Onlayn ictimai-siyasi qəzet
Fələstinin hərbiləşdirilmiş təşkilat və siyasi partiyası kimi tanınan HƏMAS (İslami Müqavimət Hərəkatı) 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki qolu kimi qurulub.
1988-ci ildən İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə HƏMAS arasında münaqişə var. HƏMAS 1948-ci ildən əvvəl İsrailin işğal etdiyi Qərb sahili və Qəzzə zolağı torpaqlarını azad edib, yenidən Fələstin İslam dövlətini qurmaq istəyir. Səudiyyə Ərəbistanı HƏMAS-a maliyyə yardımı göstərir. ABŞ Xarici İşlər Nazirliyinə istinadən təşkilat xaricdə yaşayan fələstinlilər, İran hökuməti və Ərəb ölkələrindən gələn yardımlarla maliyyələşdirilməkdədir.
HƏMAS sünni-islam fundamentalist və millətçi təşkilatdır. Onlar hazırda Fələstin Milli Administrasiyasının parlamentində çoxluğa malikdir.
Kanada, Avropa İttifaqı, İsrail, Yaponiya, Avstraliya, Böyük Britaniya və ABŞ HƏMAS-ı terror təşkilatı kimi tanıyıb. Yeni Zelandiya və Paraqvay yalnız HƏMAS-ın hərbi qanadını terror təşkilatı kimi tanıyıb. HƏMAS Braziliya, Çin, Misir, İran, Norveç, Qətər, Rusiya, Suriya və Türkiyə tərəfindən terror təşkilatı sayılmır. 2018-ci ilin dekabrında HƏMAS-ı terror təşkilatı kimi qınayan qətnamə BMT Baş Assambleyasından keçə bilmədi. HƏMAS liderləri İsmayıl Haniyə və Xalid Məşəl Qətərdə məskunlaşıb.
Yaxın Şərq üzrə ekspertlər deyir ki, HƏMAS-ın ən yaxın müttəfiqi Türkiyə və Qətərdir. Məsələn, 2021-ci ildə Qətər HƏMAS-a 1.8 milyard dollarlıq maddi dəstək verib. HƏMAS lideri Xalid Məşəl dəfələrlə Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşüb. Cənab Ərdoğan HƏMAS-ı siyasi və iqtisadi təcriddən çıxarmaq üçün çox iş görüb. 2012-ci ildə ABŞ televiziyasına müsahibə verən cənab Ərdoğan "Mən HƏMAS-ı terror təşkilatı kimi görmürəm. HƏMAS siyasi partiyadır”, - demişdi.
Maraqlıdır ki, Çin də HƏMAS-a isti münasibət bəsləyir. Mustafası o ki, belə bir təşkilat İsrailə hücum edib.
Bəs Azərbaycanın bu məsələyə münasibəti necə olmalıdır?
Oradan başlayaq ki, HƏMAS-ın Azərbaycana münasibəti necədir? 44 günlük müharibədən sonra Azərbaycanı təbrik edənlər arasında HƏMAS da vardı. O vaxt HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri “Twitter” hesabında “Azərbaycanı müharibədə qələbə qazanması və işğal olunmuş əraziləri geri alması münasibətilə təbrik edirik”, demişdi. Yəni erməni məsələsində Fələstin Azadlıq Təşkilatı ilə HƏMAS arasında göylə-yer qədər fərq var. Fələstin Azadlıq Təşkilatı ermənilərin yanındadır, onlara açıq şəkildə dəstək verir. Hələ Yasir Ərəfat özünü erməni də elan etmişdi. Ondan sonra iqtidara gələn Mahmud Abbas da dəfələrlə ermənilərin, o cümlədən Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı kəskin bəyanatlar verib...
Belə bir fonda Azərbaycan nə etməlidir?
Şübhəsiz ki, biz İsrailin yanında olmalıyıq. Ancaq bunu nümayişkaranə şəkildə gözə soxmaq lazım deyil. Fələstin Azadlıq Təşkilatı İsrailə qarşı belə bir addım atsaydı, Azərbaycan olaraq daha radikal mövqe də nümayiş etdirə bilərdik...
Azərbaycanda hər kəs bilməlidir ki, bizim İsraillə münasibətimiz ölkəmiz üçün strateji xarakter daşıyır. Erməni işğalı altında olan ərazilərimizin, o cümlədən Qarabağın geri alınmasında İsrailin verdiyi dəstək çox önəmli idi. Hazırda mövcud olan İsrail - Azərbaycan münasibətlərinin bu səviyyədə qərar tutmasına nail olmaq üçün ölkəmiz on illərlə vaxt itirib, etibarlı tərəf kimi nüfuz qazanıb. Biz strateji xarakterli İsrail - Azərbaycan münasibətlərini heç bir halda HƏMAS-a qurban verə bilmərik. Bu, bağışlanmaz səhv olardı. Ağlınız Türkiyəyə getməsin. Türkiyə böyük dövlətdir və Ərəb dünyasında böyük maraqları var. Azərbaycanın isə belə bir iddiası yoxdur.
Azərbaycan yalnız Türkiyə - İsrail qarşıdurmasında tərəddüd edə bilər. Ölkəmiz dəfələrlə sübut edib ki, Türkiyə ilə İsrail arasında belə bir qarşıdurma onun üçün arzuolunan deyil və bu qarşıdurmanın qarşılıqlı anlaşma ilə əvəz olunması üçün əlindən gələni edib. Bizə yaraşan da elə budur...
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ