, hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. O deyib ki, Zəngəzur dəhlizi açılmalıdır:

“Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib”.

Prezident qeyd edib ki, Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün nəzarətimizdədir, orada Azərbaycan bayrağı orada dalğalanır:



“Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq, biz rahat tunellə keçəcəyik. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam etdirilir. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, Ali Baş Komandan Müdafiə Nazirliyi qarşısında konkret tapşırıqlar qoyub:

“Fərrux yüksəkliyi, Ağdərə istiqaməti və digər istiqamətlər verilmiş tapşırığın tərkib hissəsidir. Müşavirədə bir sıra vacib məqamlara toxunuldu, işğalı unutmamağımız, hər şeyə hazır olmağımızın vacibliyi vurğulandı. Müasir və yeni silahların alınması, Türkiyə modelli komando hərbi hissələrin sayının artılması, lazımsız hərbi hissələrin ixtisara salınması qarşıya qoyulan məqsədlərdəndir. Bu istiqamətlərdə işlərin davam etdirilməsi Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin rəhbərliklərinə tapşırılıb. Hər həftə Qarabağa səfər edib orada işlərin gedişatı ilə maraqlanmaları diqqətə çatdırılıb”.

Hərbi ekspert deyib ki, hərbi sahə ilə bağlı görülən işlərlə bağlı bir çox məsələlər ictimailəşdirilmir:

“Hazırda bu istiqamətdə böyük planlar var. İşlər həmin planlara uyğun aparılır. Bir balaca ləngimələr var. Bu da Rusiya sülhməramlılarının bəzi yersiz müdaxilələri ilə bağlıdır. Çalışırlar ki, görülən işlərə maneçilik yaratsınlar. Gecikmə sülhməramlıların əsassız, mandatlarından kənar addımları ilə bağlıdır. Buna baxmayaraq qarşıya qoyulmuş plan yerinə yetiriləcək. Yaxın vaxtlarda Azərbaycan Müdafiə Nazirliyi təkcə Fərruxla bağlı deyil, Ağdərə və digər yaşayış məntəqələrimizlə bağlı Azərbaycana xoş xəbərlər verəcək”.
Hərbi ekspert deyib ki, Rusiya sülhməramlılarının mandatlarından kənar hərəkətlərə yol vermələri onların Azərbaycandan çıxarılması ilə nəticələnə bilər: “Bu gün Rusiya sülhməramlılarına orada əsla ehtiyac yoxdur. Sülhməramlılar nə qədər ki, Qarabağda olacaqlar, gərginlik də səngiməyəcək. Çünki gərginliyin səbəbi onlardır”.

Hərbi ekspert bildirib ki, Azərbaycan və Ermənistan məsələnin sülh yolu ilə həllinə vasitəçilərsiz, sülhməramlılarsız nail ola bilərlər:

“Ötən gün heç bir vasitəçiləri olmadan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan telefonla danışıblar. Müəyyən məsələləri müzakirə ediblər. Telefon danışığı pozitiv istiqamətdə olub. Sülh erməni separatçılarına, bölgədə sabitliyin olmasında marağı olmayan qüvvələrə sərf eləmir. Rusiya sülhməramlıları olmasa, vəziyyət daha tez stabilləşər, sabitlik, əmin-amanlıq təmin olunar. Azərbaycan öz beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində yaşayan və milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüququnu qorumağa hazır olduğunu dəfələrlə bəyan edib. Qarabağda yaşayan mülkilərlə Azərbaycan əsgərinin, hərbçisinin nə işi var? Erməniləri qızışdırıb ortaya salırlar, onlardan bəziləri də ağılsızlıq edib xoşagəlməz hərəkətlərə yol verirlər. Əllərinə silah alıb Azərbaycan sərhədləri daxilində Azərbaycan əsgərinə, Azərbaycan hərbçisinə güllə atırlar və müvafiq olaraq layiqli cavab alırlar. Bunu Ermənistan ərazisində erməni hərbçisinə qarşı etsələr, eyni - adekvat addımlar atılar. Odur ki, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan ərazisində, Azərbaycan qanunlarına tabe olmaqla dinc yaşaya bilərlər. Əks təqdirdə, yəni Qarabağda kim əlinə silah alıb separatçılıq edəcəksə, silahla susdurulacaq. Azərbaycanın məqsədi ərazi bütövlüyünü təmin etməkdir. Bu istiqamətdə çox böyük işlər gedir. Müstəqilliyimizlə yaşıd olan ordumuz çox çətin, mürəkkəb şəraitdə yenidən formalaşıb. Ordu hərtərəfli möhkəmlənib, müasir döyüş texnikası ilə təchiz olunub. Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyə çatdırılır. Bu istiqamətdə görülən işlər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə yönəlib”.

Hərbi ekspert deyib ki, Qarabağda hərbi sahədə görülən işlər ümumilikdə ölkənin gələcəyi baxımından müsbət dəyərləndirilir:

“Əlbəttə ki, bu işlərə mane olmaq istəyən qüvvələr var. Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti konkret tapşırıqlar alıblar. Bu tapşırıqların icrası həmin neqativ qüvvələrin planlarını iflasa uğradır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR