İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər hansı bir dövlət Minsk Qrupunu bizə zorla qəbul etdirə bilməz” - Elxan Şahinoğlu

“Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtina etmələrini tənqid etməsi Vaşinqton və Parisin reaksiyalarına səbəb olub. ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yayaraq Amerikanın Azərbaycanın ən yaxın dostu adlandırıb. Fransa səfirliyi hələ açıqlama yaymayıb. Bunun əvəzinə, Fransanın ATƏT-dəki daimi nümayəndəliyi Filip Rikeri ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçi və “Minsk Qrupunun həmsədri” təyin edilməsi münasibətilə təbrik edib”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Analitikin sözlərinə görə, bu təbrik Parisin Bakıya dolayı mesajıdır ki, Fransa da ABŞ kimi Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsini istəyir: “Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy mayın 2-də Bakıda prezident İlham Əliyevlə görüşmüşdü. Həmin görüşdə Azərbaycan-Fransa və Azərbaycan-Avropa İttifaqı əlaqələri, Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunmuşdu. Qarabağla bağlı müzakirə aparılmamışdı. Buna baxmayaraq, Vaşinqtonla yanaşı hazırda Paris də Bakıya mesaj göndərir ki, Minsk Qrupunun fəaliyyətini davam etdirməsinmi istəyirlər. Bu, onların istəyidir. Azərbaycanın istəyi isə belədir ki, Azərbaycan müharibədə qələbə qazandığına və torpaqların böyük hissəsini azad etdiyinə görə Minsk Qrupuna və bu məsələdə vasitəçiyə ehtiyacı yoxdur. Azərbaycan istəmirsə, hər hansı bir dövlət Minsk Qrupunu zorla bizə qəbul etdirə bilməz”.

Politoloq qeyd etdi ki, əgər Fransa XİN Parisdə Minsk qrupu çərçivəsində Qarabağla bağlı hansısa forum təşkil edəcəksə, Azərbaycan həmin forumda iştirak etməyəcək və bu, Fransa-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək: “Azərbaycanın istəmədiyi halda daxili məsələsiylə bağlı başqa dövlətin forum keçirməsi beynəlxalq hüquqa da ziddir. Bu başqa ölkənin daxili işlərinə qarışmasıdır. Belə vəziyyətdə Azərbaycanın Minsk Qrupundan rəsmən imtina edib-etməməsi mövzusu aktuallaşır. ATƏT çərçivəsində qərarlar konsensusla qəbul olunur. ABŞ və Fransa həmsdərlik institunun ləğvinə mane olacaqlar. Ona görə də bəlkə Minsk Qrupundan imtinanın rəsmiləşdirilməsinə indiki halda ehtiyac yoxdur. Onsuz da həmsədrlik institutu iflic olub, Rusiya Minsk Qrupundan imtina edib, Azərbaycan istəmir. Ermənistanın və Qarabağ separatçılarının istəyi isə heç nəyi həll etmir. Azərbaycan Ermənistanla Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlarını davam etdirir. Problemli məsələlərin həlli məqsədilə Bakı və İrəvan bu formatdan istifadə edirlər”. E.Şahinoğlu xatırlatdı ki, Vaşinqton və Paris Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir: “Onlar bu format çərçivəsində Brüsselə qoşularlarsa, Bakı etiraz etməyəcək. Yox, əgər Vaşinqton və Paris köhnələn və heç bir işə yaramayan “həmsədrlik” institutundan yapışmaqda davam edərlərsə, uğursuluğa düçar olacaq və Azərbaycanla münasibətlərdə gərginlik yaratmaqla Cənubi Qafqaz siyasətlərində fiaskoya uğrayacaqlar”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR