İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimdən boğaz ağrılarından əziyyət çəkənlərə TÖVSİYƏ - BUNLARI EDİN

“Boğaz ağrılarının profilaktikasında bol maye qəbulu, isti çay, bitki dəmləmələri tövsiyə olunur”.

Musavat.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun otolarinqoloqu Rəna Abdullayeva müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Ümumi qulaq, burun və boğaz xəstəlikləri arasında hansılarına daha çox rast gəlinir?

- LOR mütəxəssislərinin tez-tez rastlaşdığı bir neçə xəstəliklər var. Bunların arsında faringit, tonzillit, yuxu apnesi, xoruldama, laringit, burun çəpərinin əyriliyi, həzm sistemi ilə bağlı xəstəliklər, səs, tənəffüs, udma ilə bağlı pozğunluqlar, rinit, paranazal sinusit, qoxubilmə-dadbilmənin itməsi, burun tənəffüsünün pozulması, burunun xarici görünüşündən qaynaqlanan xəstəliklər, burun qanaxması və s. qeyd etmək olar.

- Burun, qulaq və boğaz xəstəlikləri zamanı hiss edilən əsas əlamətlər hansılardır?

image_7.jpg (135 KB)

- Bu xəstəliklər zamanı baş ağrıları, baş gicəllənmələri, burun axıntısı, burun qaşınması, qulaq batması, eşitmənin itməsi, boğaz ağrısı, öskürək kimi simptomlar müşahidə oluna bilər.

Qulaq xəstəlikləri müxtəlif səbəblərdən yarana bilər. Bunlardan orta qulaq iltihabları, qulaq batması, keçici və ya qalıcı eşitmə zəifliyi, üzün iflici, qulaq sinirlərində yaranan narahatçılıqlar və estetik problemlər qulaq xəstəliklərinə aiddir.

Burunla bağlı narahatçılıqlardan burun tıxanıqlığı, iybilmə problemləri, burun qanaxmaları, iltihabları, deformasiyaları kimi xəstəliklərə LOR bölməsində baxılır. Xüsusilə havaların soyuduğu aylarda infeksiya və ya quru hava kimi ətraf mühit faktorları səbəbiylə meydana gələn boğaz ağrısı, boğazda qaşınma, yanma hissi və udma çətinliyinə səbəb ola bilər. Boğaz ağrısının özü bir xəstəlik deyil, əksinə faringit, soyuqdəymə və ya qrip kimi viral infeksiyaların əlaməti olaraq yaşanır. Əksər boğaz ağrıları bir neçə gün ərzində öz-özünə keçə bilsə də, bəzi hallarda antibiotik müalicəsi tələb oluna bilər. İnfeksiya kimi ümumi səbəblərə əlavə olaraq, daha nadir hallarda müxtəlif mədə xəstəlikləri, allergik xəstəliklər, tənəffüs problemlərini misal göstərə bilərik.

Eyni zamanda, eşitmə zəifliyi olan zaman qulağa cihaz qoyulması üçün LOR-həkiminə müraciət olunmalıdır.

- Doktor, tez–tez rast gəldiyimiz burun qanaxması və onun səbəbləri haqqında məlumat verərdiniz…

- İnsanların təxminən 65 faizi həyatlarında ən azı 1 dəfə burun qanaxması (“epistaxis”) keçirir. Burun qanaxmasının 85 faizi somatik xəstəliklər səbəbindən, yalnız 15 faizi isə burun boşluğu və burun ətrafı ciblərin xəstəliklərindən olur. Burun qanaxmasının 90 faizdən çoxunun səbəbi burun çəpərinin ön aşağı 1/3 hissəsində “Kisselbach” adlandırılan kapillyar yumaqcağından gəlir.

Burun qanaxmaları 2 yerə ayrılır - travmatik (yerli xarakterli) və somatik (ümumi və yerli xarakterli). Travmatik müxtəlif zədələnmələrdən ola bilər - məişət, nəqliyyat, burun boşluğunda qurumuş qabıqların qopardılması, septoplastikadan sonra və s.

Somatik burun qanaxmaları hər hansı somatik xəstəliklərin nəticəsində olur. Ən çox ürək–damar (arterial hipertoniya, ateroskleroz və s), böyrək (nefroskleroz, böyrək hipertoniyası) qan sistemi (qan damarı divarlarının xəstəlikləri, hemofiliya, hemorrogik trombositopeniya, hemorrogik vaskulit, kapilliyarotoksikoz henorrogik telenanqiektaziya), qan yaradıcı orqanların xəstəlikləri (leykoz, retikulyez, hemastoblastoz və s) baş verə bilər.

- Bunun qarşısını ala bilən fizioterapevtik müalicə üsullarından hansıları daha effektivdir?

- Ultrasəslə LOR üzvlərin burun ətrafı ciblərin, udlaq badamcıqlarını labil üsulla dəri ilə vibrator arasında hava qalmaması üçün bitki yağları və yağlı dərman vasitələri çəkib vibratoru bədən səthindən ayrılmadan yavaş-yavaş dairəvi hərəkət etdirilir. Elektrofarez allergik rinitlərdə hidrokortizon məhlulu ilə burun boşluqlarının bilavasitə müalicəsində çox müsbət nəticə verir.
Hamıya tanış olan inhalyasiya terapiyadan da geniş istifadə olunur. Yağla inhalyasiya zamanı kəskin iltihabi xəstəliklər və yuxarı tənəffüs yollarında atrofiya olarkən, trofiki, reperativ-regenerativ və bronxoprotektiv təsirə malik olan qızdırılmış yağ aerozollarından istifadə olunur.

Buxarla inhalyasiya isə inhalyator qabında məhlul halında olan dərman maddələrinin su buxarı halında istifadəsidir.
Ultrabənövşəyi şüalarla müalicə iki üsulla aparılır - yerli və ümumi. Burun-udlaq selikli qişası, udlaq badamcıqları, xarici qulağın xəstəliklərində yerli şüalarla müalicə yaxşı nəticə verir.

- Sonra bilmək istərdik ki, qulaq, burun və boğaz xəstəliklərinin profilaktikası üçün daha çox nəyə diqqət edilməlidir?

- Qulaq xəstəliklərinin profilaktikasında önəmli yeri qulaqların təsadüfi əşyalarla və ya pambıqlı zondlarla təmizlənməsinin qadağan olunması tutur. Tozlu, rütubətli işlərdə, yüksək təzyiqli qaz mühitində çalışan şəxslər xüsusi nəzarət altında olmalıdırlar. Bu şəxslərdə xarici qulaq dərisinin toz hissəcikləri ilə gündəlik mikrotravmaları, yüksək rütubət və təzyiqin təsiri ilə dərinin maserasiyası iltihabi prosesin əmələ gəlməsinə və davam etməsinə gətirib çıxarır. Xarici otitli xəstələrdə müalicədən sonra xarici qulaq keçəcəyindən kontrol yaxma götürülür, 3-4 ay qulağa su düşməkdən qorunmaq tövsiyə edilir, dispanser müşahidə 1 il ərzində aparılır.

Boğaz ağrılarının profilaktikasında gəldikdə, bol maye qəbulu, isti çay, bitki dəmləmələri məsləhət görülür. Boğazdakı bakterial və virus mənşəli infeksiyalara qarşı ilk növbədə ağız boşluğunun antiseptik təsirli preparatlarla qarqara edilməsi lazımdır. Bu tip qarqaralar virus və bakteriyaların selikli qişaya daxil olaraq yuxarı tənəffüs yollarında xəstəlik törətməsinin qarşısını alır. Bundan əlavə, iltihab əleyhinə və yerli anestetik təsir edir, ağız boşluğu və udlaqda qızartı və ağrını aradan qaldırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR