Onlayn ictimai-siyasi qəzet
Dərman vasitələrini həkim məsləhəti olmadan, özbaşına qəbul etmək insan həyatı üçün bir sıra fəsadlar yaradır. Ancaq vitamin və qida əlavələrini insanlar reseptsiz alıb istifadə edə bilirlər. Həm də dozasız və müddətsiz bir formada.
Bəs sözügedən maddələrin orqanizmə hər hansı əks təsiri ola bilər?
Məsələni “Yeni Sabah”a şərh edən professor, həkim Adil Qeybulla bir sıra məqamlara aydınlıq gətirib:
“Biz vitaminləri, müxtəlif mineral maddələri, yağları, karbohidratları imkan daxilində qida vasitələri ilə qəbul etməyə önəm verməliyik. Çünki bu həm də mədə-bağırsaq traktının normal işini təmin edir. Amma bununla yanaşı, mədə-bağırsaq xəstəliyi olan, müxtəlif əməliyyat keçirənlər və orqanizmdə xəstəlik ucbatından yaranan defsitlər olan şəxslər mütləq dərman maddələri ilə təmin edilməlidir. Son olaraq, əgər qana, bədənə həmin mineral və vitaminlər lazımı miqdarda çatmırsa, kənardan sözügedən maddələri qəbul etmək olar. Vitaminlərin defsiti orqanizmdə həyati vacib, mühüm proseslərin ləngiməsinə, müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər. Buna görə də həmin maddələrin orqanizmdə normal konsenterasiyasına nəzarət edilməlidir. Bu olsa, yetərlidir”.
Həkim həmçinin qeyd edib ki, deyilənlərlə yanaşı, fiziki aktivliyi də artırmaq lazımdır:
“Hazırda bütün dünyada vitamin D əskikliyi geniş yayılıb. Xeyli vitaminlərin defisiti geniş yayılıb. Bundan əlavə, bədəndə əvəz olunmayan amin turşular var ki, onlar da mütləq kənardan qəbul edilməlidir. Bu baxımdan normal və sağlam qidalanma vacibdir. Hər hansı bir xəstəlik ucbatından orqanizmdə yaranan defisitin bərpası onun normal çalışması üçün lazımdır. Ona görə hər bir şəxsdə bu məsələlər fərdi həll olunmalıdır”.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ