İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki “mahmudovçu” generala qarşı yarım milyonluq iddia qaldırıldı

 “Elite Travel” MMC-nin təsisçisi Xalıq Faiz oğlu Sadıxov Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə qarşı iddia qaldırıb. İqtisadiyyat.az yazır ki, Nəsimi Rayon Məhkəməsinə müraciət edən iş adamı vaxtilə ATM əməkdaşları tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. 

Musavat.com xəbər verir ki, Xalıq Sadıxov Elçin Quliyevlə Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən olub. Bakı Hərbi Məhkəməsində zərərçəkmiş qismində ifadə verərkən bildirib ki, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb: “Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham ediblər. Sonra şirkətin lisenziyasının ləğv edilməsi ilə hədələdilər və hər ay pul verməyimi tələb etdilər”.

Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb. Onun ifadəsinə görə, ikinci dəfə də hədə-qorxulara məruz qalıb: “Ayaz Garayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, elə bil, şirkət onlarındır”.

 Xalıq Saxıdovun iddiası hakim Nail Abbasovun icraatına verilib. Xalıq Sadıxov Elçin Quliyevlə Azər Mehdiyevdən müştərək qaydada tutulmaqla ona vurulmuş maddi və mənəvi ziyanın qarşılığı olaraq 500 min manat ödənilməsini tələb edir.

Qeyd edək ki, 2016-cı ildə Xalıq Sadıxov sahibi olduğu “Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı cəmiyyətin təsisçisi Xalıq Sadıxov, direktoru Fariz Sadıxov və baş mühasibi Sevda Nuriyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq mövqeyindən istifadə etməklə “Azər-Türk Bank” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında bankdan götürülmüş 575 min manat məbləğində pul vəsaitinin 320 min manatını qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb edildiyi halda belə razılıq olmadan “Elite Travel” MMC-nin adından bank kimi qanunsuz fəaliyyət göstərərək kredit şəklində ayrı-ayrı şəxslərə veriblər. Eyni zamanda həmin şəxslərdən əsas və faiz borcunun ödənişi adı ilə qəbul etdikləri 109 min 810 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrində, habelə Bakı şəhər sakininin qeyri-yaşayış sahəsini “Azər-Türk Bank” ASC-də ipoteka ilə yüklü edərək mülkiyyət hüquqları ilə bağlı vətəndaşın mənafeyinə mühüm zərər vurmalarında şübhəli biliniblər.

Ona görə də Xaliq Sadıxov və Fariz Sadıxova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Sevda Nuriyevaya isə 32.5, 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalıq Sadıxov və Fariz Sadıxovun hər biri 12 il, şirkətin mühasibi Sevda Nuriyeva isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Xalıq və Fariz Sadıxovların cəzasını 9 ilə endirib.

Yada salaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. 2023-cü il mayında Azər Mehdiyev əfv edilib. Elçin Quliyev isə hazırda həbsdədir.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR